vaxtlı-vaxtında oxuyun! Bazar, 10 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SƏNƏTÇİ  
11:14 | 22 yanvar 2022 | Şənbə Məqaləyə 2547 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Teatr mənə də lazımdır...”

“... yaratmaq üçün”, yaxud Bəxtiyar Xanızadənin teatr dərsindən düşüncələr

LALƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Xalq artisti Bəxtiyar Xanızadənin baş rejissoru olduğu Azərbaycan Dövlət Pantomim Teatrının sözü olmasa da (adından da göründüyü kimi), sənətkarın özünün səhnə sənəti haqqında deyəcəyi çox söz var. Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi də onun öz sənət təcrübəsini, biliklərini bölüşmək üçün bir imkan idi...

Dövlət Pantomim Teatrında gerçəkləşən layihə üzrə “Həqiqi hisslərlə yaşamaq azdır” adlı treninq (10-11 yanvar) aktyorlar, “Şekspirin Hamleti. Hamlet kimdir?” mövzulu ustad dərsi (13 yanvar) rejissorlar, “Teatr və mən – mən və teatr” adlı təlim isə (14 yanvar) teatrşünaslar üçün nəzərdə tutulmuşdu.

Mənim üçün teatr nədir? Bu sualı heç vaxt özümə verməmişəm. Amma, deyəsən, vaxtıdır. Və bu suala cavabı tapmaqda ustad Bəxtiyar Xanızadənin teatr söhbətləri dadıma çatdı.

İlk iki treninq barədə, sadəcə, məlumatım vardı. Sonuncu ustad dərsində mütləq iştirak etməli idim. Yəni bunu çox arzulayırdım. Bəlkə də səbəb uzun müddətdir (pandemiyadan da əvvəl) teatra gedə bilməməyim idi. Yaxud da teatrdan müəyyən mənada küsən adam kimi Bəxtiyar Xanızadənin ustad dərsini izləyib bu küskünlüyü dəf edə bilərəm duyğusu ilə Pantomim Teatrının məkan kimi kiçik, lakin sənətlə ünsiyyət baxımından aurası böyük olan zalına daxil oldum...

Etiraf edim ki, mərhum şair, klassik poeziyamızın bilicisi Ələmdar Mahirdən sonra ilk dəfə idi ki, reallıq və sənət mövzusunda bu dərəcədə lakonik, sadə və düşündürücü məruzə dinləyirdim. Görüşdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Teatrşünaslıq fakültəsində professor İsrafil İsrafilov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərovun kurslarında dərs alan tələbələr iştirak edirdi. Nə xoş, nə gözəl. Amma mən bu ustad dərsində televiziya proqramlarında təqdimatda ad-soyadının altında “teatrşünas” yazdıran əzbərçiləri görə bilmədim. Yəqin onlar bu sahədə artıq bütün biliklərə yiyələniblər...

 

Sənət özü bir ideologiyadır

 

Bəxtiyar Xanızadə əvvəlcə iştirakçılarla bir-bir tanış olur. Əlavə edir ki, ustad dərsləri layihəsi üçün “öyrədərək öyrənirəm” fikrini özü irəli sürüb: “Mən bu gün də öyrənirəm. Sizdən öyrənirəm. Bu gün dialoq şəklində bir-birimizdən öyrənəcəyik”.

Tanışlıq zamanı bir tələbə qız deyir mən ADMİU-nun Teatrşünaslıq fakültəsinə təsadüfi düşmüşəm. Həmin andaca düşünürəm ki, bax elə bu qız da gələcəkdə sənəti üzrə özünə yer tuta bilər. Bu səmimi etirafa Bəxtiyar müəllim də reaksiyasız qalmır, təbii ki.

Sənətkar gələcəyin teatrşünaslarına gəldiyi yolun başlanğıcından danışır. Xalq artisti Həsənağa Turabovun sayəsində Azərbaycanda ilk dəfə festival keçirilir və pantomim yaranır deyir. Daha sonra Pantomim Teatrının ilk xarici səfərini, Ankarada qastrolunu xatırlayır. Orada holland həmkarı Rob van Reylə görüşündən epizodlara diqqət çəkir: “Hollandiyada pantomimin yaradıcısı Marsel Marsonun həmkarı və silahdaşı, böyük usta Rob van Reylə görüşdük. O, bizim tamaşalarımızı gördü və belə dedi: “Biz pantomimi qovub dalana, çərçivəyə salmışıq. Pantomim inkişaf edərək başqa istiqamətdə getməlidir. Bu məqama qədər mən özüm də məhz hansı istiqamətin lazım olduğunu başa düşmürdüm. Sizin tamaşanı görəndən sonra hara getməli olduğumuzu anladım. Heyf ki, 80 yaşım var, yoxsa sizin truppa ilə işləyərdim...”.

Yaratdığı teatrdan bəhs edən Bəxtiyar müəllim bildirir ki, bizim baza-məktəbimiz olmayıb. Teatr həm kadr hazırlayır, həm də var gücü ilə işləyir. Və ustad dərsi bir neçə mülahizə üzərində qurulur: teatr sizin üçün nədir, vətəndaş və cəmiyyətin teatra münasibəti, sənətin adiləşməsi, bu gün yaradıcılıqda hansı məqamdır və s. Bütün bu suallara auditoriya ilə birlikdə cavab axtara-axtara gəlib haralara çıxırdıq bir bilsəniz: “Sənət özü də bir ideologiyadır. “Modern” adı altında ideologiya yaranır və yaradıcılıq hər zaman ideoloji silahdır. İdeoloji silah olanda məqsəd konkret olur. Zaman dəyişdi və yeni dövr gəldi: avtomatlaşdırma, industriya və s. İnsanlıq bir yerdə dayana bilmir. Fridrix Nitsşenin “Tanrı öldü” elanının üstündən əsr yarım zaman keçsə də, biz bu gün yaradıcılıqda “Tanrı öldü”, “Tanrı yoxdur” anlamını görürük. Bu anlam onu verir ki, Tanrı yoxsa, Tanrı mənəm! Mən güclüyəmsə, mənə hər şey olar və hazırda yaradıcılıqda da bu məqamı yaşayırıq...”.

 

“Özüm yaradım” istəyi...

 

Qlobal mədəni tənəzzüldən danışan Bəxtiyar Xanızadə deyir: “Düzü, axtarmağa ehtiyac yoxdur. Çünki kələfin ucu artıq itirilib... Teatrlar rəqabətdə uduzdumu, dünya və Rusiya teatrlarında keyfiyyətli tamaşalar nə dərəcədə qiymətləndirilə bilər?”.

Bu məqamda ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov “Teatr, sadəcə, oyundur” deyir. Bu qızğın polemikada mənsə belə düşünürəm: teatr insana elə duyğular, hisslər verir ki, onsuz yaşamaq darıxdırıcı olardı. Teatr ruha “toxum atmalıdır”. Niyə? İnsanı dəyişmək üçün...

Bəxtiyar müəllimə görə, teatr hansısa insanın ruhi tələbatının nəticəsi ola bilər: “İnsanın ruhi tələbatı dəyişməyəcəksə, yəni nə vaxtsa robotlaşmayacağıqsa, teatr yaşayacaq. Bəs o ruhi tələbat nədir? O tələbat insanın Yaradan olmaq diləyidir. Biz yaratmaq istəyirik. Bu, böyük istəkdir. Oyun lap uşaqlıqdan bu istəyin başında durur. Ən adi bir misal: uşağa ən son model oyuncaq alırıq, özü yeriyir, özü qaçır... Amma uşaq onu atıb gedib sınıq oyuncağını, yaxud plastilini  götürür. Niyə? Çünki bizim aldığımız oyuncaqda onun üçün yaratma imkanı məhdudlaşıb. Demək, ilk məqamda nə durur – “özüm yaradım” istəyi. Mənə də teatr yaratmaq üçün lazımdır fikrini diktə edir. Mənim üçün oynamaq, qurmaq, düzəltmək və ondan aldığım həzzi heç nə əvəz edə bilməz. Özümü sənətdə sevirəm yoxsa sənəti özümdə sevirəm? Bu da çox qarışıq bir anlamdır. Bu anlamda da aktyor avantürist olmalıdır. Yəni bir müddətdən sonra bu avantüraların bəhrəsini yığaraq qarşısını almalı və anlamalıdır ki, qarşısındakı iş iradə və düşüncə istəyir...”.

“Bu gün Azərbaycan teatrından kim razıdır” sualına əl qaldıran 2, ya 3 nəfər oldu zalda. Bu zaman Bəxtiyar müəllim “teatr belə olmalıdır” şüarlarına cavab olaraq səsləndi: “Gedin xilas eləyin, niyə eləmirsiz? Heç kim bəyənmir, heç kim də etmir. Bəs nə iş görürsüz? Hamı bilir guya, həqiqətdə isə bilmir...”.

***

Bu məqam konteksində ustad dərsindən sonra Elçin Cəfərovun “Facebook” səhifəsində paylaşımı diqqətçəkən oldu. Aktyorlar müxtəlif reaksiyalar bildirdilər. Bu paylaşımdan belə məlum oldu ki, teatr və mədəniyyət sahəsində çalışan insanların əksəriyyəti mədəniyyət sahəsində yeniliklərin əks olunduğu medianı izləmir. Sözügedən ustad dərsləri haqqında dəfələrlə “Mədəniyyət” qəzeti, Mədəniyyət Nazirliyinin rəsmi saytı, teatro.az saytında məlumat verilsə də, əfsus ki, çoxları bundan xəbərsizdir.


Deməli, Elçin Cəfərov ustad dərsləri ilə bağlı fikirlərində haqlı idi. O yazır: “...Ustad dərslərinin ikisində iştirak etdim. Teatrşünaslar üçün ustad dərsində iştirak etməkdən ötrü universitetdə imtahan yoxlamalarımı təxirə salmalı oldum. Amma dəyərdi. 1-ci və 2-ci kurs tələbələrimdən 8 nəfərlə birlikdə Bəxtiyar müəllimin ustad dərsinə qatıldım. Ustad sənətkarın çox maraqlı söhbətlərini dinlədik, həmsöhbət olduq, mübahisə etdik, fikir bölüşdük. Başqalarını deyə bilmərəm, şəxsən mənim üçün çox maraqlı və faydalı oldu. Ancaq təəssüf etdiyim iki məqam var: görüşlərin videoçəkilişi aparılmırdı və özgə vaxt maraqlı teatr hadisələrinin olmamasından şikayətlənən həmkarlarımız nədənsə bu tədbirə, yumşaq desək, bir qədər soyuq yanaşdılar. Qulağının dibində (Azadlıq pr. 75) belə bir ustad dərsi ola (özü də ödənişsiz), bir-iki gün vaxt ayırıb iştirak etməyəsən. Nə bilim... Düşünürəm ki, əla layihədir və mütləq davam etməlidir... Gərək adamın adı mütləq Marsel, Yan, Tomas ola ki, qədrini bilək...”.

Sonda isə yenə əvvələ qayıdıram. Teatr mənim üçün nədir? Teatr yüksək və qeyri-adi intellekt daşıyıcısıdır. Səhnə mükəmməl dünyadır. Teatr, səhnə bir sirdir və bu sirrin nədən ibarət olduğunu heç kim bilmir. Aktyor teatr, teatr isə aktyordur...