vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
16:04 | 15 may 2022 | Bazar Məqaləyə 1487 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli sarkazm ...

... və ya qeyri-ciddilik özünüqoruma qalxanı kimi

Məmləkətdə ciddi diskurs dəb deyil, qlobal və fundamental mövzularda diskussiyalar maraq doğurmur və belə bir vəziyyətin yaranmasında cəmiyyətin günahı yoxdur, və ya çox azdır. Belə bir vəziyyət son 30 ildə hakimiyyət tərəfindən düşünülmüş strategiyanın, taktiki addımların nəticəsidir, amma bu “fenomenin” beyinlərdə yer almasında müxalif cameyənin, aktiv sayıla biləcək insanların, özlərini ziyalı adlandıranların da ciddi payı var. Bəzilərində “mırt” və qeyri-ciddilik özünüqoruma qalxanıdır – sanki hakimiyyətə mesaj verirdilər ki, əşi bizi ciddiyə alıb tədbir zad görməyin, zarafatdır da edirik.

Dünya siyasətində sarkazm ciddi alətdir, amma bizdə əsas trend bayağı “mırt” oldu, halbuki, siyasi şarjdan, sarkazmdan istifadə etməklə də beyinləri hərəkətə gətirmək, düşündürmək olardı. 

Hələ 90-cı illərdən “Qulp” kimi, və ya danışıq qabiliyyətini çox bəyəndiyim Orxan Fikrətoğlu kimi trendlər yarandı. Ciddi mövzular lağ obyektinə çevrildi, siyasi dil və üslub primitivləşdirildi, diskussiyalar “balıqhafizləşdirildi” və bundan ən çox udan elə hakimiyyət idi. 

Son günlər Orxan Fikrətoğlunun Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru təyin edilməsi ciddi müzakirələr, suallar yaratdı. Amma, məncə, bunu kim fikirləşibsə çox incə düşünüb – illərdir siyasi dili “mırta” çevirənlərdən birinə elə “mırta” da belə vəzifə verdilər. 

Və ya, doğrudan da çox sevdiyim, hörmət etdiyim bir ziyalımız var – illərdir Türkmənistandan, Şimali Koreyadan yüzlərlə “mırt” yazılar yazıb. Yazıları çox gülməli, amma başqa effekt verir – o iki ölkədəki absurdu önə çəkməklə, sanki, “şükür edin ki, bizdə belə deyil”, mesajını verir, bizim camaat da o iki ölkəyə gülür, ələ salırlar və təskinlik tapırlar ki, biz onlar kimi deyilik. Əslində ziyalı bizi Türkmənistana, Şimali Koreyaya baxıb şükür etməkdənsə, məsələn, Çexiyaya, Polşaya, Baltikyanı ölkələrə baxıb motivasiya olmağa, heç olmasa o səviyyədə məmləkət qurmaq üçün can atmağımıza səbəb olmalı idi. 

Xülasə, həzərat, mən yumor hissini çox sevən insanam, bu hissin intellekt göstəricilərindən biri sayıram, siyasi sarkazmı, yumoru, zarafatı çox bəyənirəm, tez-tez də istifadə etməyə çalışıram, zaman-zaman mən də ayarı qaçırıram, “mırta” yaxın yazılarım olub, bunun üçün hamıdan üzr istəyirəm, amma əsas qayəm həmişə düşündürmək olub, bu gün də belədir, sabah da belə olacaq. 

Məmləkətdə təcili ciddi siyasi diskursun hakim olmasına ehtiyac var, çünki dünya da, ölkəmiz də çox vacib dönəmdən keçir, yaxın onillərin trendi, yolu-izi bu günlərdə çəkilir, mən anlayıram ki, qanun layihələrindən, ciddi elmi-siyasi-iqtisadi diskussiyalardan insan tez usana bilər, amma başqa yolumuz da yoxdur.

REAL Partiyası olaraq son aylarda “ realplatforma org” saytımızda bir neçə qanun layihəsi təklifləri dərc etmişik, ölkədə ilk dəfə (bəlkə də dünyada da ilkdir, açığı araşdırmamışam) layihələri redaktə etmək, təkliflər vermək üçün açıq saxlamışıq (Wikipedia kimi, yəni, istənilən şəxs daxil olub düzəliş və əlavələr təklif edə bilər) – amma daxil olan, düzəliş təklif edən, yeni ideyalar yazan son aylarda cəmi 100-ə yaxın vətəndaş olub. Çünki, vətəndaşımızı illərdir “mırta” kökləyən ortam var, bu ortamı dəyişməsək məmləkət də dəyişməyəcək...