vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
17:54 | 6 avqust 2019 | Çərşənbə axşamı Məqaləyə 2639 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD-in bomba emalatxanası ələ keçdi

Türkiyə kəşfiyyatı Suriyada uğurlu əməliyyata imza atdı

Fatih ÇƏKİRGƏ, “Hürriyet” (Türkiyə)

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyanın şimalında bir qəsəbədədirlər, saat 06.30-dur… Sabah açılır, lakin hələ yatmayıblar. Gözləmək bitmir, həyəcanlı və diqqətlidirlər. Gələn yuxunun ağırlığı göz qapaqlarını ağırlaşdırır. Küncdəki dükanın satıcısı qapını açırdı. Köhnə dəmir qapının səsi ətrafa yayılırdı. Yan tərəfdəki depoda isə hələ bir hərəkət yox idi. Görəsən, verilən kəşfiyyat məlumatı yanlış deyil? Yoxsa, bu, bir tələdir? Bəlkə də əməkdaşlıq etdikləri yerli qüvvələrdən terror təşkilatına məlumat sızmışdır. Əgər elədirsə…

İllərlə bu peşəyə könül vermiş, qəhrəmanlıq xəyalları qurmuş, yetişmiş, əməliyyatçı olmuş, kürdcə ləhcələri, ərəb və ingilis dillərini öyrənmişdi. Bir neçə ay idi ki, qonşu ölkənin dağlarında yaşayırdı. Demək olar ki, yerlilərdən biri olmuşdu. Ancaq indi karyerası risk altında idi. Əməliyyat günü gəlib çatmışdı. Türk Jandarma Xüsusi Əməliyyat Dəstəsinin üzvləri mülki geyimdə ətrafa yerləşmişdi. Yerli polis də orada idi. Rabitə vasitələri susmuşdu, elə vəziyyətdə gözləyirdilər…

Dağlarda keçirdiyi gecələr, yuxusuz halda etdiyi yürüşlər, qəsəbənin hücrə evlərində keçən təhlükəli saatlar gözünün önündə idi.

Ankara düz 4 dəfə kəşfiyyat məlumatını təsdiq etmişdi. Onun özü də təsdiqləmişdi. Düşünməkdən, sorğu-sual etməkdən beyni keyimişdi.

Əli belindəki silahına toxundu. Bir az güvən gəldi. Və o anda depo qapısının dəmir örtüyü qalxmağa başladı. Bir az sonra yaşıl rəngli köhnə mikroavtobus yaxınlaşdı. İçindən 4 adam endi. Əllərindəki böyük paketlərlə birlikdə depoya keçdilər. Gözlədikləri də bu idi. Göz qapaqlarındakı ağır yük qalxdı. Gözləri parladı. Əməliyyat üçün “kod” verildi. Və əməliyyat başladı…

…Bəli, dostlar, xəbər mövzusu olan bu hadisə Suriyanın şimalındakı Bab şəhərinin mərkəzində baş verdi. Basqın edilən yer Türkiyədə bombalama əməliyyatına hazırlaşan İŞİD-in bomba emalatxanası idi. Basqın edənlər isə MİT, Jandarma kəşfiyyatı və yerli polis idi.

Bundan bir gün sonra, 03 avqust 2019-cu il, saat 15.05-də “Anadolu” Agentliyi belə bir xəbər verdi: “Suriyanın şimalında yerləşən Bab şəhərinin mərkəzində İŞİD terror təşkilatının bomba emalatxanasının olması haqqında məlumat aldıqdan sonra Jandarmanın partlayıcı maddə mütəxəssislərinin nəzarəti altında qurumun kəşfiyyat birlikləri və MİT yerli təhlükəsizlik qüvvələri ilə birlikdə əməliyyat keçirdi. Əməliyyat zamanı Suriya və Türkiyədə bir çox bombalı əməliyyat keçirməyi planlaşdıran İŞİD-çi terrorçular, ölkəmizə gəlmədən və əməliyyat keçirmə fürsəti əldə etmədən, bomba təchizatı ilə birlikdə yaxalandılar.

Bomba emalatxanasında keçirilən yoxlama zamanı mobil telefon, simsiz rabitə vasitələri, mexaniki zaman qurğusu, kütləyə və sarsıntıya həssas, elektronik kartla partladılma xüsusiyyəti olan 80 ədəd əldəqayırma partlayıcı qurğu (ƏPQ) və bu qurğularda istifadə edilən təqribən 1 ton partlayıcı maddə ələ keçirildi”.

Bəli, 1 ton partlayıcı və qurğuları… Kim bilir, hansımızın ocağına od düşəcəkdi? Kim bilir, hansı ailə, hansı ana-ata qan ağlayacaqdı? Kim bilir, hansı turizm mərkəzinə gedəcəkdilər? Kim bilir, hansı sabahı qanlı hücumla birlikdə açacaqdıq? Və Türkiyə böyük bir yasla boğulacaqdı.

Dostlar, bu xəbər ötən gün agentliklərdən elə-belə keçib getdi. Kimimiz gördük, oxuyub keçdik. Kimimiz isə heç görmədik. Televiziyaların əyləncə xəbərləri arasında itib-batdı. Minlərlə xəbərin arasında quru, sadə bir əməliyyat olaraq yer aldı. Halbuki arxasında böyük fədakarlıq, diqqət, koordinasiya və qəhrəmanlıq vardı.

Baxın, onu bir az anlada bilmək üçün əməliyyat anlarını və qəhrəmanların ruh halını dramatikləşdirən bir giriş verdim.  Çünki adlarını heç bir zaman öyrənə bilməyəcəyimiz bu gizli qəhrəmanlar belə fədakarlıqlarla bizim həyatımızı xilas edirlər. İstədim ki, bu, bilinsin. Hər birinin alnından öpürəm.

MİT son zamanlarda xaricdə çox uğurlu əməliyyatlar keçirir. Jandarma və polis də çox önəmli əməliyyatlar həyata keçirir. Ancaq bu əməliyyatın başqa bir önəmi də var idi.

Bildiyiniz kimi, Türkiyə Suriyanın şimalında terrora qarşı təhlükəsizlik bölgəsi yaratmaq istəyir. Bununla bağlı ABŞ-la çox ciddi müzakirələr aparır. Hətta son olaraq Müdafiə naziri Hülusi Akar, komandanlarla birlikdə bir fotoşəkil yaydı və “Lazım olarsa, biz o təhlükəsizlik bölgəsini təkbaşına yaradarıq” dedi. Ardınca Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Türkiyənin bu baxışını çox aydın şəkildə açıqladı. Baxın, bu əməliyyat Türkiyənin təhlükəsizlik bölgəsi yaratmaqla bağlı nə qədər haqlı olduğunu göstərir.

Bu təhlükəsizlik bölgəsi yalnız Türkiyə üçün deyil, başda Avropa olmaqla, bütün dünya üçün önəmlidir. Elə bu səbəblə də soruşuram: əgər oralarda olmasaydıq, bu əməliyyatı keçirə bilərdikmi? Oralarda yerləşməsək, əlaqə nöqtələri qurmasaq, “Fərat qalxanı”, “Pəncə hərəkatı” kimi hərakatlar həyata keçirməsək, belə kəşfiyyat məlumatları əldə edə bilərdikmi? Təhlükəsizlik bölgəsi yaradılması tələbinin doğru olduğunu təsdiqləyən bundan daha ciddi dəlil nə ola bilərdi?

Əziz uşaqlar, aslanlar, qoçlar! Adlarınızı bilmirəm. Sizi tanımıram. Ancaq bu məmləkətin qəhrəman övladları olduğunuzu bilirəm.

Əgər bombalar partlayanda göz yaşı tökürsək, o halda, sizin kimi bunları əngəlləyən qəhrəmanları da alqışlamalıyıq. Təkrar-təkrar “Halal olsun!” deyirəm.