vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ŞƏXSİYYƏT  
12:00 | 14 iyun 2019 | Cümə Məqaləyə 3541 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən bixəbər oldum bu cahandan...”

Abbasqulu ağa Bakıxanovun 225 illiyi qeyd edildi

Lalə AZƏRİ

Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan şair, tarixçi alim, tərcüməçi, mütəfəkkir Abbasqulu ağa Bakıxanovun (1794-1847) zəngin irsi, tarixi tədqiqatları üzə çıxdıqca ölkəmiz və xalqımız qarşısında necə mühüm xidmətlərə malik olduğu bir daha aydınlaşır. Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi tanınan Bakıxanov elmin, mədəniyyətin müxtəlif sahələrinə aid zəngin irs yaradıb.

2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə A.Bakıxanovun 220 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, Azərbaycanın elmi, ədəbiyyat və mədəniyyəti qarşısındakı xidmətləri bir daha xatırlanıb. 

Bu il görkəmli mütəfəkkirin anadan olmasının 225 illiyi qeyd edilir. İyunun 10-da AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində A.Bakıxanovun yubileyinə həsr edilmiş tədbir keçirildi.

Bakıxanovlar şəcərəsinin tədqiqatçısı Xəyalə Əyriçalmalı A.Bakıxanovun həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış etdi. Hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin “Bakıxanov qardaşlarının hərbi fəaliyyəti”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İslam Qəriblinin “Bakıxanovun ədəbi irsi” mövzusunda məruzələri dinlənildi. Qeyd olundu ki, Azərbaycanın böyük maarifpərvər ziyalılarından, tarixçilərindən olan A.Bakıxanov mükəmməl təhsil görmüşdü. Fars, ərəb və rus dillərində sərbəst danışırdı. Bununla yanaşı, Qərb və Şərq ədəbiyyatı haqqında da məlumatlı idi. O, 26 yaşından rus ordusunda xidmət etməyə başlayıb, eyni zamanda tərcümə işləri ilə məşğul olub. Bakıxanovun “Gülüstani-İrəm” əsərində ilk dəfə Azərbaycan tarixi sistemli şəkildə qələmə alınıb. Əsərdə monqol işğallarından ərəb əsarətinə qədərki dövr, habelə bundan sonra baş verən siyasi-tarixi proseslər yer alıb.

Tədbirin ikinci hissəsində tədqiqatçı X.Əyriçalmalı “Bakıxanovlar şəcərəsi və bu nəslin Bakı kəndlərində və digər şəhərlərdə məskunlaşan qolları” adlı tədqiqatı barədə söz açdı. Bildirdi ki, Bakıxanovlar soyunun nümayəndələri hazırda Bakı kəndləri və Quba bölgəsi ilə yanaşı, İranın Tus və Ərdəbil şəhərlərində, eləcə də Tiflisdə yaşayırlar.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazil, Azərbaycanın yeni tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov tədqiqat işini yüksək dəyərləndirdilər.

Bakıxanovlar nəslinin nümayəndəsi, görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanov tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. Vurğuladı ki, 225 illik yubileyi qeyd edilən A.Bakıxanovun fəaliyyəti bu gün də aktual və diqqət mərkəzindədir.

Tədbirdə Şahin Fazilin Bakıxanov şeriyyətinə yazdığı təxmislər, Azərbaycan Dövlət Akademik Filarmoniyası solistlərinin ifasında A.Bakıxanovun sözlərinə bəstələnmiş musiqilər səsləndirildi, qəzəllər qiraət olundu.