vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
RƏY, REPLİKA  
12:42 | 7 mart 2018 | Çərşənbə Məqaləyə 5175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Son 5 gün

Mətbuat Şurası prezident seçkisi ilə bağlı araşdırma aparacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə bağlı bir sıra prosedurlar bu gün başa çatır. Prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, martın 7-dək məntəqə seçki komissiyaları tərəfindən seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmələrin aparılması prosesi başa çatmalıdır.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsi proseduru da martın 7-dək başa çatır.

Martın 6-da isə MSK-nın növbəti iclası keçirilib. İclasda seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılıb. Məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. A. Muxtarova bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən seçicilərin sayının 3 faizindən artıq olmamaq şərti ilə seçki bülleteni hazırlanmalıdır.

Aprelin 11-nə təyin edilmiş prezident seçkisi ilə əlaqədar 5 milyon 347 min 804 ədəd seçki bülleteni hazırlanacaq. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. MSK-nın iclasında həmçinin YAP-ın Mərkəzi Seçki Komissiyasındakı məşvərətçi səs hüquqlu üzvü təsdiqlənib. Deputat Aydın Mirzəzadə YAP-ın MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqlənib. İclasda bəzi dairə seçki komissiyalarının tərkibində də dəyişiklik edilib. Həmçinin MSK sədri Məzahir Pənahov prezident seçkisi ilə bağlı Müstəqil Media Mərkəzi yaradıldığını açıqlayıb. O bildirib ki, Media Mərkəzində hazırlıq işləri başa çatıb və bu gün (dünən-red.) açılışı olacaq. Onun sözlərinə görə, istənilən maraqlı tərəf, prezidentliyə namizəd, onun səlahiyyətli nümayəndəsi media mərkəzində mətbuat konfransları keçirə və mərkəzin digər imkanlarından yararlana bilər.

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə Sechki-2018.az-a seçki prosesinin mediada işıqlandırılması ilə bağlı açıqlama verib: «Növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycan mediasında vaxtaşırı materiallar gedir. Hazırda namizədlərin irəli sürülməsi, qeydiyyatı və onların imzatoplaması kampaniyası ilə bağlı birinci mərhələ həyata keçirilir. Bununla əlaqədar Azərbaycan mediasında xeyli sayda materiallar dərc olunur. Prezidentliyə namizədlərə fərq qoymadan Mərkəzi Seçki Komissiyasının məlumatları demək olar ki, mütəmadi yayımlanır. Martın 19-dan sonra isə təbliğat-təşviqat kampaniyasına start veriləcək. Bu müddətdə Azərbaycan Mətbuat Şurası həm elektron, həm yazılı, həm də digər kütləvi informasiya vasitələrində monitorinq aparacaq. Seçkilərin necə işıqlandırılması, namizədlərə nə qədər vaxtın ayrılması, namizədlərə münasibətin necə olması ilə bağlı məsələlər araşdırılacaq».

Ə.Amaşov qeyd edib ki, medianın seçkilərə münasibəti həmin monitorinqdə öz əksini tapacaq: «Apardığımız müşahidələr onu göstərir ki, Azərbaycan mediasında namizədlərlə bağlı verilən materiallarda, seçki proseslərində ciddi anlaşılmazlıq, problemlər yoxdur. Ən əsas mərhələ martın 19-dan sonra başlayacaq. Həmin müddət Mətbuat Şurasının diqqətindən yayınmayacaq».

Növbədənkənar prezident seçkisinin ödənişli təşviqatına qoşulan media qurumlarının sayı isə artıb. MSK-dan verilən xəbərə görə, «Xalq qəzeti» və aktual.az saytı Mərkəzi Seçki Komissiyasına bildiriş göndəriblər. Daha əvvəl İctimai Televiziya və Radio Yayımları Şirkəti, «Cümhuriyyət», «Olaylar», «Səs», «Palitra» qəzetləri, «Səs», «Olaylar» informasiya agentlikləri, report.az, moderator.az, cəbhə.info, avropa.info saytları bildiriş göndəriblər.

Qaydaya görə, ödənişli təşviqata qoşulmaq istəyən media qurumları MSK-ya bildirişlər göndərməli, ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Ödənişsiz təşviqat isə İctimai Televiziya və Radio Yayımları Şirkətində, «Azərbaycan», «Bakinski raboçi» qəzetlərində və «Xalq qəzeti»ndə aparılacaq.

Namizədliyin qeydə alınması üçün lazım olan imzaların toplanıb MSK-ya təqdim olunması üçün ayrılan vaxt isə 12 mart saat 18.00-da başa çatacaq. Artıq iddiaçıların əksəriyyəti imzatoplama kampaniyasını yekunlaşdırıb.

«Cəbhəçilər» təşəbbüs qrupunun namizədi Razi Nurullayev bildirib ki, lazım olan sayda imzalar toplanıb və MSK-ya təqdim olunub: «İnşallah, qeydə alınma zamanı problem yaratmazlar. Namizədliyimiz rəsmi təqdim olunandan sonra geniş açıqlama ilə çıxış edəcəyik».

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) tərəfindən namizədliyi irəli sürülən Fuad Əliyevin namizədliyinin müdafiəsi üçün də imzatoplama kampaniyası başa çatıb. Bu barədə ALDP mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, 69 dairədə imzatoplama aksiyası keçirilib. ALDP Mərkəzi Seçki Qərargahı toplanan imzalarla bağlı bir daha dəqiqləşdirmələr aparıldıqdan sonra MSK-ya təqdim ediləcək.

Etibar SEYİDAĞA