Şeirləri dua kimi oxunan şair
“Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm”
Aynurə ƏLİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çəkələk ...
Məzarıma nə daş qoyun, nə heykəl, bir cüt ayaqqabı qoyun ayağıyalın geyib getsin
-
Vaqif Səmədoğlunun İngiliscə «mahnı»sı
«Onun sözləri yalnız Azərbaycana deyil, bütün dünyaya ünvanlanıb»
-
«Halım özümdə deyil»
Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılır
-
Səmədoğlunun səhhəti ağırlaşıb
Şair İsrailə getməyi lazım bilmir
-
«Ədəbiyyat araq zavodu deyil»
«Mənim şeirlərim «Torqovı» əhlinin genetik yuxularıdır»
-
«Ümid Allahadır»
«İki-üç günə yenidən İsrailə gedəcəyik»
-
«O şairlərin heç biri yox idi»
-
«Şair Peyğəmbərdən nə soruşa bilər?»
Giliz kimi gəzərgi silsiləsi...
Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu müasir Azərbaycan ədəbiyyatının görkəmli söz ustadlarındandır. Onun yaradıcılığı poeziyamızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. O, ilk şeirlərindən ədəbiyyatımıza əyalətçilik çəpərlərini aşaraq gəldi. Əyalətçilik yalnız coğrafi anlayış deyil, əyalətçilik zamanın ucqarında qalmaq, dövrün nəbzini duymamaqdır...
Ən uzaq əyalət insanın öz içindədir: planetin ən böyük şəhərlərində yaşayıb mahiyyət etibarılə əyalət adamı ola bilərsən. Vaqif Səmədoğlu dünyanın küll halında hər üzünə - şəhərinə, kəndinə, keçmişinə, indisinə, gələcəyinə, ağrısına, acısına, sevincinə, bir sözlə, hər sirrinə vaqif olan sənətkardır.
Onun poeziya aləmini vərəqlədikcə görürsən ki, “mən qaranlıq deyiləm” söyləyən şairin yaşadığı dünya işıqlı, təmiz və zəngindir. Burada əsl sevginin, həqiqi gözəlliyin nə olduğunu daha düzgün anlayırsan. Onu da anlayırsan ki, şeir tənqid, tərif, tərənnüm, təbliğat vasitəsi deyilmiş. Şeir mənəvi saflığın, gözəlliyin bir üzü imiş. Tənhalıq, sükut, yaddaş, ölüm, ayrılıq haqqında yeni söz eşidirsən.
Ömrün illəri...
Vaqif Səməd Vurğun oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakıda anadan olmuşdur. Bülbül adına Musiqi məktəbində, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Eyni zamanda kino sahəsi ilə bağlı olmuşdur. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri (1982-1985) işləmişdir.
“Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında işıq üzü görmüşdür. Bundan sonra dövri mətbuatda vaxtaşırı əsərləri çap olunmuşdur. V.Səmədoğlu 1999-cu ildə Xalq şairi adına layiq görülmüş, 2000-2010-cu illərdə Milli Məclisin deputatı olmuş, “Şöhrət” (2004), “Şərəf” (2009), “İstiqlal” (2014) ordenləri ilə təltif edilmişdir. Bənzərsiz əsərləri ilə Azərbaycan ədəbiyyatında silinməz iz qoyan şair 2015-ci il yanvarın 28-də vəfat etmişdir.
Yaşamağa çağıran poeziya
Poeziya duadan başlayır. Başqa sayaq da demək olar, poeziya sənət növü kimi, bədii söz kimi dua şəklində meydana gəlmişdir. Buna Tövrat, İncil, Quran mətnləri də misaldır, şaman ayinləri də...
Allaha inanan gecəmdir yenə,
Şeir oxuyuram dua yerinə.
Poeziya şairin Allahla söhbətidir. Qəribə dialoqdur bu. Şair müraciət edir:
Allah, bir az da möhlət ver,
Öldürmə, sağ saxla yenə.
Beş-on yazılmamış şeirim,
Beş-on duam qalıb sənə...
V.Səmədoğlu şeirinin başlıca leytmotivi insan ömrünün sonsuzluğudur. Bu sonsuz ömrün qar-boranı, sazağı, od-alovu var:
Səndən yenə qar yağır.
Yenə sazaq dolu sinəndən
Şaxtalı sözlər, qırovlu ahlar,
Buz bağlamış gülüşlər çıxır.
Ölüm qat-qat istidir səndən.
V.Səmədoğlu Azərbaycan poeziyasında ölüm haqqında ən çox yazan şairdir. Ölümlə ömür bir yolun mənzilləridir, ömür doğulandan ölüm onu bəsləyir, özü üçün saxlayır. Ömürsə yırğalanır ölümün beşiyində... Ölüm ömrün məşəqqətlərindən keçməsini dözümlə izləyir, ən sədaqətli sevgili kimi onun vüsalını gözləyir. Ölüm yetim kimi durub qapı dalında...
Şair ölümün əbədi həqiqət olduğunu bildiyi üçün insanı ona hazırlayır, ondan qorxmamağa alışdırır. Yəni insanı ömrə dözməyə çağırır.
Təsvir obyektinə yeni fəlsəfi münasibət, az sözlə geniş təəssürat yaratmaq, dərin fikir söyləmək onun poeziyasının fərqli, əvəzsiz cəhətlərindəndir. Şairin düşüncə tərzi də, deyim tərzi də yenidir, orijinaldır. Çünki V.Səmədoğlunun poeziyası başdan-ayağa fəlsəfi ahəng üstündə köklənib. Bu, həyatın fəlsəfəsi, düşüncələrin poeziya şəklində ifadəsidir.
V.Səmədoğlu sənətinin böyüklüyü onun bənzərsizliyindədir. Heç kəsin demədiyini gözlənilməz, ağlagəlməz şəkildə deməsindədir. Onun hikməti bənzətmələrində üzə çıxır. Hər bənzətmənin arxasında fəlsəfi obraz düşünülür. Bənzətmələr təşbeh səviyyəsinə qədər ucalır. Məsələn, “Göz yaşı dənizindən tutulan balıq tarix dadı verir”; “İsti çörək təki dadlı, yayda səslənən muğam kimi tənbəlsən”; “Kənddə qapı ağzında oturub keçmişə baxan qarıya bənzəyir göy üzü bu gün”; “Qafiyəmdi uşaq təbəssümü...”
Gülüşə bürünən kədər...
Onun şeirləri ümumiləşdirmələrlə, hikmətli ifadələrlə, müdrik kəlamlarla da zəngindir. Hansı janrda yazırsa yazsın – şeir, pyes, kinossenari, pritça, mahnı mətni – böyük istedadı görünür. O, milli dramaturgiyamızı dolğun məzmunlu əsərləri ilə zənginləşdirərək yeni mərhələyə yüksəlməsində mühüm rol oynamışdır.
Şairin yaradıcılığı milli mənbələrlə sıx bağlı olduğu üçün çox qüvvətli və zəngindir. Pyesləri tutarlı sözlər və məsəllərlə doludur. Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən sənətkarın özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur. Azərbaycan teatrlarında səhnə təcəssümü tapmış “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” tragikomediyaları və “Yaşıl eynəkli adam” trilogiyası, “Yumurta” kimi televiziya tamaşaları geniş izləyici rəğbəti qazanmışdır. Şairin əsərlərində bütün gülüşlərin arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır. Onun pyeslərində diqqəti çəkən həm də personajların dilidir. Hər kəs öz dilində danışır. İstər ləhcə, şivə, istərsə də daxili nitq, məntiqi fikir.
V.Səmədoğlu milli-bədii təfəkkürə, qlobal dünyagörüşünə əsaslanan fundamental ədəbi ənənə yaratmışdır. Onun əsərlərinin ideya-fəlsəfi dərinliyi imkan verir ki, gələcək ədəbi nəsillər bu irsdən dəyərli mənbə kimi örnək götürsünlər.
80-ci illərin sonlarında şair xalqımızın sosial-siyasi sarsıntılar içərisindəki əhval-ruhiyyəsini dəqiq ifadə edərək dünyada tənha olduğunu elan etmiş və “milli tənhalıq” anlayışını işlətmişdir:
Haraya hay verməyib
Dünya keçir kar kimi.
Bir kor dəyir divara
Bizim dualar kimi...
Novator şair
İnsanilik, müdriklik, qətiyyət V.Səmədoğlu şəxsiyyətini səciyyələndirən əsas amillərdir. Sənətkar hadisələrə təmkinli, ayıq, fərqli baxışı ilə seçilmişdir. Bir insan kimi həddən artıq təvazökar olan şairin incə yumoru, yüksək intellektual səviyyəsi, sadəliyi onunla həmsöhbət olanları məftun edirdi.
V.Səmədoğlu Azərbaycan şeirinin novatorlarındandır. Onun bütün poeziyası özünü, öz daxilini anlamaq, onun dərinliklərinə daxil olmaq ehtirasıdır. Eyni zamanda bu şeirlər həyatın, cəmiyyətin, insan psixologiyasının fəlsəfi təhlilidir. Onun şeirlərinin adı yoxdur. Şeirlərinin sonunda isə adətən üç nöqtə qoyulur. Məzmun etibarilə bu şeirlərdə Şərq şairlərindən gələn fəlsəfi dərinlik var.
Ədəbi tənqidin həmişə fikir poeziyası kimi yüksək dəyərləndirdiyi V.Səmədoğlu lirikası bəşəriliklə milliliyi özündə birləşdirməklə mənalı yaşamağa çalışması və düşünməyə sövqetməsi sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Müasir dövrlə ahəngdar surətdə sıx bağlanan sənətkar ənənə ilə novatorluğun vəhdətində, sərbəst şeirin də imkanlarından istifadə edərək müasir insanların psixologiyasının dolğun və əhatəli təsvirinə nail olmuşdur.
V.Səmədoğlu teatr və kino üçün yüksək keyfiyyətlərə malik silsilə əsərlərin müəllifi idi. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirmişdi.
Azadlıq, müstəqillik haqqında nə qədər şeirlər yazılıb. Amma o, şeirlərində heç vaxt azadlıq, müstəqillik deyib səsini qaldırmadı. Azadlıq haqqında, müstəqillik haqqında yandırıcı bir kövrəkliklə, olduqca həzin bir duyğu ilə söz açdı:
Sən mənim
Doğma anamsan, Azadlıq.
Mən sənin
Yad qapısında böyümüş balan...
Sən son ümidimin qaldırdığı
Ağ bayraqsan, Azadlıq.
Mən səni
Yelləndirən külək...
Şeirləri bir çox dillərə tərcümə olunan, misralarından biri – “Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm” – Amerika Birləşmiş Ştatlarında plakatlara yazılan şairimizi biz özümüz də çox dərindən oxumalıyıq...