Sisianovdan necə qisas alındı?
Ruslar Bakını külə döndərmək istəyirdi
Azərbaycanı işğal etməyə gələn rus ordusunun başında duran Pavel Sisianov Bakı üçün Gəncə faciəsindən də qəddar bir plan hazırlamışdı. Bu planda şəhərin bombardman edilməsi və onun “külə çevrilməsi” nəzərdə tutulurdu. O, Bakıya hücum edən zaman Hüseynqulu xana aşağıdakı məzmunda məktub göndərir: “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedəcəyəm və qoşunumla işğal etmədiyim hər şeyi yandıracağam. Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəyəm və o, qırmızıya çevriləcək, amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orda alacağam, qılıncdan olmasa, soyuqdan öləcəksən”.
Hüseynqulu xan Sisianovun şərtlərini qəbul etdiyini və Sisianovla görüşmək, şəhərin açarlarını ona təqdim etmək niyyətində olduğunu bildirdi. 1806-cı il fevralın 8-də Hüseynqulu xan şəhərin açarlarını Sisianova təqdim etmək üçün şəhərdən çıxır. İbrahim bəy, Qasım bəy, Ağakərim bəy, Seyid bəy və başqaları ilə birlikdə qalanın içində gözləyirlər ki, onun nümayəndələri ilk olaraq generala yaxınlaşırlar.
Xanın nümayəndəsi qaladan çıxıb əlində gətirdiyi qala açarlarını və duz-çörəyi Sisianova təqdim etmək istəyir. General duz-çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir:
– Mən istəyirəm ki, açarları Hüseynqulu xan şəxsən özü təqdim etsin.
Xan bunu eşidib generala yaxın gəlmək işarəsi verir və qalanın içindən çıxır.
Polkovnik-leytenant knyaz Elizbar Eristov və bir kazakın müşayiəti ilə Sisianov qala divarlarına tərəf getdi. Qoşa Qala qapıları yanında görüş zamanı, General Sisianov şəhərin açarlarını alanda Xanın yaxın adamlarından biri İbrahim-bəy tapançadan qəfil atəş açaraq Sisanovu öldürdü. Xanın o biri adamları isə polkovnik Eristovu öldürürlər” Hüseynqulu xan onun meyitinə baxıb dedi: “Səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım”.
Onun meyiti Lal Qafaroğlu adlı xanın yaxın adamı tərəfindən yerindəcə doğranıb, əlləri və başı kəsilir, bədənin doğram-doğram elədi. Bakı xanı Hüseynqulu Sisianovun “Hamınızı yer üzündən məhv edəcəyəm, alovla gedib hər şeyi yandıracağam...” sözlərinə belə cavab verdi.
Deyilənə görə, Sisianovun kəsilmiş başı sonradan necə oldusa, tapılmadı. Kimi dedi, Gəncəyə, Şamaxıya aparılıb, qapı-qapı gəzdirildi, kimi dedi, Avar xanı Əhməd xana sovqat göndərildi; kimi də dedi ki, qırx pud ağırlığında qızıla İran şahına satıldı.
Hüseynqulu xanın əmri ilə Sisianovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azca aralıda, divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur.
General Bulqakov knyazın meyitini sonra o zaman Bakıda yeganə xristian kilsəsi olan erməni kilsəsində torpağa tapşırır. 1811-12-ci illərdə Gürcüstan canişini olmuş Markiz Pauliççi generalın nəşini Tiflisə gətirib, Sion kilsəsində, erməni general Lazarevin yanında dəfn edib.