vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 6 dekabr 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
ŞƏXSİYYƏT  
20:14 | 26 iyun 2022 | Bazar Məqaləyə 4258 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Babəkin doğum və Milli Ordunun yaranma günü

15 yaşlı Şah İsmayılın, 17 yaşlı Xürrəmdinin yaratdığı hərəkat tarixdə silinməz izlər qoyub

X.CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

26 iyun 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk milli silahlı qüvvələr yaradıldı. 1996-cı ildən başlayaraq 26 iyun Güney Azərbaycanda Babəkin doğum günü kimi qeyd edilir.

Azərbaycan xalqının vahid etnos kimi formalaşmasında Babəkin başçılıq etdiyi Xürrəmilər-babəkilər hərəkatının, böyük fikir adamı İmadəddin Nəsiminin dini cərəyandan dini-siyasi hərəkata çevirdiyi Hürufilik hərəkatının, Şah İsmayıl Səfəvinin 15 yaşında qurduğu və 235 il mövcud olan Səfəvilər dövlətinin, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin təməllini qoyduğu yeni kulturoloji cərəyanın  və  Məhəmməd Əmin Rəsulzadənin qurucusu olduğu Azərbaycan Xalqı Cümhuriyyətinin müstəsna rolu var.   

Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan ərazinin türk əhalisinin vahid bir etnos kimi formalaşması çoxəsrli proses olsa da, bu prosesdə həlledici mərhələlər var. Azərbaycan adlı ərazidə çoxsaylı tayfa birlikləri, dövlətlər və hərəkatlar olsa da, onların heç biri adıçəkilən etnosun formlaşmasında böyük Babəkin rəhbərlik hərəkat qədər önəmli rol oynamayıb. Fikrimcə həmin həlledici mərhələlərdən birincisi bəşər tarixində bənzəri olmayan, dövrünün ən böyük hərbi-siyasi fenomeni hesab olunan Xürrəmilər-babəkilər hərəkatı ilə bağlıdır. 

Xürrəmilər hərəkatının meydana çıxmasını şərtləndirən əsas səbəblər Azərbaycanın ərəblər tərəfindən işğal edilməsi, bədəvi ərəb tayfalarının bu coğrafiyaya köçürülməsi, islamiyyət adı altında yerli əhalinin assimilyasiya edilmsinə yönəlik əzici dini siyasət tətbiq edilməsi, talançılıq kimi dəyərləndirilə biləcək vergi siyasəti və bunun nəticəsində əhalinin var-yoxdan çıxması olub. 

Azərbaycan 642 ildə ərəblər tərəfindən işğal edildikdən sonra zaman-zaman üsyanlar olsa da, onların hamısı lokal xarakter daşıdığı üçün qan gölündə boğulduğu kimi xalqımızın taleyində dərin izlər buraxmayıb.

778-779-cu illərdə başlayan Xürrəmilər hərəkatı da təxminən 40 il ərzində lokal xarakter daşımış, yalnız Babəkin hərəkatının başına keçməsindən sonra ərəb işğalına qarşı mübarizənin tamamilə yeni mərhələsi başlayıb. Xürrəmilər hərəkatının məzmun və mahiyyətcə tam fərqli mübarizə üsuluna keçməsinin nəticəsində hərəkat Xürrəmilər-babəkilər adını alır. Babəkə qədər lokal xarakter daşıyan Xürrəmilər hərəkatı bu görkəmli sərkərdənin rəhbərliyi altında bütün Azərbaycanı əhatə edən hərəkata çevrilməklə vahid etnosun formalaşmasının təməlini qoyur. İlk dəfə Dərbənddən Həmədana, Göyçə gölünün şimalından Xəzər dənizinədək uzanan ərazdəki türk tayfaları ümumi düşmənə qarşı mübarizədə birləşirlər. Bu həm də yadellilərin özləri ilə gətirdikləri dinə qarşı yerli xalqın öz etiqad və dəyərlərini müdafiə prosesinə çevrildiyi üçün vahid etnosun formalaşmasını təmin edən amilə çevrilir. 

Xürrəmilər-babəkilər hərəkatı əslində Azərbaycanda yeni bir dövlətin yaranması ilə nəticələnib. Tarixçilər bunu görməzdən gəlsələr də, bayraq, taxt-tac, möhür, xəzinə, ərazi, ordu, paytaxt və hakim dini məbəd kimi dövlət atributlarının mövcudluğu həmin dövrdə Azərbaycan türklərinin mərkəzləşdirilmiş dövlətlərinin yaranmasının isbatıdır. 

Bizans imperatoru Feofilin Babəklə yazışması, məktublarında ona türk hökmdar kimi müraciət bizə hərəkat kimi təqdim olunan fenomenin əslində müstəqil və güclü dövlət olduğunu təsdiq edir. 

Dövrünün ən böyük imperiyasına qarşı 22 ildən artıq bir müddət ərzində uğurla mübarizə aparılması, bu müddət ərzində Ərəb Xilafətinin altı ordusunun darmadağın edilməsi, dövrünün məşhur sərkərdələri olan Yəhya ibn Müaz, Məhəmməd ibn Əbu Həmid, Züreyq ibn Əli ibn Sədəqə əl-Əzdi, Əhməd ibn Cuneyd İskafi, Məhəmməd ibn Humeyd ət-Tusi, Abdullah ibn Tahiri məğlub etməsi Xürrəmilər-babəkilər hərəkatının arxasında əslində tarixçilərin görmək istəmədiyi müstəqil dövlətin olduğunu bir daha təsdiq edir. 

Əlbəttə ərəb və fars tarixçilərinin əsərlərində bunu təsdiq edə biləcək məlumatlar tapa bilməzsiniz. Rus-sovet tarixçiliyi də bu faktı təsdiq etməkdən imtina edərək daha çox ərəb-fars tarixçilərinin təqdimatındakı yanaşmanı təkrar etmişdir. Hətta Azərbaycan sovet tarixçilərinin ən görkəmli nümayəndələrindən biri olan akademik Ziya Bünyadov da 816-838-i illərdə Azərbaycanda baş verənləri üsyan adlandırmışdır ki, bu da heç şübhəsiz dövrün siyasi kanyukturasının nəticəsi idi. Halbuki, Z.Bünyadov da fasiləsiz 22 il davam edən üsyanın necə mövcud ola biləcəyini izah etməyib.

816-838-i illərdə Azərbaycanda baş verən prosesin mahiyyəti saxatalaşdırıldığı kimi Babəkin şəxsiyyəti və Xürrəmilərin ideologiyaları da tamamilə təhrif edilib. Xürrəmilərin dini-siyasi  ideologiyası zərdüştilər, məzdəkilər və islamın şiə məzhəbinin elementlərindən yaranmışdı. 

Bunu iki məqamla izah etmək olar. Birincisi, bu dini cərəyanların hər üçü öncə Əməvi Xilafətinin, daha sonra isə Abbasi Xilafətinin rəsmi dini ideologiyası olan sünni məzhəbinə qarşı çıxış edirdi. İkincisi, Xürrəmilər-babəkilər hərəkatında zərdüştilər, məzdəkilər və şiə məzhəbinin təmsilçiləri iştirak edirdi. Buna görə də Xürrəmilər-babəkilər hərəkatının dini-siyasi ideologiyası dini etiqaddan daha çox yad ideologiyaya qarşı özünü qoruma vasitəsi idi.  Xürrəmilərin dini kitablarının olmamasını da bu amillə izah etmək olar.

Məhz yad ideologiyadan qoruyucuya çevrilən Xürrəmilər-babəkilər hərəkatının dini-siyasi ideologiyası ərazdəki türk tayfalarının vahid etnos kimi formalşmasının başlanğacını, təməlini qoyub. 

Dövrünün ən qüdrətli imperiyasına qarşı gənc bir döyüşçünün, 17 yaşlı Babək Xürrəminin lokal müqavimət hərəkatını tarixi fenomenə çevirməsi də bəşər tarixində çox nadir hallarda rast gəlinən hadisədir. 

Xürrəmilərin dini-siyasi ideologiyasında əsas təlimlərdən biri olan hülul dünyagörüşü çox maraqlıdır. Hülul təliminə görə yaradıcı varlıq yaratdığının cismində təzahür edir. Bu təlimin elementlərinə hürufilik və qızılbaş hərəkatında da rast gəlinir.

Azərbaycan xalqının tarixinin ən çətin mərhələlərində qurtarıcı qismində meydana gənc liderlərin, Babək Xürrəmi, Şah İsmayıl Səfəvi və Məhəmməd Əmin Rəsulzadə fenomeninin meydana çıxması çox maraqlıdır. Fikrimcə, bu fenomen araşdırma mövzusu olmalıdır.