

Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzərTAc-a geniş müsahibə verib. İlin sosial-iqtisadi və siyasi yekunlarını şərh edən, hökumətin bu və digər sahələrdə gördüyü işlərdən ətraflı danışan PA rəsmisi nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatlarının və siyasi müxalifətin ünvanına ənənəvi sərt ifadələr də işlədib.
Sitat: «Çox təəssüf ki, bəzi xarici dairələr, dağıdıcı müxalifət və bir sıra yerli antimilli QHT-lər sinxron şəkildə "Eurovision-2012" və digər tədbirləri hədəf götürərək, heç bir əsası olmayan böhtanlarla, adi məsələlər ətrafında süni ajiotaj yaratmaqla bu tədbiri siyasiləşdirməyə, beynəlxalq ictimaiyyətin diqqətini başqa istiqamətlərə yönəltməyə çalışdılar. Vətəndaşların mülkiyyət hüququnun, ifadə azadlığının guya pozulması ilə bağlı təşkil olunmuş bədnam kampaniyaların əsas məqsədi də Azərbaycanı bir ölkə kimi gözdən salmaq, beynəlxalq ictimaiyyətdə ölkəmizə qarşı mənfi rəy formalaşdırmaqdan ibarət idi... Təəssüf ki, «Human Rights Watsh», «Amnistey İnternational», «Sərhədsiz Reportyorlar» kimi subyektiv məqsədlərə xidmət göstərən təşkilatlar Azərbaycana qarşı qərəzli kampaniyaların fəal iştirakçıları qismində çıxış edirlər".