vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
RƏY, REPLİKA  
09:35 | 7 mart 2014 | Cümə Məqaləyə 2450 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rusiyanın müdaxiləsi Ukraynanı NATO üzvü edəcək»

Sülhəddin Əkbər: «Qurumun inkişaf tarixində belə nümunələr vardır»

Etibar SEYİDAĞA, musavat.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ikincinin dünyanın ən nəhəng hərbi bloku olan NATO üzvünə çevrilməsinə səbəb ola bilər. Belə ki, Ukraynanın NATO-ya daxil olması prosesinin yenidən başladılmasını nəzərdə tutan qanun layihəsi Ali Radada qeydiyyatdan keçib. «Batkivşina» Partiyasından olan deputatlar Boris Tarasyuk, Valentin Korolyuk və Aleksandr Çornovolenko müəlliflər qismində qanun layihəsində Ukraynanın milli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir neçə maddəyə əlavə və dəyişikliklər ediblər.

Qanun layihəsində milli təhlükəsizliklə bağlı 11-ci abzasın 6-cı maddəsində «Ukraynanın Avropanın siyasi, iqtisadi, hüquqi məkanına inteqrasiyası» cümləsindən sonra «və Şimali Atlantika təhlükəsizlik məkanına», həmçinin «Avropa Birliyinə üzvlük» cümləsindən sonra «və Şimali Atlantika müqaviləsinə» sözləri əlavə edilib. Ukrayna parlamentinin saytında bu barədə məlumat yerləşdirilib.

Bundan başqa, qanun layihəsində «Daxili və xarici siyasətin əsasları» haqqında Ukraynanın bloklara qoşulmama statusunu əks etdirən qanuna da dəyişiklik edilməsi təklif olunub.

Bəs Ukraynanın NATO üzvlüyünə qəbul olunmaq istəyi müsbət nəticə verə bilərmi?

Azərbaycan Avroatlantik Şurasının sədri Sülhəddin Əkbər bildirdi ki, Ukraynada Avropa Birliyi, NATO, ABŞ-ın Rusiya ilə qarşıdurması həlledici mərhələyə çatıb. Tərəflərdən hansının üstünlük əldə etməsi bundan sonra postsovet məkanında geopolitik proseslərin həm istiqamətinə, həm də sürətinə ciddi təsir göstərəcək. Ukrayna məsələsi Vladimir Putinin Avrasiya İttifaqı layihəsinin taleyi üçün həyati əhəmiyyət daşıyır. Ona görə də bu qarşıdurmanın şiddətli olması gözlənilən idi. Qərbin, NATO-nun, Avropa Birliyinin Ukraynanı öz çətiri altına alması isə kompleksdir, mərhələli həyata keçirilir: «Hələlik ABŞ bu yardımı belə klassifikasiya elədi ki, ilk mərhələdə Rusiyanın diplomatik, iqtisadi və beynəlxalq izolyasiyası həyata keçirilir. Bunun ikinci ayağı da Ukraynaya həm siyasi-diplomatik, həm iqtisadi, həm də hərbi, hərbi-texniki yardım olacaq. İndi Ukrayna ilə ABŞ, Avropa Birliyi arasında çox intensiv danışıqlar gedir. Eyni zamanda Ukraynanın NATO-ya üzvlüyü məsələsi də gündəmə gətirilib. Məsələni Ukrayna Ali Radasında keçmiş xarici işlər naziri Boris Tarasyuk gündəmə gətirib. Məqsəd Ukraynaya NATO zirehini geyindirməkdir. Bunun reallaşması başlanacaq danışıqlardan asılıdır».

S.Əkbərin sözlərinə görə, hazırkı vəziyyətdə də Ukraynanın NATO üzvlüyünə qəbul edilməsi mümkün ola bilər. Çünki NATO-nun inkişaf tarixində belə nümunələr vardır: «Yunanıstanla Türkiyənin arasında hərbi münaqişə potensialı gücləndiyi zaman, həm də Türkiyə və Yunanıstana Sovet Rusiyasının təzyiqi gücləndiyi zaman Türkiyə ilə Yunanıstanın NATO-ya üzvlüyə qəbulu həyata keçirilib. Yəni belə bir presedent var. Ola bilsin ki, Ukraynanın da NATO-ya sürətli üzvlüyə qəbulu məsələsi gündəmə gəlsin və Rusiyanın Ukraynaya müdaxiləsi Ukraynanın NATO ölkəsi olmasına gətirib çıxarsın. Hələlik bu məsələ Ukrayna tərəfindən gündəmə gətirilib. Qarşı tərəfin buna müsbət cavab verəcəyi istisna deyil».

Ekspert sonda vurğuladı ki, normal tərəfdən yanaşsaq, Ukrayna bu gün NATO üzvlüyünə hazır deyil, bir sıra tələblər var ki, onlar həyata keçməyib: «Ukrayna ilə NATO arasında quruma üzvlüyə hazırlıq haqqında razılaşma planı hələ qəbul olunmayıb. NATO Ukraynaya üzvlüyə hazırlıq planı verəcəksə, bu, o deməkdir ki, artıq NATO bu dövləti öz təhlükəsizlik çətiri altına götürür və bu proses çox sürətli aparıla bilər».