vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
MÜSAHİB  
17:26 | 19 aprel 2019 | Cümə Məqaləyə 3305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

25-ə bölünən mim...

Bəxtiyar Xanızadə: “Sözsüz daha yaxşı anlayır və yəqin ki, anlaşılıram... Əfsuslar olsun ki, insanlıq daha çox sözə inanır”

Söhbətləşdi: Həmidə NİZAMİQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur filosof Əbu Turxan deyir ki, ruhu azad olan insan əbədiyyətin bir parçasıdır. Bu mənada o, hər zaman azad ruhu ilə seçilib. Danışanda da, susanda da məhz bunu ehtiva edib – ruhunun azadlığını. Elə onunla söhbətimizdə də azadlıq hakim oldu. Hər iki tərəf üçün...

Beləliklə, həmsöhbətimiz Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, aktyor, Xalq artisti Bəxtiyar Xanızadədir.

 

- Söhbətimizin mövzusu təbii ki, siz və yaratmış olduğunuz 25 yaşlı Pantomima teatrıdır. Bu gün tamaşaçılar tərəfindən tanınan və sevilən Bəxtiyar Xanızadəyə 25 il əvvələ səyahət rahatdır?

- Baxır siz nəyi eşitmək və eşitdirmək istəyirsiniz. Ümumilikdə keçmişdən bir sıra məqamları xatırlayıram. Uşaqlığım çox yaxşı yadımdadı. Ondan fərqli olaraq institut illərini o qədər də xatırlamıram.  Tələbəlik illərimdə “Qərib cinlər diyarında” filminə çəkildim və çəkilişdə olduğum 90 gün tam xatirimdədir. Elə o illərdə mərhum Vaqif İbrahimoğlunun “Aktyor evi”ndə açdığı studiyada onunla işlərim də yadımdadı. 1976-cı ildən bu yana onunla bağlı hər an yaddaşımda möhkəmlənib. Və gəldik Pantomima teatrına həsr etdiyim 25 ilə. Hə, bax o illərin, o zamanın hamısı yadımdadır. Hər bir anı ilə.

 

- Maraqlı bir yaddaş qovluğu yaratmısınız. Onda gəlin o qovluqdakı pantomima hissəsini vərəqləyək.

- Teatrı açmaq illərim hamısı yadımdadı. Stulların üstündə necə yatmağımız, Gənc Tamaşaçılar Teatrının binasında hamı getdikdən sonra gecədən xeyli keçənədək,  bəzən səhər 5-ə qədər çəkən məşq, iş prosesimiz, qoyduğum ilk tamaşalar...

 

- Dövr də asan deyildi. Bu günün prizmasından baxanda  kosmopolit görünən teatr yaratmaq arzunuzun kökündə nə dururdu?

- Teatr 1994-cü il mayın 16-da mədəniyyət nazirinin sərəncamı ilə “Dəli yığıncağı” Pantomim teatr-studiyası kimi yarandı. Çox çətin bir dönəm idi. Müstəqil dövlətin müharibə yaşayan toplumunda teatr bir az  başqa səslənirdi. Bax həmin zaman rəhmətlik Həsənağa Turabov Teatr Xadimləri İttifaqında müxtəlif teatr bayramları keçirdi, festivallar təşkil olundu. O illərdə bizimlə yanaşı başqa teatrlar da yarandı. Tamaşalarımız da maraqla izlənirdi.

 

- O qədər teatrlar mövcud olduğu halda niyə məhz forma olaraq pantomima, mimlər teatrı yaratdınız?

- Bu mənim daxili ehtiyacım, bədən dili ilə danışmaq istəyim idi. Uşaqlıqdan heykəltəraşlıqla məşğul olmağım, teatrda poza və jestlərdən gələn əhvalı yaxşı duymağım və bunu məharətlə göstərməyim də vardı. Ardınca 1985-87-ci illərdə Sankt-Peterburqda hərəkət fənləri üzrə təhsil aldım və zamanla anladım ki, mənim ifadə vasitəm məhz mimlərdir.

 

- Hüseynağa Atakişiyev, Vaqif İbrahimoğlu, Cənnət Səlimova, Bəxtiyar Xanızadə... Bu adlarla yeni teatrlar yarandı. Nə idi bu istək?

- Bu hansısa daxili ehtiyacdan doğan bir istək idi və biz ummurduq ki, kimsə bizə kömək eləsin, bina versin, şərait yaratsın. Biz sadəcə olaraq  işləmək istəyirdik.

 

- Qayıdaq sizin teatr və onun yaradıcılıq məhsullarına. Keçən zaman ərzində nə dəyişib?

- O illərdə  daha çox satirik komediya janrında tamaşalar hazırlayırdım. İnsanlar, həqiqətən də, gəlirdilər, zal dolurdu. Adamlar var idi ki, bir tamaşaya bir neçə dəfə baxırdı. Əsasən komediya, satira, yumor üzərində qurulan tamaşalara maraqla baxırdılar. Son illər artıq bu istiqamətdə işləyə bilmirəm.

 

- Səbəb? Bu sizin ruh halınızla bağlıdır, yoxsa tamaşaçının tələbinə adekvat reaksiyanız?

- Mənə elə gəlir ki, o vaxt insanların dərdi, yükü ağır idi. Və o maddi və mənəvi, psixoloji və fiziki dərdə, ağırlığa, problemlərə belə bir yumor, məzə ilə yanaşa bilirdim. Bu gün isə hamı deyib-güldüyü halda məndə tamam başqa bir əhval yaranır və bu əhvaldan törəyən “Manqurt”, “Son ştrix” əmələ gəlir. Heç cür gülə bilmirəm və yəqin ki, bunun səbəbini teatrşünaslar analiz edib, araşdırmalıdırlar.

 

- Sizə tamaşaçı təsir edir, yoxsa?...

- Yox, əksinə, mən tamaşaçıya təsir edirəm. Mənə də həyat təsir edir. Yaşayıram, işləyirəm, hiss edirəm və bu yığılanlardan tamaşa yaranır. Bunu izah eləmək və ya niyə etdiyimə cavab tapmaq isə çətindir.

 

- Bu günün tamaşaçısının istədiyi səhnə menyusunu tərtib etmək nə dərəcədə realdır?

- Sifarişlə əsər hazırlaya bilmirəm. İstəyirəm, amma alınmır. Xatirimdədi, 1995-ci il idi. Mədəniyyət Nazirliyindən Moskvada keçiriləcək Füzuli günləri ilə bağlı əsər səhnələşdirmək sifarişi gəldi. Təklif cəlbedici idi. Axı hansı təzə yaranmış teatr istəməz ki, Moskvada çıxış eləsin? Mən də truppanı yığdım və məşqə başladıq. Verilən 2 ayda nə qədər məşq etsək də, heç nə alınmadı. Buna görə mənə gülən də oldu, “necə rejissorsan ki, bir tamaşa qura bilmirsən” deyən də. Amma nə edim ki, alınmadı. Üstündən 6-7 ay keçəndən sonra Polad Bülbüloğlunun “Bayatı-Şiraz” simfoniyası əlimə düşdü. Evdə xəstə idim, durmadan onu dinlədim. Sonra da truppanı yığıb 25 günə “Gəldim ki, olam ğəmin hərifi” tamaşasını qurdum və bu nümunə dünyanı gəzdi. Necə oldu, heç özüm də bilmədim. İndi də bu belədir.

 

- Axı hər əsər də pantomima tamaşasına çevrilə bilməz.

- Hə, o da var. Arada küsənlər də olur. Oturub hamıya bir-bir izah edə bilmərəm axı. Eləyə bilmirəm, istəsəm də, alınmır.

 

- Özünüz necə, inciyib küsürsünüzmü? Etirazınızın, küskünlüyünüzün mimi hansıdır?

- Yox, son illər daha heç kimdən və heç nədən incimirəm. Əvvəl inciyirdim. Məsələn, o illərdə gənclərdən incimişdim və “Nağaraçılar” tamaşasını qurdum. İncikliyimin mimika və jestləri də o tamaşada var. İndi inciməyi başqa bir hal ilə əvəzləmişəm. İnsan nə zaman inciyir? Başa düşülmədiyini düşünəndə. Və ya “bunu niyə belə edir?” deyiləndə. Bax indi ətrafımdakıların “bunu niyə belə edir”indən  incimirəm. Çünki o niyə və onun altındakı səbəb artıq aydındır.

 

- İnsanlarla susaraq danışmaq rahatdır, yoxsa dilləndirdikdə?

- Sözsüz daha yaxşı anlayır və yəqin ki, anlaşılıram. Sözə gəlincə, teatrımızda U.Şekspirin “Hamlet”ini qurdum. Doğrudur, o qədər də uğurlu alınmamışdı. Əsər mənim üçün indi də aktualdır. Amma Hamleti həm də sevmirəm. Çünki o, sözbaz, əngədöyən, bir əməli olmayan adamdır və mən də əməli olmayan adamın sözünə inanmıram. Əfsuslar olsun ki, insanlıq daha çox sözə inanır.

 

- 25 illiyinizə necə hazırlaşırsınız? Axı siz hələ gəncsiz.

- Yox, biz gənc deyilik. Doğrudur, kiçik bir səhnə üçün əlləşirik, günlərlə düşünürük. Amma zaman keçdikcə özümüzə tələbimiz artmalıdır və artıq 146 yaşlı peşəkar teatrın 25 illik hissəsi olmaq balaca rəqəm deyil. Deməli, bizim səhv eləmək kimi bir şansımız yoxdur. Artıq yetkin yaşındayıq. Yetkinin yetdiyini də yalnız yubiley gecəsində biləcəksiniz (gülür). 

 

- Teatrınız haqqında danışdıqda gözlərinizin içi gülür. Yaratdığınız əsər kimi onunla daim qürur duyursunuz?

- Bu barədə çox düşünmüşəm. İzahı isə sadədir: teatrı sevirəm. Hansı formada fəaliyyətindən asılı olmayaraq.

 

- Həm də məhəbbətinin qarşılıqlı olub-olmadığını düşünmədən. Sevginizin məcburiyyət olduğunu hiss etmisinizmi?

- Maraqlıdır, bu barədə mən də çox düşünürəm. Əminəm ki, bütün varlığımla, bütün sevgimlə bu teatrın qulluğundayam. Bu mənada teatrın nökəri olan, sırası tükənən sonuncu adamlardanam. Bəzən özümü də unuduram. Bir aşiq-məşuq kimi, sadəcə, həm də düşünmədən sevirəm.

 

- O da sizi sevir?

- Hə, bununla bağlı bir həqiqət var: teatr elə bir varlıqdır ki, o, heç kimi sevmir və ona yaxın olmaq istəyən, onunla yol getmək istəyənlərin əksəriyyətini bədbəxt edir. Çünki teatr məfhumu ona təmənnasız qulluq istəyir və minnəti qəbul etmir. Ona təmənnasız qulluq edən üçün də qoruyucuya çevrilir. O, həqiqi aşiqi duyur, ucaldır, izzət sahibi edir. Onunla fədakarlıq oyunları oynadıqda, umacaqlı olduqda da qəddarcasına məhv edir.

 

- Bəxtiyar müəllim, teatrların kadr potensialından da danışaq. Konkret olaraq sizin teatra aktyor marağı varmı və hər aktyordan mimçi olarmı?

- Hər aktyordan pantomima aktyoru olmaz və ümumən bu gün teatra aktyor axını azdır. Çünki aktyorlar indi başqa yerə yönəlib – seriallara, televiziyaya, müğənniliyə, daha tez məşhurlaşmağa. İndi yerindən duran özünə aktyor deyə bilər, çünki danışa bilir.

 

- Hazırkı kadrlarınızı, truppanızı necə dəyərləndirirsiniz?

- Yaxşı bir söz var: əlinin altında nə var istifadə elə, dəli olub dağa düşmə.

 

- Sizi anlayıram, amma bir var əlində olanla kifayətlənmək, bir də var seçim etmək şansı.

- Əlbəttə, seçim etmək şansımız olsa nə xoş. Amma nə edək ki, bunu istəyən yoxdur.

 

- Yəqin tamaşa qoymaq istədiyiniz mövzu, ya əsər olub və siz onun hərəkət dilini tapa bilməmisiniz...

- Elə şeylər var ki, edə bilməmişəm. Məsələn, bir ideyam var ki, ona tamaşa desəm gülərlər, amma həm də tamaşadır. Ki, bir nəfər səhnəyə, zalın qarşısına çıxsın, nə isə demək istəsin və qət edə bilməsin. İçərisi suallar, deyim-deməyim intizarı ilə dolu olsa da, sussun, hərəkətsiz dayansın və 40 dəqiqə zalı belə saxlasın. Sonra da “yox, deməyəcəm” deyib getsin. Bax bu tamaşanı görmək istərdim.

 

- Mən də o tamaşaçını.

- (Gülür) Yox, o tamaşanı eləyə bilsəm, tamaşaçısı da olacaq, buna əminəm.