vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
12:49 | 24 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 3758 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünya ədəbiyyatının beş şedevri

«Tərcümə Mərkəzinin Kitabları» seriyasından yeni kitablar işıq üzü görəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın günlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin «Tərcümə Mərkəzinin kitabları» seriyasından aşağıdakı kitablar çap olunacaq:

Xuan Rulfo  – «Pedro Paramo»

«Pedro Paramo» Meksika yazıçısı Xuan Rulfonun (1917-1986) yeganə romanıdır. 1955-ci ildə işıq üzü görmüş bu əsər magik realizm janrında qələmə alınan ilk Latın Amerikası romanlarındandır. Rulfonun romanı ispandilli ədəbiyyatın zirvələrindən sayılır və ədəbiyyatşünaslar onu XX əsr nəsrinin sonrakı məcrasını müəyyən edən bir məhək daşı sayırlar.

Əsərin qəhrəmanı Xuan Presiado yuxu ilə reallığın, həyatla ölümün arasında özünü tapmağa çalışır və axtara-axtara gerçəkliklə təxəyyülün sərhədlərini də itirir.

Romanın maraqlı cəhətlərindən biri də budur ki, Xuan Rulfo təxəyyülünün gücü əslində çox dərin fəlsəfi problemləri cəsarətli fantastikadan istifadə etməklə ön plana çıxarmaq bacarığında təzahür edir və üstəlik, bunu sırf milli yanaşma ilə həyata keçirir. 

Roman Karlos Fuentes, Qabriel Qarsia Markes, Xorxe Luis Borxes kimi dünya miqyaslı söz ustalarının yaradıcılığına da əhəmiyyətli təsir göstərib. Bunu bütün ədəbiyyat xiridarları deyirdilər. Markesin özü isə bu barədə çox sonralar belə yazdı: «Pedro Paramo» müxtəlif zamanlarda ispan dilində yazılmış bütün romanların ən gözəlidir».

Kitabı dilimizə yazıçı-tərcüməçi Yaşar çevirib.


Akutaqava Rünoske – «Tanrıların istehzası»

Görkəmli yapon yazıçısı, çox qısa bir ömür yaşamış Akutaqava Rünoskenin (1892-1925) irsini XX əsr ədəbiyyatının ən parlaq və ən qeyri-adi hadisələrindən sayırlar. Əsərlərinin mövzusunu tarixi xronikalardan, rəvayətlərdən, pritçalardan, əfsanələrdən alan sənətkar bütün istedadını dərin insan psixologiyasını, zahirən adi görünən hadisələrin alt qatını özünəməxsus tərzdə, yumşaq ironiya ilə açmağa sərf edib.

Akutaqava nəsrinin diqqəti insanın bir fərd kimi mövcudluğunun ən dərin qatlarına yönəlib. Bu kitabda oxucuya təqdim olunan novellaların bəzi qəhrəmanları özləri üçün həyati əhəmiyyət kəsb edən məsələlərin çözümünü ağır mənəvi seçimdən keçərək tapırlar. Digərləri isə, əksinə, həyatın mənası barədə düşüncələrə varmadan axına düşüb gedirlər...

Çox qısa ömür yaşamış və həyatına intiharla son qoymuş yazıçının hər novellasında onun özündən bir ştrix var. Diqqətli oxucu onları düzgün tapıb bir mozaik panno kimi düzə bilsə, Akutaqava miqyasının əzəməti onu heyran edəcək.

Kitabın tərcüməçisi Rövşən Ramizoğludur.


Matilda Urrutia – «Pablo Nerudayla yaşanan ömür»

Matilda Urrutianın (1912-1985) adı Azərbaycan oxucusuna tanış olmaya bilər, lakin böyük Çili şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Pablo Nerudanın ömür-gün yoldaşı olması onun qələmə aldığı bu kitabı da çox cəlbedici edir. Axı söhbət böyük şairin 20 ildən artıq sirdaşı olmuş, birlikdə çox zəngin ömür yaşadığı bir qadının yazdıqlarından gedir.

Matilda Urrutianın əsl dəyərini bilmək üçün onun haqqında Pablo Nerudanın yazdıqlarına müraciət etmək yerinə düşər:

«Matilda barədə deyə biləcəklərimin hamısını «Məhəbbət haqqında yüz sonet» kitabımda yazmışam. Ola bilər ki, bu şeirlər Matildanın mənim üçün kim olduğunu ifadə edə bilib. Bizi torpaq və həyat birləşdirdi. Bu, çoxları üçün maraqlı olmasa da, biz xoşbəxtik. Vaxtımızın çox hissəsini Çilinin xəlvət sahillərində birgə keçiririk. Bəzən vəhşi, tənha okeanımızdan ayrılıb, səsli-küylü şəhərə, başqalarının dərd-sərli həyatlarının əyani şahidinə çevrildiyimiz dəli şəhərə – Santyaqoya getməli oluruq... Mən yazdıqlarımın hamısını ona həsr edirəm. Elə çox yazmasam da, o razı qalır...» 

Kitabı dilimizə yazıçı-tərcüməçi Yaşar çevirib.


«Xilas yolunun yolçuları»

Bu kitabda bəhs olunan İlahi Həqiqətlər bəlkə də ilk baxışda sadə görünə bilər. Amma oxuduqca bu sadəliyin arxasında dayanan böyük məqamların söz-söz, qətrə-qətrə, damla-damla dərk olunması İnsanı şaşırdacaq dərəcədə möhtəşəmdir. Uca Yaradana aparan Müqəddəs Yolun – axırda vəhdəti-vücuda necə dönüşməsinin qavranılması baxımından bu topludakıların misli yoxdur. Çağdaş insanın təsəvvüf, sufilik haqda bilgilərinin kamilləşməsinə hesablanmış bu mətnlər İnsan və Yaradan münasibətlərinin ehkamlıqdan çıxaraq ruhi bağlılıqlarına tutulmuş bir aynadır. O-ndan gələnin O-na qayıdış Yolunun cizgilərini, konturlarını ruhi təkamüllə ortaya qoyan azman sufilərin yaratdığı bu mətnlər dini, fəlsəfi, insani baxımdan da əvəzsizdir. İnanırıq ki, mükəmməl təlqinlərlə üzərindən örtüklər götürülən bu sirr xəzinələri  ruhi paklığa səsləmək və Haqq Yolunun Yolçuluğunun ali məqam olduğunu bir daha diqqətə çatdırmaq yönündə sizlərə yardımçı olacaq.

Kitabı dilimizə yazıçı-tərcüməçi Afaq Məsud çevirib.


Ernest Heminquey – «Qadınsız kişilər»

XX əsrin görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminquey 1899-cu il iyulun 21-də İllinoys ştatında, Çikaqo civarındakı Ouk-Parkda, həkim ailəsində doğulub. 62 il ömür sürüb – 1961-ci il iyulun 2-də həya¬tına intiharla son qoyub. Heminquey «Əlvida, silah!», «Əcəl zəngi», «Qoca və dəniz» kimi məşhur romanların, «Bizim Miçiqanda», «Qalib heç nə qazanmır» adlı silsilə hekayələrin müəllifidir.

Azərbaycan Tərcümə Mərkəzinin bədii ədəbiyyat həvəskarlarına təqdim etdiyi növbəti kitab – «Qadınsız kişilər» toplusu özündə Heminquey yaradıcılığının zəngin və rəngarəng bir dövrünü – Birinci və İkinci Dünya savaşları arasındakı mərhələni ehtiva edir. Böyük sənətkarın yeni toplusuna «Qadınsız kişilər (hekayələr kitabı)», «Ya var, ya yox» romanı, həmçinin Afrika mövzusunda yazdığı məşhur «Kilimancaro qarları» və «Frensis Makomberin uzun sürmə¬yən xoşbəxtliyi» əsərləri daxil edilib.    

Kitabın tərcüməçisi Mahir N. Qarayevdir.