vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
11:14 | 19 sentyabr 2022 | Bazar ertəsi Məqaləyə 1855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məntiq dərsi keçənlərin bu məntiqsizliyi

Bu düyünü çözən şəxs Nobel mükafatına layiq görülməlidir

Əslində əlavə etdiyim şəkil çox mesajlar verir, çox nəticələr çıxartmaq olar. Amma... Nensi Pelosinin səfərindən öncə bu səfərin əsas riski barədə öncəki statusumda yazdığım üçün bu dəfə qısa yazacam.

Əvvəla nəzərə alaq ki, Pelosinin bundan öncə də səfəri nəzərdə tutulsa da, həmin səfərlər baş tutmamışdı.

Budəfəki səfərin baş tutma tarixinə diqqət yetirək. Böyük Britaniya Kraliçasının vəfatı, dəfn hazırlıqları, Britaniyanın xarici siyasətində bütün fəaliyyətini demək olar ki, dondurduğu günlərdə ABŞ Cənubi Qafqazda təşəbbüsü qeyri-rəsmi səfərlə ələ almaq cəhdi edir.

İkincisi, bir daha əlavədə paylaşdığım məqalədə Nensi Pelosinin erməniləri eyforiyaya salaraq yanlış addımlara təhrik etməsi, ermənilərin atacaqları növbəti addımların onların özləri üçün daha böyük fəlakət olacağı ehtimalı yüksəkdir. Kaş bu ehtimalın risk və fəlakətlərini ermənilərin özləri görsələr.

Üçüncüsü, Ermənistanın nə Ukrayna, nə də Tayvan olmadığını hazırda ABŞ-da əhəmiyyətli görüşlər keçirən qardaş ölkənin Prezidenti R.T.Ərdoğan da ABŞ rəsmilərinin diqqətinə bir daha çatdırmaqdadır.

Dördüncüsü, bu təkcə hansı torpağın kimə məxsus olması, kimin nəzarətində olması məsələsi də deyil. Bu heç dünyanın vecinə də olmazdı. Necə ki, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərə təcavüzkar deyən də olmadı, hər hansı real addımı ilə buna etiraz edən dövlət də (qardaş Türkiyə, Pakistan və bizə müttəfiq olan bir-iki dövlət xaric). İndi baş verənlər ciddi və böyük iqtisadi planların kiçik tərkib hissələridir. Heç düşünmürəm ki, bir Ermənistana görə o iqtisadi planlarda dəyişikliklər edilə... Dünyanın iqtisadi tarixində bir neçə dəfə dünya düzəni formalaşıb. Heç bir dövlətin mənafeyinə görə həmin düzənə dəyişiklik edilməyib, əksinə düzənə mane olan dövlət ya yox olub, ya əzilib, ya da ofsaytda qalıb.

Beşincisi. Nə bu səfər boş bir səfərdir deyib qışqırmaq, nə də bu səfər bizim üçün faciədir fikri də doğru deyil. Bu səfərdə deyiləcəklər əvvəldən məlum idi. Dəstək, yardım təklifi, demokratiya, ərazi bütövlüyü məsələsini vurğulamaqları narahatlıq doğuran, bizim üçün Qarabağ məsələsində güclü bir kartdır (biz də 30 ildir ərazi bütövlüyümüz pozulub deyirik) və sair. Amma tarix göstərəcək ki, ermənilər bu səfərin eyforiyasından ayılıb real düşünməyə məhkumdurlar. Əlbəttə, ağıllı hərəkət edib öz iqtisadiyyatları üçün investisiyalar, qrantlar cəlb edəcəklər, bizimlə iqtisadiyyat sahəsində yarışa başlayacaqlarsa, cox gözəl. Amma bu səfərdən silahlanma, revanşist siyasəti gücləndirmək üçün çalışsalar onlar üçün bu sahədə qələbənin olmadığını ümid edirəm ki, özləri də başa düşürlər.  

Altıncısı, Ermənistana da şans verdilər. Bu şansdan iqtisadi sahədə faydalanmaq, xalqın rifahını artırmaq, yoxsa avantüranı davam etdirib yenə Qarabağ demək, müharibə demək, silahlanmaq, revanşa can atmaq. Növbəti səhv seçimin nəticəsini təsəvvür belə etmək çətindir.

Yeddincisi, biz müharibə, qan istəmirik. SSRİ dağılan ərəfədə və sonra Cənubi Qafqaza müharibənin ayaq basmasında alət olan dövlət Ermənistan oldu. Nəticəsi bəllidir. Bu dəfə digər bir böyük dövlətin əlində müharibə üçün alət olarlarsa, ən azı öz xalqına ən böyük zərbəni vurmuş olarlar.      

Narahatlıq, qeyri-müəyyənlik var. Bundan sonrakı dövrdə zamanla yarışmağa məhkumuq. Necə ki, özümüzün seçmədiyimiz qonşularımızla, taleyimizlə yaşamağa və ciddi dəyişikliklərin, ikili standartların hökm sürdüyü, ədalətsizliyin hələ də üstün olduğu dünyanın reallıqları ilə barışmağa məhkum olduğumuz kimi...

P.S. Bu haqsızlıq və ədalətsizlik təkcə bizə qarşı baş verməyib. Hindistan S400 alır, dəstəklənir. Deyirlər ki, Çinə qarşı balans yaradırıq. Türkiyə S400 alır, sanksiya tətbiq olunur. Deyirlər ki, NATO ölkəsidir. Standartları pozur. Digər NATO ölkəsi Yunanıstan S300-lər alır, əksinə dəstəklənir. Səbəbi soruşanda cavab verirlər ki, Yunanıstan Türkiyəyə qarşı balans yaratması üçün alıb. Bir NATO ölkəsi digəri ilə müharibə edəcək? Cavab verirlər ki, bu mümkün deyil. Dünyaya məntiq dərsi keçənlərin bu məntiqsizliyini çözən şəxs Nobel mükafatına layiq görülməlidir. Hər şey Türkiyəyə qarşıdır deməyin. Afrikada milyonları qıran Fransa bu gün insan haqlarından, “erməni genosidi”ndən danışır. Uzun alınmasın deyə bu kimi digər çoxlu misalları çəkmirəm.

P.P.S. Məntiqsizlik, haqsızlıq, ikili standartlar isə nə şəxs olaraq, nə dövlət olaraq heç kimi sındırmamalı, əzməməli, həvəsdən salmamalıdır. Əksinə, daha ayıq-sayıq, daha prinsipial, daha sərt etməlidir.