vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MÜSAHİB  
22:28 | 12 fevral 2022 | Şənbə Məqaləyə 8073 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qərbin reaksiyası Putinin gözlədiyindən güclü oldu”

Daniel Frid: “Azərbaycan Avropanın fövqəladə vəziyyətdə Avropaya kömək etməkdə öz rolunu oynaya bilər”

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvanın qüvvələrini Ukrayna sərhədi yaxınlığında cəmləşdirməyə davam etdirdiyi vaxt ABŞ hərbi qüvvələrinin bir hissəsi NATO-nun Şərqi Avropada müttəfiq ölkələrinə yerləşdirilib. Birləşmiş Ştatlar Rusiya-Ukrayna böhranının diplomatik yolla həllinə üstünlük verdiyini bildirib. Bununla yanaşı, ABŞ və NATO müttəfiqləri Rusiyanın Ukraynaya müdaxilə etdiyi halda sərt sanksiyaların tətbiq ediləcəyini dəfələrlə bəyan verib. Vaşinqtonda Atlantika Şurasının eksperti, ABŞ Dövlət katibinin müavininin yardımçısı olmuş səfir Daniel Frid Amerikanın Səsinə müsahibədə Birləşmiş Ştatlar və Qərbin böhranın həllində səyləri, Rusiyanın müdaxilə etdiyi təqdirdə tətbiq ediləcək sanksiyalar və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu şərh edib.

- Birləşmiş Ştatlar Rusiya Ukrayna sərhədi yaxınlığında hərbi qüvvələrin cəmləşdirilməsinə davam etdiyi vaxt Şərqi Avropaya öz qüvvələrini göndərib. Sizin fikrinizcə, ABŞ və onun müttəfiqləri Rusiya liderini müdaxilə planlarından çəkindirmək üçün kifayət qədər iş görürmü?

- Mən bunu bilmirəm, ona görə ki, mən Putinin nə edəcəyini bilmirəm. Biz onu saxlamaq üçün çox şey edirik. Bu da ondan ibarətdir ki, biz NATO-nun şərqində ABŞ qüvvələrini gücləndiririk. Biz Ukraynaya silah göndəririk və getdikcə daha çox göndərəcəyik. Onlar Putinin yenidən Ukraynaya müdaxilə edəcəyi təqdirdə Rusiya iqtisadiyyatına çox ağır zərbə vuracaq olduqca güclü sanksiyalar və digər iqtisadi tədbirlər hazırlayırlar. Amma siz məndən bizim nəsə edib-etmədiyimiz deyil, bizim kifayət qədər iş görüb-görmədiyimizi soruşdunuz. Mən bunu hələ bilmirəm. Putindən çox şey asılıdır. Mən düşünmürəm ki, o, Ukraynaya qarşı böyük ərazidə müharibəyə başlamaq kimi riskə gedəcək. Amma o bunu edə bilər. Təhlükə qalır, təhlükə hələ də mövcuddur və o, hərbi müdaxilə etməklə böyük riskə getməyəcək, əksinə, Ukraynanın iqtisadiyyatını zəiflətmək, suverenliyini daxildən sarsıtmaq, suverenliyini pozmaq üçün hədə-qorxu və digər təxribatlardan istifadə etmək ümidi ilə Ukraynaya qarşı təxribat törədərək, təzyiq göstərməyə davam edəcək. Amma indiyə qədər Qərb onun gözlədiyindən daha güclü olub. Yenə də, o, müdaxilə etməsə, bu, yaxşı olar.


- Cənab səfir, Qərbin sanksiyalar məsələsində, eləcə də Rusiyanın Ukraynaya növbəti müdaxiləsinin qarşısını almaq səylərində mövqeyi vahid və qətidirmi?

- Düşünürəm ki, Qərb Putindən güclü çıxdı. Gəlin etiraf edək ki, NATO və transatlantik əlaqələr Varşava Paktı deyil. Burada həmişə fikir ayrılıqları olur, lakin amerikalılar biz nə etməliyiksə, onu edirlər. Bu da konsensusun formalaşdırılmasıdır. Bu konsensus mövcuddur, indi yaxşı səviyyədədir. Əgər Putin Barbarossa əməliyyatında olduğu kimi, Hitler Sovet İttifaqına hücum etdiyi kimi tammiqyaslı müdaxiləyə deyil, daha kiçikmiqyaslı aqressiyaya başlasa nə olacaq? Birləşmiş Ştatlar hazırda Avropalı müttəfiqləri ilə birlikdə bizim cavabımızın nə olacağını müəyyən etmək üçün işləyir. Putin məqsədlərini dəyişməyə bilər, amma taktikasını daha uzunmüddətli nəyə isə dəyişə bilər. Çox uzunmüddətli deyil, günlər və ya həftələr əvəzinə aylar və ya illər kimi və biz buna hazır olmalıyıq. Bayden administrasiyası bunun üzərində düşünür. Demək istəyirəm ki, bu həftə onlar bu barədə düşünürdü və müttəfiqlərlə bu barədə danışırdı. Yəni bizim siyasətimiz pis deyil. Lakin biz davamlı problemlərlə üzləşirik və buna görə də bu problem aktual olaraq qalır.


- ABŞ və NATO müttəfiqləri Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə Moskvaya bunun ciddi nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib. Bəzi müşahidəçilər sanksiyaların effektivliyini müzakirə edir. Sanksiyaların Rusiya iqtisadiyyatına hansı ciddi, zəiflədici təsirləri ola bilər?

- Mən eşitmişəm və inanıram ki, administrasiya Rusiyanın maliyyə sisteminə, onun iri banklarına qarşı sanksiyalar hazırlayır. Putin Rusiyanın maliyyə ehtiyatlarını artırır. O, Rusiyanın maliyyə sistemini de-dollarizasiya etməyə çalışdı, lakin buna baxmayaraq, bu sanksiyalar güclü olacaq. Avropalılar və britaniyalılıar də oxşar sanksiyaları tətbiq edəcək. Onların eyni olması mütləq deyil, lakin bu maliyyə sanksiyaları Rusiya sisteminə çox ağır zərbə vuracaq. İkincisi, belə bir məlumat verilib və mən inanıram ki, Bayden administrasiyası Rusiyaya Amerika istehsalı olan mikroçiplərin, habelə Amerika texnologiyası ilə hazırlanmış mikrodalğalı elektron prosessorların satışını məhdudlaşdıraraq, ciddi ixracat nəzarəti hazırlayır. Bu çox şey deməkdir, bu, çox böyük addımdır. Ruslar təbii ki, bunun təsir etməyəcəyini deyəcəklər, amma düşünürük ki, təsir edəcək.

Güman edirəm ki, Bayden administrasiyasının hazırladığı sanksiyaların üçüncü növü, bəlkə də Putinin özünə qarşı və onun korrupsiyalaşmış yaxınlarına qarşı daha çox sanksiyalardır-pulların arxasına düşmək. Bu, çox iş tələb edir. Ancaq bunların hamısının birlikdə olduqca güclü təsiri var. Sanksiyalar özü-özlüyündə kifayət deyil. Təbii ki, buna görə də ukraynalılara silah verərək kömək etmək və Putinə NATO-nun öz üzvlərini qoruyacağını və onun hərəkətlərinin Rusiya üçün pis nəticələri olacağını göstərmək olduqca vacibdir.


- Böhranın hələ də diplomatik yolla həlli mümkündürmü, bu səylər vasitəsilə nəyə nail oluna bilər?

- Təbii ki, diplomatik həll yolu var. Amerikalılar NATO Rusiyanın təhlükəsizliklə bağlı legitim narahatlıqlarını həll etmək üçün konkret praktiki təkliflər irəli sürüb. Bu, mənim sözlərim deyil, bunlara baxa bilərsiniz. Ruslar mənim fikrimcə, tam yəqindir ki, bu sənədləri ruslar sızdırıb və İspaniyanın El Pais qəzeti onları dərc edib. Onları oxuya bilərsiniz. Amerikanın sənədindən xüsusilə aydın görünür ki, ABŞ silahlara nəzarət, silahların məhdudlaşdırılması, təlimlərə məhdudiyyətlər və bu kimi, ruslar əgər diplomatiyada ciddi maraqlıdırlarsa, rusları maraqlandırmalı olan ciddi təkliflər hazırlayıb. Bunlar əhəmiyyətsiz təkliflər deyil. Hətta Lavrov bu təkliflərin müsbət tərəflərinin də olduğunu özünəməxsus şəkildə etiraf etmək məcburiyyətində qaldı. ABŞ və NATO-nun təklifləri Putinə onun istədiyini, tələb etdiyini, daha doğrusu, Avropada hökmranlıq sferalarını vermədi. Biz bunu etməyəcəyik və etməli deyilik. Amma ruslar bunun absurd olduğunu bilməli idilər. Heç kim onun NATO-nun sadəcə olaraq geri çəkilməsi və Rusiyanın Mərkəzi və Şərqi Avropada hökmranlığına və Ukraynaya nəzarət etməsinə icazə verməsi tələbini ciddi qəbul edə bilməz. Lakin ABŞ ciddi ideyalar irəli sürüb. Əgər ruslar bunu istəyirsə, diplomatiya yolu realdır.


- Səfir Frid, sizcə, cənab Putin indi nə planlaşdırır? Bu mərhələdə onun hesablamaları haqqında nə söyləmək mümkündür?

- Putin yəqin ki, hələ qərar verməyib. Mən onun nə edəcəyini bilmirəm. Əgər məndən soruşsanız ki, o, hərbi müdaxilə edəcək, yoxsa etməyəcək, mən deyərdim ki, onun tammiqyaslı müdaxiləyə başlaması ehtimalı üç həftə əvvəlkindən daha azdır. Amma mən səhv edə bilərəm. Başqaları onun tammiqyaslı hərbi müdaxiləyə başlaya biləcəyinə dair ciddi arqumentlərə malik ola bilər. Lakin mən belə hesab etmirəm, ona görə ki, Qərbin reaksiyası onun gözlədiyindən daha güclü olub. Müdaxiləyə başlamaq o deməkdir ki, o, Ukraynaya daxil olub uzun müddət ərazini işğal altında saxlamalı olacaq. Bunun öz riskləri var. Bu, 2008-ci ildə rusların Cənubi Osetiyada yalnız bir neçə yeni ərazini ələ keçirməsi ilə nəticələnən Gürcüstan müharibəsinə bənzəmir. Onlar Gürcüstanın qalan hissəsinin əksəriyyətindən geri çəkildilər. Onlar sərhədi pozdular, amma işğala cəhd etmədilər. Tbilisiyə daxil olmağa cəhd göstərmədilər. Putin buna bənzər nəyə isə cəhd edə bilər və ya qoşunlarını Rusiyanın de-fakto işğal etdiyi Donbasa göndərə bilər. Lakin Hitlerin 1939-cu ildə Polşaya hücumuna oxşar genişmiqyaslı bir əməliyyat hər cür risklərlə müşayiət olur. Onun Qərbə bu dərəcədə meydan oxuması ağılsızlıq olardı. Əgər o, bunu etsə, ilk döyüşdə deyil, nəticədə Sovet İttifaqının uduzduğu kimi sonda uduzacaq. Bunu qəbul edən bəzi ruslar da var. Amma Putinin hesablamaları nədir, mən deyə bilmərəm çünki, “vojd” (rus dilində lider - red.) qərar verir.


- Rusiya ilə Ukrayna arasında davam edən gərginlik Rusiyanın Avropa ölkələrinə qazın nəqlini kəsə biləcəyi ilə bağlı narahatlıqların artmasına səbəb olub. ABŞ və Avropa İttifaqı Rusiyadan təbii qaza alternativləri nəzərdən keçirir. Bu alternativlər haqda nə söyləyə bilərsiniz? Burada Azərbaycan da qeyd edilir. Azərbaycan bu məsələdə hansı rol oynaya bilər?

- Bəli, Birləşmiş Ştatlar 90-cı illərdən bəri Avropaya enerji mənbələrinin devertifikasiyasına kömək etmək üçün çalışır. Bakı-Tbilisi-Ceyhan boru kəmərini xatırlayırsınızmı? Hamı buna gülürdü, amma bu, çox yaxşı bir fikir olmadımı? Bu, bizə, Azərbaycana, Avropaya, Gürcüstana kömək edir. Bu yaxşı bir işdir. Birləşmiş Ştatlar çox uzun müddətdir çağırış edib ki, Avropanın diversifikasiyası lazımdır, xüsusilə Almaniyaya. Mənim özüm bununla 2005-ci ildən məşğul olmuşam və bu da kifayət qədər uzun vaxtdır. Almanlar bunu anlamağa başlayır. Polyaklar bunu dərk ediblər və öz mənbələrinin diversifikasiyası üçün bəzi yaxşı işlər görüblər və bu, onlar üçün yaxşıdır. Polşanın enerji siyasəti kifayət qədər ağlabatandır.

Azərbaycanın burada hansı rolu ola bilər? Azərbaycan öz müstəqilliyini və Moskvadan müəyyən qədər fəaliyyət azadlığını qoruyub saxlayıb. Bu, yaxşı haldır. Bunu daha da qoruyub saxlamalı və daxili repressiyalarla Qərbi özündən uzaqlaşdırmamalıdır. Mən inanıram ki, siyasətə yenidən baxmaq düzgün olardı, çünki Azərbaycan Qərbi özündən uzaqlaşdırsa, sonda Kreml Azərbaycanı öz təsir dairəsinə çəkəcək. Lakin Azərbaycan Avropanın diversifikasiyasında, bu fövqəladə vəziyyətdə Avropaya kömək etməkdə öz rolunu oynaya bilər və mən ümid edirəm ki, bu rolu oynayacaq.