vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ŞƏXSİYYƏT  
12:19 | 9 aprel 2022 | Şənbə Məqaləyə 2110 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli dəyərə çevrilən ziyalı

Şirməmməd Hüseynov Türkiyənin “Təmrin” dərgisində

Cavanşir FEYZİYEV
Millət vəkili, fəlsəfə doktoru

MÖVZU İLƏ ƏLAQƏLİ

Tarixdə yeni dövr adlandırdığımız son iki əsr bəşəriyyətin həyatına sözün əsl mənasında çox böyük yeniliklər gətirdi. Bu yeniliyin özülü ilk növbədə ictimai şüurda təşəkkül tapır, daha sonra ictimai-siyasi və sosial-mədəni həyata sirayət edirdi. Yeni dövrün başlanğıcı ilə fatehlik dövrü də başa çatdı. O zamana qədər millətlərin qüdrəti nə qədər böyük ərazilər fəth etməsi ilə ölçülürdüsə, yeni dövrdə ölçü meyarları da dəyişdi. Artıq qoşunların və silahların çoxluğu yox, ictimai şüurun yüksəliş göstəriciləri hadisələrin inkişafına daha çox təsir göstərən və cəmiyyətlərin gələcəyini müəyyənləşdirən mühüm amilə çevrilməyə başladı. İctimai şüuru oyadan, təkamül etdirən, xalqların gələcək taleyini həll edəcək milli şüur formasına gətirməklə milli dövlətçilik ənənəsini yaradan aparıcı qüvvə isə sərkərdələr deyil, ziyalılar oldu.

Bəşəriyyət ziya və elm, maarif və mədəniyyət erasına doğru güclü bir addım atdı. Azərbaycanda bu hərəkatın başlanğıcında Mirzə Fətəli Axundzadə və onun müasirləri olan ziyalılarımız dayanırdı. Onlar milli ideyanı fikir və düşüncə mərkəzinə gətirməklə özlərindən sonra bu ideyanı milli ideologiyaya çevirəcək böyük bir maarifçilər pleyadasını yetişdirdilər. Milli ideologiyamızı daim cilalayan və sürətlə dəyişən dünyanın tələblərinə uyğunlaşdıraraq ictimai şüurda möhkəmləndirən maarifçilərimiz isə öz növbəsində ilk milli respublikamızı yaratdılar və Azərbaycanı bir milli dövlət kimi müasir dünya dövlətlərinin cərgəsinə qoşa bildilər. 

Milli ideologiya, milli dövlətçilik və onların kökündə dayanan milli şüur bu gün də xalqların yaşam tərzinin ictimai, siyasi və mədəni özülünü təşkil edir. Bu özülü daim möhkəmləndirən, cəmiyyətin mənəvi sağlamlığını qoruyan, zaman-zaman  ictimai şüuru istiqamətləndirən, modernləşdirən və sapıntılardan uzaqlaşdıranlar isə yenə də ziyalılarımızdır.

Belə ziyalılarımızdan biri də müasiri olmağımızla fəxr etdiyimiz Şirməmməd Hüseynovdur. Şirməmməd Hüseynov həyatının 60 ilini məhz milli ideologiyamızın dərk edilməsinə və təkmilləşdirilməsinə, milli dövlətçiliyimizin öyrənilməsinə və təbliğinə, ictimai şüurun cilalanmasına və möhkəmləndirilməsinə həsr etmişdi. Bütövlükdə XX əsrin ikinci yarısı və 21-ci əsrin ilk 20 ilində ictimai şüura ən çox təsir gücünə malik olan ziyalılarımızdan biri kimi Şirməmməd Hüseynov gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsində misilsiz və təmənnasız bir xidmət göstərdi. Şirməmməd Hüseynovu başqalarından fərqləndirən bir çox xüsusiyyətləri vardı. Elmi araşdırmalarında məqsədyönlülük, davamlılıq və ardıcıllıq, ictimai düşüncələrində millilik və təbii vətənpərvərlik, siyasi baxışlarında müstəqillik, mübarizlik və cəsarətlilik, elmi-pedagoji fəaliyyətində sonsuz fədakarlıq Şirməmməd Hüseynovu böyük bir ictimai-siyasi xadim kimi fərqləndirən ən gözəl məziyyətlərdir. Onun şəxsiyyətinə heyranlıq və sonsuz rəğbət doğuran ən başlıca məziyyəti isə ondan ibarət idi ki, o heç vaxt - istər sovet dövründə, istərsə də milli müstəqillik dövründə  özünü hər hansı bir siyasi konyunktura qəlibinə salmadı, həmişə öz orijinallığını, müstəqil fikir və ideya sahibliyini qoruyub saxladı. Təsadüfi deyil ki, ən yaxın məsləkdaşı olmuş Bəxtiyar Vahabzadə ona həsr etdiyi bir şerində Şirməmməd Hüseynovu “Ləyaqət mücəssəməsi” adlandırmışdı. Bu iki söz Şirməmməd Hüseynovun kimliyini xarakterizə edən ən uğurlu və heyrətamiz bir dəyər ifadəsidir və xalqımız bu gün də onu məhz Ləyaqətin özü kimi qavrayır, dərk edir və onu böyük ehtiramla xatırlayır. 

Şirməmməd Hüseynov milli dəyər səviyyəsinə yüksəlmiş bir ziyalımızdır. Bu dəyəri dərk etmək, qorumaq, tanıtmaq və təbliğ etmək ondan sonra yaşayan nəsillərin borcudur. 

Bu baxımdan Türkiyədə nəşr olunan və geniş oxucu kütləsinə malik olan “Təmrin” dərgisinin xüsusi buraxılışının Şirməmməd Hüseynova həsr olunması onun xatirəsinə ehtiramımızın bir ifadəsidir. Daha öncə, “Təmrin” dərgisinin M.F. Axundzadə, Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq, Rəsul Rza və Bəxtiyar Vahabzadəyə həsr olunmuş xüsusi buraxılışları olmuşdu. Daha böyük bir Azərbaycanlımıza – bütün dünyada məşhur detektivlər müəllifi kimi tanınan Çingiz Abdullayevə həsr olunmuş yeni buraxılış üzərində isə hazırda tərtibat işləri aparılır.