vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 oktyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REPORTYOR  
13:13 | 3 dekabr 2016 | Şənbə Məqaləyə 1674 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«15 gündür bir stul da satmamışam...»

Mebel mağazalarında alıcı gözə dəymir

Gülnar ƏLİYEVA, Foto: Samirə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Manatın dəyərdən düşməsi, bankların manatla kreditləşməni kəskin məhdudlaşdırması bir çox sahələrdə olduğu kimi mebel bazarında da durğunluq yaradıb.

Virtualaz.org qeyd edir ki, ilin əvvəlindən Bakının bəzi brend mebel salonları fəaliyyətini dayandırıb, kasıb və orta təbəqə üçün mebel satan mağazalarda isə müştərilər kəskin azalıb. Məhərrəm ayı ilə bağlı toyların dayanması isə son iki ayda mebel salonlarında müştərilərin əməlli-başlı qəhətə çıxmasına gətirib çıxarıb.

İnşaatçılar metrosunun yaxınlığında yerləşən mebel salonlarında da vəziyyət belədir. Təxminən iki saata yaxın bu mebel salonlarına baş çəkib alverlə maraqlansaq da, müştəri heç bizim də gözümüzə dəymədi.  Bu müddət ərzində mebel salonuna girən cəmi 1-2 müştəri gördük ki, onlar da qiymətlə maraqlanıb getdilər, heç nə almadılar...

 

«Nə yerli mebeli alan var, nə də xarici…»

 

Həsən bəy Zərdabi küçəsində,  «Qələbə» dairəsinin yaxınlığında mebel salonlarından birində administrator işləyən Sabir Əliyevin sözlərinə görə, 15 gündür ki, bir stul belə satmayıblar. Gələn müştərilər isə ancaq ucuz mal almağa çalışır: «Devalvasiyaya, dolların bahalaşmasına baxmayaraq son aylarda qiymətlərdə heç bir artım olmayıb, ancaq buna baxmayaraq alıcı azdır. Əvvəllər həftədə azı 2-3 alıcımız olurdusa, indi həftələrlə mal sata bilmirik. Məsələn, mağazamızda 15 gündür ki, bir stul belə satılmayıb, hər gün gəlib axşama kimi əliboş, cibi boş oturub qayıdırıq. İndiyə qədər alıcılıq qabiliyyəti yüksək idi, camaat heç yerli mebeli bəyənib almırdı. Çoxu Türkiyə istehsalı olan mebelləri tələb edirdilər. Amma indi nə yerli, nə də xarici mebeli alan yoxdur, satış dayanıb», - deyə S. Əliyev bildirir.

Satışın dayanmasına həm də Məhərrəm ayı təsir edib. Satıcılar bildirirlər ki, əksər alıcılar evlənən, cehiz üçün mebel axtaranlar olduğundan son 1-2 ayda demək olar ki, mebelə yaxın düşən yoxdur. Əvvəllər 3-4 min manata Türkiyə istehsalı olan mebellərin müştəriləri çox olurdu, indi gələnlər 2 min manatdan ucuz mebel axtarır.

 

«Dollar bahalaşmasaydı, iki ilə mən də kişi olacaqdım…»

 

Digər həmsöhbətimiz isə 30 ildir Bakıda mebel satışı ilə məşğul olan, şəhərin müxtəlif yerlərində mağazaları olan məşhur mebel salonları şəbəkəsinin sahibidir. O, həm öz adının, həm salonlarının adının reportajda çəkilməsinə razı olmur, deyir ki, adı çəkilsə gərək danışmasın.

«Aylardır ki, ziyanla işləyirik. Gətirdiyimiz mebelin üstünə nəinki pul qoymuruq, məcbur olub mayasından aşağı təklif edirik. Ancaq yenə də mebel alan yoxdur»-dərdli sahibkar danışır.

Sahibkar alıcı üzünə həsrət qalmış mebel salonunda yarıqaranlıqda oturmuşdu. Məlum olur ki, salonun elektrik enerjisinə görə borcu var və qənaət etmək üçün işıqları söndürüblər. Ondan xahiş edirik ki, mebel bazarındakı mövcud durum haqda bir az da danışsın. Sahibkar sualımıza sualla cavab verir:

- Hal-hazırda cibinizdə nə qədər pulunuz var?

- Üst-üstə 15 manatdan çox olmaz,-mən sualdan bir az özümü itirib cavab verirəm.

«Bax indi mən vəziyyətimdən danışsam, yazığınız gələcək, dədəmin goru haqqı, o pulu da mənə verib çıxıb gedəcəksiniz…» - sahibkar deyir.

Mağaza sahibinin sözlərinə görə, mağazanın vergi ilə bağlı problemi yaranıb və iş məhkəməyə verilib. Biznesmen deyir ki, əslində yoxlamaları dayandıraraq onlar üçün əlverişli şərait yaratsalar da, bir çox hallarda məmurlar qanunları pozurlar. Məsələn, əvvəllər yoxlamaya gələnlər bu gün də gəlir, amma indi «dost kimi» gəldiklərini deyib «dost haqqı» istəyirlər.

 

«Təkcə dünən 10 min ziyan eləmişəm»

 

«İşçilər də şahiddir ki, təkcə dünən 10 min manat ziyan eləmişəm. Artıq neçə aydır bu gündəyəm. Gün-gündən vəziyyət daha da pisləşir. Kimin dolları var, qoyur evinə ki, yavaş-yavaş qalxdıqca dəyişsin, alıcı yoxdur. Gördüyünüz kimi, böyük mağazadır, buranın təkcə elektrik enerjisinə görə 600 manat pul ödəyirəm. İndi ödəməmişəm, kəsiblər işığı. Bilmirəm axırımız necə olacaq. Dollar 78 qəpik olsaydı, iki ilə mən də kişi olacaqdım. Amma bundan sonra çətin…»

Sahibkarın sözlərinə görə, əvvəl 5 min dollara satdığı mebel ona 4 min dollara başa gəlirdi. İndi isə mayası 5 min dollar olan mebel dəsti 5 min manata satışa çıxarılıb. O da zirzəmidə qalandır, yeni mebel vurulsa, onun təkcə mayası 7-8 min manat edər.

Digər salonlarda da satıcılar anad-aman edirlər ki, əvvəl 7-8 min manata satılan mebeli indi 3 min manata satışa çıxarıblar. Amma heç yaxınlaşan yoxdur. Həm də, mebeli satmaq üçün təzəsini gətirmək lazımdır. Təzəsini gətirmək üçünsə, köhnəsini satıb pulunu yığmalısan. Müştəri də 2-3 dəfə gəlib eyni mebeli görürsə, başa düşür ki, köhnə mebeldir, bir də gəlmir. Bu səbəbdən də satıb pulunu yığmayan sahibkarlar xaricə gedib mebel gətirə bilmirlər.

 

Kreditlə satış kəskin azalıb

 

Mağazaların əksəriyyətində kreditlə deyil, yalnız nağd satış etdiklərini dedilər. Yalnız bir mağazada kreditlə mebel satıldığını bildirdilər ki, orada da kredit bütün mebellərə aid deyil.

«Bizdə tez-tez endirim kampaniyaları olur. Ən çox alıcılarımız da elə bu kampaniyalar vaxtı olur. Hamı ucuz mebel istəyir. Alıcıların əksəriyyəti 2 min manatdan aşağı olan mebel dəstinə üstünlük verirlər. Biz həm də mebelləri bank yolu ilə kreditlə veririk. Bu müştərinin istədiyi müddətə qədər uzadıla bilər. Ən çox satılan mebel dəstimiz isə «Kral» yataq dəstidir. Əvvəllər cehiz alarkən müştərilər «qorka», «kamod» və digər dəstlər də alırdılar. Amma indi çoxu ancaq yataq dəsti ilə kifayətlənir», - deyə satıcı bildirir.

Satıcıların sözlərinə görə, mebel bazarlarında ən çox satılan mebel yataq dəstləri «Röyal» – 2400 manat, «İnci» - 1300 manat, «Kral» - 2000 manat, «Elmas»  -2300 manat yataq dəstləridir.

Yumşaq mebelin qiyməti isə 400-500 manatdan başlanır. Mağazalarda uşaq mebelinin də qiyməti firmasından asılı olaraq təxminən 800-2000 manat arasında dəyişir.

 

Alıcı daha da ucuz axtarır

 

Satıcılar alıcı qıtlığından və alverin getməməsindən şikayətlənirdilərsə, müştərilər də daş atıb başlarını tuturlar ki, ciblərinə uyğun mebel tapa bilmirlər. Alıcı Tahirə Fətəliyeva 6 ay əvvəl böyük qızına toy edib. İndi kiçik qızına cehiz almaq üçün salonları gəzən xanım büdcəsinə münasib mebel tapa bilmir, daha ucuz mal axtarır.

«Düzü qiymətlərdə ilin əvvəli ilə müqayisədə elə bir dəyişiklik olmayıb. May ayında qonaq və yataq dəstinə birlikdə 3500 manat xərcimiz çıxıb.  Qiymət elə əvvəlki kimidir, amma indi  o qədər pulu tapa bilmirəm. Onsuz da Türkiyə adı ilə bizə sırınan mebellərin əksəriyyəti yerli mebeldir. Onun da yerini bir dəfə dəyişsən qapıları qırılıb qalır əlində. Satış yoxdur, heç olmasa, bir az ucuz satsaydılar camaat ala bilərdi», - deyə alıcı bildirir.

 

«Saloğlu» şirkəti : «Satış azalmışdı, indi normallaşır»

 

Qeyd edək ki, Azərbaycan bazarında son illər yerli istehsal olan mebellərin çəkisi artıb. Ölkədə geniş satış şəbəkəsi olan yerli mebel fabrikləri ilə əlaqə saxlayıb vəziyyətləri ilə maraqlanmağa çalışdıq. «Embawood» mebeldən zənglərimizə cavab ala bilmədik. «Saloğlu» şirkətinin meneceri Ceyhun Məmmədov isə, bildirdi ki, mebel hissələri Türkiyədən də gətirilsə də, qiymətlərdə artım yoxdur: «Biz qiymətləri qaldırmamışıq, əksinə endirim kampaniyalarımız var. Satışımızda da azalma yoxdur, elə əvvəlki kimidir. Məhərrəmlik ayında satış bir az aşağı idi, indi normallaşıb».

Bəs Azərbaycanda mebel alanların azaldığı bir vaxtda mebel fabrikləri xarici bazarlara çıxa, ixracla məşğul ola bilərmi?

 

«Mebel satışında böhran hələ 2-3 il davam edəcək»

 

İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, hələ yerli mebelin xaricə ixracı haqqında danışmaq çox tezdir: «Böhran dövründə mebel sənayesinin imkanları məhdudlaşır. Çünki ailələrin çoxu ailə büdcələrini zəruri qida məhsullarının alınmasına yönəldir. Bu təbii prosesdir və yəqin ki, yaxın 2-3 il ərzində davam edəcək. Təəssüf ki, Azərbaycanda istehsal edilən mebellər xarici rəqabətə davamlı deyil və xarici analoqlarından asanlıqla uduzurlar. Azərbaycanda istehsal edilən mebellərin xaricə ixracı haqqında danışmaq çox tezdir».

Ekspert hesab edir ki, Azərbaycanda bu böhranını aradan qaldırmaq üçün mebel istehsalçıları çalışmalıdırlar ki, daha ucuz qiymətə və aztəminatlı təbəqəyə hesablanan mebellər istehsal etsinlər. Çünki bahalı mebelin bazarı yaxın perspektivdə işlək olmayacaq.

Qeyd edək ki, mebel bazarı dünyada ən vacib gəlirli sahələrdən biridir. Araşdırmalara görə, bu bazarda il ərzində dövriyyədə olan pulun miqdarı 376 milyard dollardır. 2009-cu ildə qlobal maliyyə böhranı ilə bağlı beynəlxalq mebel ticarətinin həcmi 20 faiz azalıb. Ancaq 2010-cu ildən başlayaraq, mebel satışı yenidən dirçəlməyə başlayıb. Son illərdə dünyada mebel ticarətinin artım sürəti il ərzində 7 faizdən yuxarıdır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *