vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AKTUAL  
16:53 | 4 aprel 2020 | Şənbə Məqaləyə 1646 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Virus”larla virusa qarşı mübarizə

Sözün daşıdığı məna nə qədər önəmlidirsə, onu ifadə edən şəxsin daşıdığı keyfiyyətlər də bir o qədər önəmlidir

Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Həssas dönəmdir və hər kəsdən məsuliyyətli davranmaq tələb olunur. Hər kəs bunu dərk edir ya yox, bu, tamamilə başqa söhbətin mövzusudur. Hazırda isə gözümüzün önündə bir parçası olduğumuz cəmiyyət, onun mənfi və müsbət tərəfləri, toplumsal qüsurları və natamamlıqları var. İndi mənsub olduğumuz toplumu daha yaxından tanımaq, onu təşkil edən fərdlərin davranışlarını təhlil etmək və nəticə çıxarmaq üçün kifayət qədər əlverişli şərait yaranıb. Mənə görə, indi sosial araşdırmaların əsl zamanıdır.

...Hər gün imkan daxilində və bacardığım qədər həmvətənlərimizin davranışlarını müşahidə etməyə çalışıram. Çoxluq özünü və ətrafındakıları qorumağa, məsuliyyətli davranmağa çalışır. Və təbii ki, bunu öz imkanları, daxili mədəniyyəti, dünyagörüşü çərçivəsində edir. İmkanlar və sadaladığım digər keyfiyyətlər isə bərabər deyil. Hər kəsdən daxili mədəniyyət, geniş dünyagörüşü və bütün bunlardan doğan toplumsal, yaxud qlobal məsuliyyət gözləmək də doğru olmazdı. Biri yalnız özünü, digəri özünü və ailəsini, başqa birisi özünü, ailəsini və mənsub olduğu toplumu, xalqı düşünür. Dünyanı düşünənlər də var, təbii ki... Amma onların sayı çox azdır, bəlkə də barmaqla sayılacaq qədər.

Bu baxımdan, fərqli imkan və keyfiyyətlərə sahib olan fərdlərin təşkil etdiyi toplumdan eyni səviyyədə məsuliyyət tələb etmək, qənaətimə görə maksimalist yanaşmadır və bugünkü reallıqlarla üst-üstə düşmür.

Məsələyə, daha anlaşıqlı olsun deyə, sırf məişət müstəvisindən yanaşacağam. Öncə bu gün səhər, apteklərdən birində qarşılaşdığım hadisəni sizə nəql edim, sonra yolumuza davam edərik.

Deməli, belə... Aptekə orta yaşlı bir qadın daxil oldu. Üzərində özünü qorumaq üçün geç bir vasitə olmasa da, məsafə saxlayırdı. Növbəsi çatanda yenə də təxminən 2 metrlik bir məsafədə dayanıb, satıcıdan qaraciyər və ya öd ağrısı olan dərman istədi və ağrıdan bütün gecəni oyaq qaldığını dedi. Satıcı da öz növbəsində bildiyi bütün dərmanların adını sadaladı. Və qadın cəmi 1 ədəd ağrıkəsici alıb, növbədə olan digər şəxslərlə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun məsafəni saxlasın deyə, az qala divarlarla “sürünərək” qapıdan çıxdı...

Şübhə etmirəm ki, əgər imkanı olsaydı, bu qadın dünyanın ən müasir tibbi respiratorunu əldə edər, insanlara zərər vurmamaq üçün bütün mümkün vasitələrdən yararlanardı. Belələrinin sayı az deyil, çoxdur, lap çox... İndi bu qadının üzərinə yürüyüb, “niyə maskadan, əlcəkdən istifadə etmirsən” deməyə nə var ki? Digər tərəfdən, kim bizə haqq verib ki, insanların üzərinə çığırmaqla, hətta aşağılamaqla, təhqir etməklə onları “məsuliyyətə” dəvət edək? Bu cəmiyyəti, bu toplumu hamımız birlikdə təmsil edirik. Biz birlikdə cəmiyyətik, xalqıq, millətik və kimsə özünü yüksəkdə tutmamalıdır. Bu gün göz önündə olan mənzərə bizim təsəvvürlərimizlə üst-üstə düşmürsə, deməli cəmiyyətin formalaşdırılması prosesində səhvlərə yol vermişik. Və burada, mən də daxil olmaqla hamının azacıq da olsa günahı var.

Axşamlar imkan düşəndə telekanalları “vərəqləyirəm”. Vaxtilə qadın müğənnilərin alt paltarlarının da saxlanıldığı qarderoblardan reportaj hazırlayanlar indi ağızdolusu fərdi və sosial məsuliyyətdən danışır, bu azmış kimi az qala ekran arxasından barmaqlarını tamaşaçıların gözünə soxurlar. Bəsit, qurşaqdan aşağı zarafatları, ucuz şouları, hind filmlərinin “suyunun suyunun suyu” olan saxta sentimental seriallardakı qışqırıqları ilə ət tökən “mütrüb”lər də indi maskalarını dəyişib “məsuliyyətli vətəndaş” olublar və millətə “məsuliyyət dərsi” keçirlər.

Koronavirus təhlükəsi, sanitariya və gigiyena qaydaları, məsafə saxlamaq, həmrəy olmaq, yaşlıları qorumaq və s. bu kimi mövzularda hazırlanmış sosial çarxlar bir-birini əvəz edir. Və bu çarxlarda verilən ismarışlar daha sonra yuxarıda haqlarında söz açdığım “əttökənlər” tərəfindən olduğu kimi təkrar olunur. Təkrar olunduqca urvatdan düşür. Və bu da təbiidir. Çünki sözün kəsəri, daşıdığı məna, ehtiva etdiyi fikir və mənəvi yük nə qədər önəmlidirsə, onu ifadə edən şəxsin daşıdığı keyfiyyətlər, bu keyfiyyətlərin ictimai rəydəki yeri, ictimaiyyət tərəfindən qəbullənməsi də bir o qədər önəmlidir. Təəccüblənməyi çoxdan yadırğamışam. Amma bəzən kifayət qədər ciddi sosial yükü olan ismarışların “Gülgülə və Çurkan”, “Damcı” və s. bu kimi hazırda ümumiləşdirdiyim obrazların dilindən, yaxud onların iştirakı ilə səsləndiriləndə, təəccüblənməyə bilmirəm. İllərdir zövqümüzün, mədəniyyətimizin, mənəviyyatımızın “hüceyrə”lərini parçalayan bu viruslarla koronavirusa qarşı necə mübarizə aparmaq olar?

Məni düşündürən başqa bir məsələ də var: Marifləndirici sosial çarxlar nə üçün məhz koronavirus təhlükəsi yarananda yada düşdü? Məgər, məsələn, bir, yaxud iki il öncə ölkəmizdə sanitariya və gigiyena qaydaları, ictimai yerlərdə davranış normaları, sosial məsuliyyətlilik, humanizm və s. bu kimi önəmli məsələlərlə bağlı problemlər yox idi? Təəssüf ki, bu illər ərzində qeyd etdiyim və etmədiyim sahələr üzrə məsuliyyət daşıyan qurumların özü, yaxud onların dəstəyi ilə hazırlanan, kütləvi şəkildə və fasiləsiz olaraq yayımlanan sosial çarxların şahidi olmadıq...

Təbii ki, istisnalar da var. Bu istisnaları da bir neçə telekanalda hər kəs görür və bu baxımdan da adlarını sadalamağa ehtiyac duymuram.

Şübhəsiz ki, indi də gec deyil. Yaranmış vəziyyət bizə düşünmək, nəticə çıxarmaq və səhvləri təkrarlamaq üçün imkan yaradıb. Koronavirusdan sonra dünya əvvəlki kimi olmayacaq. Elə biz də... əvvəlki kimi olmamalıyıq.

P.S. Mən Azərbaycanın bu sınaqdan daha güclü, daha toparlanmış şəkildə çıxacağına şübhə etmirəm. Çünki ortalıqda ciddi strateji hədəflər və bizi bu hədəflərə doğru apara biləcək siyasi iradə var.

Elçin MİRZƏBƏYLİ