vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
08:48 | 9 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 122 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çinin Afrika resurslarına artan marağı

Pekin sənaye və təchizat zəncirlərinin sabitliyi üçün başqa qitəyə üz tutur

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Çin kritik sektorlarda xammal axınını təmin etmək və ABŞ və Avropa ilə artan rəqabətdə texnologiya məhsullarına yeni bazarlar tapmaq üçün Afrika ölkələri ilə sənaye və təchizat zənciri əməkdaşlığını təkmilləşdirməyə üz tutur.

Çinin Baş naziri Li Jiang Pekində keçirilən Çin-Afrika Əməkdaşlıq Forumu (FOCAC) çərçivəsində Sahibkarlar Konfransındakı çıxışında Afrika ilə sənaye və təchizat zəncirinin əlaqələrini dərinləşdirmək istədiklərini bildirib.

Çin və Afrika arasında sənaye tamamlayıcılığı olduğunu bildirən Baş nazir Li, “Biz sənayemizi və təchizat zəncirlərini koordinasiya üçün birləşdirdikdə, qarşılıqlı üstünlüklərimizi inkişaf sürətinə çevirə bilərik”, – deyib.

Dünən forumun açılışındakı çıxışında Çin lideri Si Tsinpin Afrika ilə Çinin sənaye təchizat zəncirində əməkdaşlığı yaxşılaşdırmaq üçün “sənaye artımı klasterləri” yaratmaqla bağlı tərəfdaşlıq planını açıqladı, həmçinin kiçik və orta şirkətləri gücləndirmək məqsədilə həyata keçiriləcək bir proqram olduğunu vurğuladı.

Digər tərəfdən, forumda qəbul edilən 3 İllik Fəaliyyət Planında tərəflər qlobal sənaye və təchizat zəncirlərinin axını və sabitliyini qoruyacaqlarını, birtərəfliliyin və iqtisadi təzyiqin bütün formalarına müqavimət göstərəcəklərini, o cümlədən maneələrə, iqtisadi əlaqələri kəsən və tədarük zəncirlərini pozan hücumlara qarşı çıxacaqlarını bildirdi.

***

Maraqlıdır ki, Çinin Afrikadakı hərəkəti qlobal sənaye və kritik sektorlarda təchizat zəncirləri üzərində ABŞ ilə artan rəqabət dövrünə təsadüf edir. Vaşinqtonun çip sektorunda Pekinin ixracına məhdudiyyətlər qoyması, Çindən idxal edilən elektrikli avtomobillərə yüksək tariflər tətbiq etməsi və Avropalı müttəfiqləri Yaponiya və Kanadanı da oxşar addımlar atmağa razı salması Çini bu sektorlarda yeni təchizat zəncirləri və bazarlar üçün inkişaf etməkdə olan ölkələrə istiqamətləndirir.

Çinin Afrikanın nəhəng xammal ehtiyatlarına, xüsusilə də kritik minerallara marağı və bu sahəyə investisiyaları artarkən, ABŞ, Avropa və digər ölkələrinin həddindən artıq istehsal siyasəti yürüdən Çinin ucuz qiymətli elektrik avtomobillərinə və yeni enerji avadanlıqlarına tətbiq etdiyi yüksək vergi və gömrük tarifləri ilə üzləşən Pekin üçün Afrika bazarı əhəmiyyətli bir alternativ olaraq önə çıxır.

Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun dərc etdiyi hesabata görə, Çin Afrikanın kobalt ixracının 72 faizini, manqanın 58 faizini və qrafitin 28 faizini alır. Bu 3 element elektrik avtomobil akkumulyatorlarının və anbar qurğularının istehsalında istifadə olunur.

Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, 2023-cü ildə Çinin Afrikaya elektrikli avtomobil ixracı 291 faiz, litium-ion batareya ixracı 109 faiz, günəş enerjisi panelləri və avadanlıq ixracı isə 57 faiz artıb.

Çin və Afrika ölkələri arasında ticarət həcmi 2000-ci ildəki 100 milyard yuandan (təxminən 14 milyard dollar) 2023-cü ildə 1,98 trilyon yuana (təxminən 280 milyard dollar) yüksəlib.

***

Çin və Afrika ölkələri arasında çoxtərəfli əməkdaşlıq mexanizmi olan FOCAC ilk dəfə 2000-ci ildə Pekində keçirilən sammitlə başlayıb. O vaxtdan bəri forumlar hər 3 ildən bir Çin və Afrika ölkələrində keçirilir.

2021-ci ildə Seneqalın paytaxtı Dakarda keçirilən 8-ci Forum COVİD-19 səbəbilə onlayn baş tutub. 9-cu Forum 2018-ci ildən bəri ilk üz-üzə görüş olub.

50-dən çox Afrika ölkəsinin dövlət və hökumət başçıları FOCAC 2024 Sammitində qonaq olublar.