vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ƏDƏBİYYAT  
12:07 | 5 iyul 2022 | Çərşənbə axşamı Məqaləyə 4331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aldanma şair sözünə...

“Şeir başqa, şair başqa, nəsr ayrı, nasir ayrı…” Bayraməli Məmmədov

Etimad BAŞKEÇİD

Bu günlərdə sevgili vətən qızı Xanım İsmayılqızının belə bir yazısını oxudum: “Ədəbiyyat yaradan da - ədəbsiz, mədəniyyətə xidmət edən də - mədəniyyətsiz, incəsənət aləmində olan da - hədsiz, keyfiyyətdən dəm vuran da - keyfiyyətsiz ola bilir...”

Təbii, ola bilir. O yana da keçir!

Başdan başlayaq, miflərdən. Çünki hər şey onlardan başlayır...

Miflər ilkin olaraq sakral bilgiləri, mütləq həqiqətləri əks etdirən məxəz kimi qəbul orlunurdu. “Profan” – naşı, sıradan olan, hətta müəyyən təcrübəyə əsaslanan biliklərə qarşı qoyulurdu. Sonra dünyanın çarxı döndü, hər şey dəyişdi: insanlar mifləri dağıtmağa başladı. İlk duyuq düşən qədim Çin imperatoru Şixuandi oldu. Bu sənəntkar başa düşdü ki, miflər heç nəyi izah etmir, sadəcə, böyük ölçüdə bir inanc sistemidir. Başladı məşhur Konfutsinin mərasimə, rituala, mifə əsaslanan fəlsəfəsini burunlamağa. İş o yerə çatdı ki, konfutsiçiliyi yayan tszıları (müəllimləri) diri-diri basdırmağı əmr elədi…

Ədəbiyyatşünasların ağzının əzbəri olan Bart necə deyir: məna itən yerdə mif başlayır…

Tarixi gedişat göstərir ki, miflər heç zaman ölmür, sadəcə bir şəkildən başqa şəklə keçir.

Biz hazırda kütləvi stereotiplər, sosial miflər və ya sosial illüziyalar dövründə yaşayırıq. Bizim də, demək olar, hər yazımızda gün işığına çıxarmağa çalışdığımız bu mifləri saymaqla qurtarmaz. Belə miflərdən biri də qələm əhlinin, xüsusən də, şair-yazıçı tayfasının öndə gedənlərinin “işıqlı obrazı” ilə bağlıdır…

İnsanlarımızın çoxuna elə gəlir ki, yazıçılar “ucadan uca” məxluqlardır, mələklərlə oturub-dururlar; yeməyi yalnız yaşamaq üçün yeyirlər; tualetə getmirlər; zavallı insanların dərdini çəkməkdən birtəhər olublar. Xüsusilə kommunizm dininin ierarxiya sistemində yazıçılara xüsusi yer ayrılırdı: ərəb üçün qeybdən xəbər verən şeyxlər kim idisə, Homo sovetikus üçün də yazıçı o idi.

Bizim antropoteistlər – insanı ilahiləşdirməyə, dini sitayiş obektinə çevirməyə amadə insanlarımız isə öz azarlarını öldürmək üçün əldən-ayaqdan gedirlər. Onlar üçün şeyx – yazıçı səsləşməsi yuxarı sferalardan eşidilən nəğmə kimidir.

Amma…

Rəhmətlik Vaqif İbrahimoğlu demiş, amma və lakin…

Hər şey bir qədər sadədir, dostlar! “İnsan qəlbinin mühəndisləri”ndən ötürücü fetiş qayırmaq və onları Andersenin nağılındakı “danışan baş”lara çevirmək ideyası tarixin bağrından qopub gəlir.

Çünki şair və yazıçıların sıx sıralarındakı ikiüzlülərin, yaltaqların, oğru-quldurların, xarakterində və davranışında ağıla gələn-gəlməyən bütün pislikləri daşıyanların xüsusi çəkisi başqalarınkından çoxdur ki, az deyil. Yəni, həqiqətən də, şeir başqa, şair başqa, nəsr ayrı, nasir ayrı…

Sovetlər dönəmində atasını şüğullayan pioner Pavlik Morozov kultunun ən çılğın təbligatçısı bilirsiniz kim idi? Səs-küylü “Ana” romanının müəllifi Maksim Qorki!

Məşhur novella ustası O. Henri işlədiyi bankın kassasından oğurluq etdiyinə görə üç il yatıb-çıxmışdı. İlk novellalarını da həbsxanada yazıb, utandığından O.Henri imzasıyla nəşr etdirmişdi. Əsl adı Uilyam Porterdir; Milyonların kumiri S.Yeseninə qarşı on üç cinayət işi açılmışdı; canım sənə desin, vergiyığan Servantes yuxarı instansiyalara pul atdığına görə həbs edilib, “Don Kixot”u da Sevilya həbsxanasında yazmağa başlamışdı; “Dorian Qreyin portreti” romanının müəllifi Oskar Uayld yeniyetmə oğlanlara tamah saldığına görə residivistlərin saxlandığı həbsxanaya salınmışdı; Harri Qreyin təkadamlıq kamerada yazdığı “Quldurlar” avtobioqrafik romanı əsasında məşhur “Bir dəfə Amerikada” filmi çəkilib… Müasirimiz, qarətlə, quldurluqla məşğul olduğuna görə altı il həbs cəzasına məhkum edilən ingilis yazıçı Qreqori Robertsin 2003-cü ildə həbsxanada yazdığı “Şantaram” (“Sakit adam”) romanının tirajı milyon nüsxəyə çatır və s.

Yaramaz işlərlə məşğul olan dünya klassiklərinin adlarını sadalamaqla qurtaran deyil. Bilə-bilə özümüzünkülərdən danışmıram, onsuz da gözünüzün qabağındadırlar! Onların arasında elələri var ki, yuxarıda sadaladığımız sənətkarları suya aparıb, susuz gətirər. Bunlar Tanrını imitasiya edən Lüsifer kimi ziyalıdırlar!

Demək istəyirəm ki, “yaxşı adam”ın illah da gözəl əsər yazması ideyası absurddur. Hər hansı gözəl əsərin müəllifinin apriori yaxşı adam olması fikri də onun kimi. Ona qalsa, Napoleon, Stalin, Mussolini, Franko kimi adıbəlli sənətkarlar da şeir yazırdı, Hitler rəsm çəkirdi…

Bizdə cibində yazıçı “qnışqa”sı gəzdirən, özünü ciddən qələm adamı sayan və əski dönəmlərin kahinləri sayağı əliqabarlı insanlardan hörmət-izzət, yuxarılardan isə xələt – mükafat gözləyən sənətkarların sayı kritik həddə çatıb. Ölkə böyük bir təqdimat mərasimi meydanına çevrilib. Yeri gəlmişkən, mən indiyədək heç bir kitabımın təqdimatını keçirməmişəm, belə yerlərə də getmirəm. Təbii, yolum düşməsə. Buna görə inciyib-küsən dostlar da olur, amma eybi yoxdur: bu, onlara hörmətsizliyimdən irəli gəlmir, sadəcə belə bir şabaşda rol almaq istəmirəm. Adını ədəbi proses qoymaqla deyil ki!

Şabaş demişkən… Heç fikirləşmisinizmi ki, niyə sonuncu peyğəmbər Quranı poetik əsər, onun özünü isə şair (“Şairlər” sürəsinin son ayətləri) kimi təqdim etmək istəyənlərə qarşı çıxırdı?

Necə deyir: it unu misalı dağılıb dünyaya, tək səbir kimi hayana baxırsan şair, şair… vurana əlsiz, söyənə dilsiz, hərəsi bir meyxana dibində, çaxırı sirkəyə çevirən zamandan mərhəmət gözləyir, imdad diləyir; şeir yazır, elə bil qovğada baş yarır, həmişə hamıdan gileyli, içində insan deyə güvəniləcək kimsə yox, bir-birinin ətini yeməyə meylli, qan-qarğış, biçarə, tüfeyli; amma, onlar boğuşunca yolçuya yol verir Allah, yürü şer yazmayan erkək! Hərdən binəva şairə fitrədən, sadağadan fırlat, çünki, bu dünyadır, dostum, üsul və ərkan budur – qananlar qanmazlara borcludur. Çünki, cəhənnəmin veyil dərəsi, onsuz da, şairlərlə doludur…

Qərəz, vəziyyət şair-şüəranın meydan suladığı qədim Yunanıstandakı kimidir. Əli qələm tutan ya jurnalistdir, ya yazıçı-şair.

İndi bir Platon istəyir ki, çıxıb “Dövlət” dialoqu yazsın, əsərdə deyildiyi kimi, bu vəziyyəti yaradan kahinlərə çoxlu mükafatlar verib, dəfə-daraqla “ideal” dövlətdən sürgün etmək təklifində bulunsun. Təbii ki, məcazi anlamda sürgündən söhbət gedir…

P.S. Müəllif bütün şair və yazıçıları eyni arşınla ölçmür. Əks halda yazımızın heç bir qiyməti olmazdı.