“Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör”
Şah İsmayılın bir beytinin izi ilə...
Şah İsmayıl Xətainin nə qədər böyük düha, şəxsiyyət olduğunu anlamaq üçün onunla bağlı əksər hallarda təhrif olunmuş, rəqiblərinin, düşmənlərinin səlnaməçiləri tərəfindən yazılmış söz yığınlarına nəzər salmaq lazım deyil. Xətainin milli kimliyi, düşüncəsi, daxili aləmi, şəxsiyyətinin portret cizgiləri onun poeziyasındadır! Təəssüf edirəm ki, bu istiqamətdə araşdırmalarımız çox azdır…
Xətai haqqında illər öncə ayaq açan iddialara 2016-2017-ci illərdə bir neçə
yazı ilə cavab vermişəm. Mövzuya yenidən qayıtmaq istəmirəm. Amma Azərbaycan cəmiyyətində
Şah İsmayıla məzhəbçilik çərçivəsindən baxış formalaşdırmaq istəyənlərə, onun
sadəcə bir beytinin yozumu ilə cavab vermək istəyirəm. Oxuyun və görəcəksiniz
ki, Xətainin bu kiçik təhlildə nümunə gətirdiyim beyti ona çamur atanların cəmindən
dəfələrlə böyükdür.
Beləliklə, Şah İsmayıl Xətai yazır:
Lövhi-məhfuzin Xətayi əbcədin qıldı bəyan,
Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör.
“Lövhi-məhfuz” sözü ərəb dilindən tərcümədə “qorunan lövhə” anlamına gəlir. Qurani-Kərimdə bu ad bir neçə ayədə işlədilib. Məsələn: “O, şanlı-şərəfli Qurandır. O, lövhi-məhfuzdadır” (Büruc, 21-22). Xətainin bu beytində isə “lövhi məhfuz” alın yazısı, qismət mənasını verir.
Əbcəd – Türk, ərəb və fars ədəbiyyatlarında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır.
Əbcəd hesabında ərəb əlifbasının hər hərfi konkret say bildirir. Məsələn, Əlifın qiyməti 1-dir. Beytin daşıdığı məna yükünü nəzərə alsaq, burada söhbətin insana verilən vaxtdan, zamandan getdiyini ehtimal edə bilərik. Amma nəzərə almaq lazımdır ki, əbcəd hesabı eyni zamanda Fəzlullah Nəimi fəlsəfəsinin, hürufizmin açarlarından biri sayılır. Hürufilər əbcəd hеsabı ilə müхtəlif hesablamalar aparmaq yolu ilə Quran ayələrini insan üzü ilə еyniləşdirirdilər. Beytdə Fəzlüllaha istinad olunduğu üçün burada işlədilən “əbcəd” sözünü insanın zahirini və batinini ifadə edən, onun mahiyyətini əks etdirən məzmun kimi də başa düşmək olar.
Beytin son misrası isə Şah İsmayıl Xətai poeziyasının işərisindən keçən azsaylı və bəlkə də təkrarı olmayan nümunələrdən biridir:
“Div degülsən, xatəmin xətmində Fəzlüllahi gör”.
Burada “div degülsən (deyilsən)” istisnasız olaraq, “əgər insansan”, “adəm
övladısan” anlamını verir. Xatəmin xətmi isə o deməkdir ki, artıq dünyaya
islamdan başqa din və Məhəmməd (s) peyğəmbərdən başqa peyğəmbər gəlməyəcək.
Amma burada Xətai başqa bir xəttə, istiqamətə, məhz türk ruhundan, törəsindən
qaynaqlanan yola işarə edir. “Peyğəmbərliyin başa çatdığı yerdən sonra Fəzlullahı
gör”, onun fəsəfəsini anla, zahirdən batinə en, batindən zahirə qalx
deyir...
Şah İsmayıl Xətainin təkcə bu beyti kifayətdir ki, onu zorla bir məzhəb çərçivəsinə
salmaq istəyənlərin bütün iddiaları alt-üst olsun. Xətainin bu beytində Azərbaycanın,
türklüyün islama baxış fəlsəfəsindən, Nəsimi ruhundan yol alan yanaşma, mənəvi,
poetik və fəlsəfi vərəsəlik açıq-aşkar hiss olunur.