vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
13:47 | 14 iyun 2019 | Cümə Məqaləyə 17572 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

55 ilin “Sehrli xalat”ı

Yaxud Azərbaycanda fantastik janrın, dünyada kino tarixində isə “zaman maşını”ın ilklərindən biri

Şəhla ƏMİRLİ
kinoşünas

Çoxşaxəli kinoya baxımlılıq gətirən əsas səbəblərdən biri də nağıl janrlı ekran əsərlərinin yaranmasıdır. Ədəbiyyatda olduğu kimi, kinoda da nağıl janrını uşaqlı-böyüklü hamı sevir. Hətta peşəkar kinorejissorların bir çox nağıl-filmləri var ki, çəkilməsindən uzun illər ötməsinə baxmayaraq, uğurlu ekran taleyini yaşamaqdadır. Belə filmlərimizdən biri də bu il 55 yaşını qeyd etdiyimiz “Sehrli xalat” filmidir.

Filmin quruluşçu rejissoru Azərbaycan kinosunda özünəməxsus dəst-xətti ilə seçilən, ələlxüsus da uşaq-fantastika janrlı ekran əsərlərilə kiçikyaşlı tamaşaçıların sevimlisinə çevrilən Əlisəttar Atakişiyevdir. Onun birinci nağıl filmindən (“Bir qalanın sirri”) fərqli olaraq bu ekran əsərinin qəhrəmanları həyat bilgilərini və elmi təfəkkürlərini yetkinləşdirməyə çalışan əməksevər və iddialı məktəblilərdir. Onlar ağıllı olduğu qədər də çalışqandırlar. Filmin ilkin kadrlarından xoşbəxt uşaq dünyasının ab-havasını duyuruq. Filmi izlədikcə XX əsr müasirlərinin həyat hekayəsinin nağılla necə əlaqələndiriləcəyinə, zaman və məkan anlayışının sintezinə diqqət edirik. Maraqlı və məntiqli kadrlar sıralandıqca müəlliflərin təfəkkür zənginliyini anlayır, niyyət və məqsəd gözəlliyini görürük. Rejissor nağıl janrlı filmə fantastik-macəra janrını əlavə etməklə keçmiş və gələcək haqqındakı təsəvvür, arzu və düşüncələrini daha rəngarəng şəkildə tamaşaçılara təlqin edir, quraşdırma səhnələrin ustalıqla dəyişikliyinə əsasən keçmişlə gələcəyi əsaslı şəkildə müqayisələndirir. Film yüksək mənəvi dəyərləri, vacib etik keyfiyyətləri təlqin edən ideyalarla zəngindir. Yeniyetmə məktəblilərin mənəvi yüksəlişinə, şəxsiyyət tamlığına ünvanlanan etik keyfiyyətlər ön plana çəkildiyindən, mərdlik, qorxmazlıq kimi vacib xüsusiyyətlər əsas götürüldüyündən yaradıcı heyətin böyük zəhməti hesabına ərsəyə gələn heyrətamiz və unikal çəkiliş növləri ikinci plana keçir. Bu isə rejissorun əsas məqsədinin texnikanın nailiyyəti olan kinonun imkanları hesabına filmi sevdirməsi yox, hadisələrin məhz məntiqli və real şəkildə tamaşaçıya çatdırılması üçün kino texnikasından bacarıqla istifadə etməsi deməkdir.

“Sehrli xalat”da uşaq rollarından birini – Eldar obrazını məharətlə oynayan Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov filmlə bağlı müsahibəsində bildirir ki, tanınmış kino rəssamı Rafis İsmayılov onunla maraqlı bir faktı bölüşüb. Rafis müəllim qeyd edib ki, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alarkən onlara quraşdırılmış səhnələrin texniki sirlərini tədris edəndə əyani vəsait kimi məhz “Sehrli xalat” filminin kadrlarını nümayiş etdirirlərmiş. Əlisəttar Atakişiyevin həm də kino rəssamı olması və kinoya həddən artıq vurğunluğu mövzuyla bağlı, eyni zamanda animasiya kadrları üçün lazımlı olan dekorasiyalarla əlaqədar şəxsən məşğul olmasına imkan yaradırdı. Yusif müəllim onu da vurğulayır ki, filmdə gördüyümüz ipək parçadan tikilmiş sehrli xalatın üzərində olan rəsmləri Əlisəttar müəllim öz əli ilə işləyib.

Göründüyü kimi, filmin bu və ya digər mühüm keyfiyyətlərini önə çəkən rejissorun obrazlı təfəkkür qabiliyyəti, istedadı, məntiqli təsəvvürü, qabaqcıl dünyagörüşü, pedaqoq, psixoloq, təşkilatçı, mahir müşahidəçi və digər üstün keyfiyyətlərə malik olması filmin ümumi kompozisiya tamlığını təmin edib. Bu kimi önəmli keyfiyyətlərin labüdlüyü “Sehrli xalat”ın təravətini qoruyub saxlayıb.

Böyük bir hissəsi kinostudiyanın pavilyonlarında çəkilən filmdə keçmiş və gələcəyə uyğunlaşdırılmış sarayın interyerinin qüsursuzluğu filmin uğurunu təmin edir. Rejissor diqqətindən yayınmayan detal və fon çəkilişləri, əlbəsə seçimi, qrim və geyim rəssamlarının peşəkarlığı müxtəlif dövrlə bağlı ictimai həyatın real inikasını yaradıb, filmi baxımlı edib.

Qəhrəmanların sehrli xalatla keçmişə səyahəti zamanı Orta əsr dövrünün qanunsuzluqlarını, insanların zülm və qəddarlıqla qarşılaşdığını görürük. İctimai bərabərsizlik, zülmün ifrat həddi Xanın hüzuruna gətirilən yaşlı kişi və iki uşağın timsalında təhlil olunur. Gələcəyə səyahətdə isə yeniyetmələrin tərəqqi və inkişafa uyğunlaşdırılmış komfort həyat şəraitini izləyirik. Müqayisəli zaman fərqində formalaşmış təfəkkür gözəlliyi, elm və mədəniyyətin inkişafı bilavasitə qalibiyyət qazanır. Beləliklə də, xoş məqsədə yönəlmiş fantastik-macəra janrlı ekran əsərində qolun, qılıncın gücü yox, elm və şüurun təsiri təlqin olunur. Uşaqların şəxsiyyətində cəmlənən təfəkkür zənginliyi, idrak prinsipiallığı, mərdlik, zəhmətsevərlik, nəciblik və başqa insani keyfiyyətlər xarakterizə edilir. Bununla da rejissorun bütün zamanlarda zülmün, qəddarlığın və müxtəlif həyati problemlərin həlli yolunu təfəkkür zənginliyinə, mərdliyə ünvanladığını görürük.

Azərbaycan kinosunda nağıl janrlı filmləri ustalıqla yaradan Əlisəttar Atakişiyevin bu filmdə əksini tapan gələcəklə bağlı düşüncələri illər sonra məntiqə uyğun şəkildə bir çox faktlarla tamaşaçıları heyrətləndirdi. Elektron kitabların oxunuşu, rəqəmsal videokameranın təqdimatı, görüntülü əlaqə yaratmaq, insanların aya səyahəti, işıqlandırmanın kənardan idarə edilməsi və s. kadrlar rejissorun yalnız növbəti əsrlə bağlı olan fantaziyalarını yox, eyni zamanda gələcəyi duymasını, minlərlə insan şüurunun doğru səmtə təlimatlandırmasını təsdiqləyir. Bu isə daim yaradıcılıq axtarışında olan kino xadiminin yaradıcılıq üslubunun zənginliyini göstərir.

Filmin ssenarisini Ə.Atakişiyev Aleksandr Tarasovla birlikdə iki ilə yazıb. Filmdə təsvir olunan pionerlər sarayı “Azərbaycanfilm” kinostudiyanın pavilyonunda qurulub. Xanın şosedə məktəblilərdən qaçdığı natura kadrları isə Bakıda (Maştağa ilə Buzovna, Nardaran arasındakı yollarda) və Göyçayda (pambıq tarlasında) çəkilib. Pionerlər sarayının ustalıqla hazırlanmış interyeri tamaşaçını binanın qədim və real olduğuna inandırır.

Filmi baxımlı edən nüanslar çoxdur. Bunlardan biri də məktəblilərdə olan ruh yüksəkliyinin diqqətə çarpmasıdır. Yusif Şeyxov uşaqların kinoya sevgisini belə şərh edir: “Hər gün çəkilişlərə Bakı məktəblərindən onlarla uşaq gəlirdi. Oxuduğum 23 nömrəli məktəbdən də bir neçə uşaq dəvət etmişdilər. Biz bir otağa daxil olurduq. Orda yaşlı bir adam oturmuşdu. Sonradan bu insanın bizi filmlərdə məşhurlaşdıran Əlisəttar Atakişiyev olduğunu bildim. O, uşaqlara bir neçə sual ünvanlayırdı. Maraq doğuran uşaqların ev ünvanları, telefon nömrələri götürülürdü. Məndən də telefon nömrəmi aldılar. Yoxlanılan uşaqlar digər çıxışa yönəldilir, başqa qapıdan yeni uşaqlar daxil olurdu. Beləcə, seçim davam edirdi. Biz foto sınaqlardan sonra kino sınaqlardan keçdik. Kinostudiyada hər gün yeni uşaqlar görürdük. Onlar sınaq çəkilişlərində iştirak etmək üçün gəlirdilər. Çəkilişlərdən əvvəl məşqlər başlanırdı. Uşaqlar öz aralarında bir-birlərinə rəqib kimi baxırdılar. Çalışırdıq ki, bizdən nə tələb olunursa artıqlaması ilə yerinə yetirək, hər birimiz üstünlüyü əldə saxlayaq. Çünki çəkiliş meydançası bizim üçün yarışma xarakteri daşıyırdı. Sınaq çəkilişlərində məni əvvəlcə Rəşid obrazı üçün çəkdilər, sonra isə Eldar roluna təsdiqlədilər. Rəşid roluna Azər Qurbanov çəkildi. Əlisəttar müəllim uşaqlarla səbir və həvəslə işləyirdi. Bu bizə stimul verirdi. Çəkiliş zamanı bəzi yaddaqalan hadisələr də olurdu. Filmin çəkilişləri sentyabr ayına təsadüf etdiyindən hava çox isti idi. Biz adətən yeməyi evdən götürürdük, ancaq çəkiliş zamanı bizim üçün su ehtiyatı yaradılırdı. Uşaqların Xanı qovduğu səhnəni çəkirdilər. Nədənsə həmin gün su ehtiyatı görməyi unutmuşdular. Biz çox susamışdıq. Maştağada çəkiliş aparılan məkanın hər iki tərəfi yaşıllıqlarla örtülmüşdü. Bağlarda üzüm, əncir meyvələri vardı. Ancaq özgə həyəti olduğu üçün biz ora gedə bilməzdik. Filmin rejissor assistenti Azər Süleymanov aktyor Əliağa Ağayevlə nə haqdasa danışdılar və yaxındakı bağa getdilər. Bir qədər sonra A.Süleymanov bizim də ora getməyimizi söylədi. Biz bağa gedəndə bir yaşlı qadın bizi gülərüzlə qarşıladı, meyvələrə, suya və çaya qonaq etdi. Bu bizim üçün gözlənilməz idi. Sonra bildik ki, sən demə Azər Süleymanov bağın sahibi olan qadına bildirib ki, İran şahı qonaq gəlib. Yoldan keçəndə qadının bağını bəyənib və bağa baxmaq istəyib. Qadın qonağı evə dəvət edib. Əliağa Ağayev də Xan libasında həyətə daxil olub. Peşəkar aktyor kimi də İran şahı rolunu fərqli ləhcə ilə məharətlə oynayıb. Qadın təəccüb və heyrətdən donub qalıb və məmnuniyyətlə qonağı çay süfrəsinə dəvət edib. Fürsəti fövtə verməyən Azər müəllim bildirib ki, bəs qonaq tək deyil onu iyirmiyə qədər uşaq müşayiət edir, onları çağırmasaq düzgün olmaz. Qadın “gəlsinlər-gəlsinlər” deyə sevincək razılıq verib. Beləcə, həmin gün biz hamımız tanımadığımız bağ sahibinin qonağı olduq”.

Filmdə maraqlı nüanslardan biri də pionerlər sarayının uşaqlar tərəfindən bəzədilməsi ilə yanaşı, bütün məhsuldar və çətin işlərin öhdəsindən onların bacarıqla gəlməsi fikridir. Elektrik naqillərini yoxlayan Eldar məsuliyyətli və qorxulu bir işlə məşğuldur. O, montyor kimi çətin bir işin öhdəsindən gəlir. Rejissor bununla nə demək istəyirdi sualına Yusif Şeyxov belə cavab verdi: “Həmin vaxtlarda Pionerlər evində uşaqlar üçün müxtəlif dərnəklər vardı. O dərnəklərdə uşaqlar fərqli peşələrin sirlərini öyrənirdilər. Həmçinin Eldarın elektrik xətlərini təmir etməsi, sarayın müxtəlif rəngli işıqlarla bəzədilməsi işinin öhdəsindən bacarıqla gəlməsi uşaqların istedadlarının vaxtında doğru səmtə yönləndirilməsi fikrini vurğulayır”.

Filmin əvvəlində məşhur rəqqas, xoreoqraf Əlibaba Abdullayevin quruluşunda məktəblilərin təqdim etdikləri rəqs də diqqətimizi çəkir. Rəqsin özündə belə cəsur xüsusiyyətlər xarakterizə edilir. Etik keyfiyyətləri önə çəkən filmin ideya zənginliyi xoş məqsəd və niyyətin məhsuludur. Keçmişə və gələcəyə qorxmadan səyahət edən məktəblilərin cəsurluğu, elmə, biliyə meyilliliyi isə layiqli vətəndaş mövqeyinin pafossuz təbliğatıdır. Uşaq filmlərinə və uşaqların həyatından bəhs edən mövzulara müraciət etməklə, mərdlik, qorxmazlıq kimi xüsusiyyətləri önə çəkməklə rejissorun məhz vətənə layiqli övladların yetişməsi arzusunu görürük. Bununla da nağıl filminin məzmun və ifadə gözəlliyinin möhkəm və sağlam əqidədən bəhrələndiyini, həyatı bilən ziyalı rejissorun yaradıcılıq prosesində üslub və janr müxtəlifliyi əsasında sənətkarlıq qüdrətini nümayiş etdirdiyini, “Sehrli xalat”ın sevilmə səbəbinin zəhmətə, mərdliyə, qəlb və düşüncə gözəlliyinə ünvanlandığını görürük.