vaxtlı-vaxtında oxuyun! Bazar, 15 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
Reaktorlar, bazalar və limanlar 18:08 | 14 iyun 2025 | Şənbə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Reaktorlar, bazalar və limanlar

İsrail və İran üçün həssas nöqtələr

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail dünən səhər saatlarında İrana hava zərbələri endirdikdən sonra iki ölkə arasında müharibə başlayıb. İranın İsrailə raket zərbələri ilə cavab verməsi və həmin günün gec saatlarında Təl-Əvivi bombalaması ilə qarşıdurma gecə boyu davam edib.

İsrail Tehranın nüvə silahı hazırlamaq üçün istifadə etdiyi hərbi obyektləri hədəfə aldığını iddia edir, Natanz AES-ə endirilən zərbə isə sızmalarla bağlı narahatlıqları artırıb.

İsrail İranı Tel-Əviv və Yerusəlimdəki mülki yaşayış məntəqələrinə zərbələr endirməkdə ittiham edərək toqquşmaları gücləndirməklə hədələyib, İran isə yeni hədəfinin ABŞ bazaları olduğunu açıqlayıb.

Qarşıdakı günlərdə toqquşmaların şiddətlənəcəyi gözlənilən həssas məqamlar bunlardır:

 

İsrailin kritik nöqtələri haradadır?

 

İsrail İranın nüvə proqramına qarşı daha çox hücumlara hazırlaşdığı üçün öz həssas ərazilərini qisasdan ciddi şəkildə qoruyub.

“The New York Times”a görə, ən çox ehtimal olunan hədəf İsrailin Negev səhrasının cənubundakı Dimonadakı nüvə reaktorudur. İsrail uzun müddətdir ki, nüvə imkanları dair qeyri-müəyyəndir, lakin hələ də nüvə silahına malik olduğuna inanılır.

ABŞ kəşfiyyatının bu yaxınlarda məxfiliyi ləğv edilmiş hesabatında deyilir ki, Dimona layihəsinə plutonium istehsalı üçün təkrar emal qurğusu daxildir. Hesabatda layihənin nüvə silahı ilə bağlı olduğu qənaətinə gəlinib. İsrail 1968-ci il Nüvə Silahlarının Yayılmaması Müqaviləsini imzalayan ölkə deyil.

Ölkənin əsas Aralıq dənizi limanları Hayfa və Aşdod da İran üçün mümkün hədəflər olaraq görülür. İsrailin enerji infrastrukturunun bir hissəsi olan dənizdə təbii qaz platformaları da var. İsrailin Energetika və İnfrastruktur Nazirliyi dünən bildirib ki, regionda artan gərginlik fonunda təhlükəsizlik narahatlığını əsas gətirərək dənizdəki qaz yataqlarının bəzilərinin müvəqqəti bağlanmasına göstəriş verə bilər.

İsrailin beynəlxalq hava limanı Ben Qurion da hədəfə alınıb. Dünən səhər saatlarında hava limanı mülki şəxslərin hərəkəti üçün bağlanıb və bütün uçuşlar ləğv edilib. Ötən ay İranın dəstəklədiyi Husi terrorçuları tərəfindən Yəməndən atılan ballistik raket, ordunun raketi zərərsizləşdirə bilmədiyi üçün Tel-Əviv yaxınlığındakı əsas Ben Qurion terminalı yaxınlığında partlayıb.

İsrail ordusunun da qərargahını və ölkə ətrafındakı hava bazalarını qorumaq üçün tədbirlər görəcəyi ehtimal edilir.

 

“Amerika bazalarına yayılacaq”

 

İranın Fars Xəbər Agentliyi yüksək rütbəli hərbi məmura istinadən “Telegram” hesabında döyüşlərin “yaxın günlərdə Amerika bazalarına yayılacağını” bildirib və İraq kimi yerlərdə hədəflərlə bağlı narahatlıqları artırır. İranın regional tərəfdaşı kimi görünən İraq, Tehranın dəstəklədiyi silahlı qrupların təhlükəsizlik qüvvələri ilə əlaqəsi olmasına baxmayaraq, 2500 ABŞ əsgərinə ev sahibliyi edir.

İran həmçinin ABŞ, Böyük Britaniya və Fransanı İsrailə hücumları dayandırmağa kömək edəcəkləri təqdirdə bölgədəki bazalarını və gəmilərini hədəf alacaqları ilə hədələyib.

ABŞ-ın İraq, Küveyt, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri kimi əsas neft hasil edən bölgələrində hərbi bazaları var.

 

İranda haralar vurulub?


Bu arada İsrail iddia edir ki, İranda ən azı 100 hədəfə, o cümlədən Tehranın hərbi rəhbərliyinə və İranın nüvə proqramının strateji obyektlərinə hücum edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) indiyədək Tehrandan təxminən 250 km aralıda yerləşən Natanz nüvə obyektinin vurulduğunu təsdiqləyə bilib. Hücum zamanı nə qədər ziyan dəydiyi bəlli deyil, lakin MAQATE obyektdən kənarda aparılan ölçmələrdə radioaktivlik səviyyələrinin artmadığını açıqlayıb. Digər tərəfdən, müəssisənin daxilində kimyəvi və radioaktiv çirklənmənin olduğu bildirilib. Müvafiq tədbirlərlə bu çirklənmənin nəzarətdə saxlanıla biləcəyi bildirilir.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatına görə, Tehrandakı hədəflər arasında Fərəhzad, Əmir Abad və Əndərzqou məhəllələri, Lavizan rayonu və Asatid-e Sarv kompleksi var. Tehranın Nobonyad, Lanqari və Patris Lulumba küçələrində və Cahan Koudak qülləsindəki hədəflər də vurulub.

İranın qərbində yerləşən Kirmanşahdakı yeraltı raket bazasının hədəfə alındığı da məlumdur. Yaxınlıqda İran ordusunun aviasiya bazası və İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) obyekti də var.

 

Növbəti mümkün hədəf: Fordo nüvə obyekti

 

İsrailin növbəti hədəfinin İranın ikinci ən böyük nüvə kompleksi olan Fordo zənginləşdirmə obyekti olduğu düşünülür.

Mütəxəssislərin fikrincə, Fordo obyekti belə bir hücumun qarşısını almaq üçün yerin dərinliklərində tikilib. İranın orada silaha yararlı uran saxladığı iddia edilir. Bəziləri bu obyekti “Tehranın tez bir zamanda bomba istehsal edə biləcəyi yer” kimi xarakterizə edir.

“The New York Times” qəzetinə danışan ekspertlər bildiriblər ki, Fordo İranın nüvə proqramını tamamilə dayandırmaq üçün İsrailin ən böyük hədəfidir.

 

İsfahanda minlərlə alim çalışır

 

İsrail ordusunun sözçüsü Effi Defrin mətbuat brifinqində İranın İsfahandakı nüvə obyektini vurduğunu bildirib. Defrin orada uranın zənginləşdirilməsi infrastrukturunu məhv etdiklərini iddia edib.

Lakin İran rəsmiləri bu iddianı təkzib ediblər. Birləşmiş Millətlər Təşkilatının Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə danışan rəsmilər İsrailin Fordo, İsfahan və Buşehrdəki nüvə obyektlərinə zərbələr endirmədiyini bildirib.

Tehrandan təxminən 350 km cənub-şərqdə yerləşən İsfahanda minlərlə nüvə alimi çalışır. İsrail indiyədək İranda 10-dan çox nüvə alimini öldürdüyünü bildirib.

 

Obyektdə həmçinin ölkənin atom proqramı ilə əlaqəli üç Çin tədqiqat reaktoru və laboratoriyası var. İsfahan İranın ən böyük nüvə tədqiqat kompleksi hesab olunur.

Tehrandan təxminən 750 km cənubda Fars körfəzində yerləşən Buşəhr AES İranın yeganə kommersiya nüvə elektrik stansiyasıdır. Buşəhr İranda deyil, Rusiyada istehsal olunan uranla qidalanır və MAQATE tərəfindən yoxlanılır.

 

Təbrizdə neft emalı zavodu

 

İranın Mehr Xəbər Agentliyi də İsrailin bu gün Təbrizin şimal-qərbində yerləşən neftayırma zavoduna hücum etdiyi xəbərini yayıb. Obyektdən tüstünün qalxdığı bildirilib.

Bununla belə, neft emalı zavodu iddiaları təkzib edib və normal istehsalın davam etdiyini bildirib. Buobyekt də İsrailin hədəf ala biləcəyi kritik bölgələr sırasındadır.