vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
09:50 | 9 aprel 2014 | Çərşənbə Məqaləyə 1784 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rüstəmxanlı sədrlikdən gedir

«Cəmiyyətdə tanınmayan VHP üzvləri də var ki, partiyanı idarə edəcək potensiala malikdirlər»

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı APA-ya müsahibəsində növbəti qurultayda partiya sədrliyindən getmək niyyətində olduğunu açıqlayıb. S.Rüstəmxanlı partiyanın sədri postunda hansı meyarlara cavab şəxsin əyləşməsini istədiyini də bəyan edib: «Mən öz yerimə partiyanın işini apara bilən, problem yaratmayan, bacarıqlı, gənc və partiyanın bütün təşkilatları tərəfindən qəbul olunan bir adamın təyin olunmasını istəyirəm.

Bəlkə də qurultayın gecikməsinin bir səbəbi də budur. Mənim partiya sədrliyindən getmək niyyətim var. Bu, yalnız mətbuat üçün blef, yaxud boş yerdən ortaya atılmış söz deyil, mən bunu səmimi şəkildə istəyirəm. Eyni zamanda bir sıra başqa işlərim də var ki, onlar mənim üçün çox zəruridir. Xüsusən də, yaradıcılıq sahəsində işlərim var, əlimdə yarımçıq kitablarım qalıb.

Burda otura-otura, partiyanın işini görə-görə, əgər mənim fikrim yarımçıq işlərimin yanındadırsa, yaxud yazılarımı yazarkən fikrim qalır ki, partiyada kimsə ilə görüşməliyəm, bu şəkildə əvvəllər işləmək olurdu, ancaq indi işləyə bilmirəm. Çünki zaman qovur, yarımçıq işlər məni onların ardınca getməyə məcbur edir. Buna görə də mən partiya sədrliyindən getmək istəyirəm. Yəni bir lider kimi yox, partiyanın sıravi üzvü kimi qalmaq istəyirəm».

VHP sədri siyasətdən də gedib-getməyəcəyi barədə də danışıb: «Siyasətdən getmək hələ ki mümkün deyil, çünki mən millət vəkiliyəm. O müddət başa çatdıqdan sonra yəqin ki, siyasətdən də gedəcəyəm. Əslində yazıçılıq daim siyasətin içində olmaqdır. Mənim təbiətim və yaradıcılığımın ümumi ruhu siyasətdən uzaqda deyil. Mənim yazılarım vətəndaşlıq ruhundan yoğrulmuş və Azərbaycanda sovet dövründən başlayaraq cəmiyyət içində baş verən proseslərlə sıx bağlıdır. 

Yəni mənim sovet dövründəki kitablarıma nəzər salsaq görərik ki, siyasi hədəfi olan, Azərbaycanın tarixi yaddaşını diriltməyə, millətin yaddaşını özünə qaytarmağa, müstəqilliyə xidmət edən kitablardır. Bunlar da əslində siyasətin bir növüdür. Əsərlərimdə ədəbiyyatdan istifadə yolu ilə ictimai problemləri qaldırmaq var. Mən bu mənada siyasətdən kənar deyiləm. Yəni düşünsəm ki, bundan sonra yazacaqlarım siyasətdən tam kənar olacaq, bu doğru deyil. Mənim sırf milli ruhdan qidalanan, mənəvi proseslərdən doğan son dərəcə zərif ruhlu lirik şeirlərim də var. Amma partiya işi gündəlik siyasətdir və mən gündəlik siyasətdən uzaqlaşmaq, daha çox millətimizin gələcəyinə yönəlik, daha uzun vədəli milli siyasətlə məşğul olmaq istəyirəm».

Qeyd edək ki, VHP rəhbərliyində ən aktiv şəxs Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlidir. Onun sıravi üzvlükdən partiyanın mühüm postuna qədər gəlib çıxmasında şəxsi fəallığı ilə yanaşı Sabir Rüstəmxanlının da dəstəyinin rol oynadığı bildirilir. Bu baxımdan Samir Əsədlinin VHP sədri olacağı da istisna edilməyən variantlardan sayılır. Samir Əsədli «Yeni Müsavat»a açıqlamasında S.Rüstəmxanlının postundan getməsinə qarşı olduğunu bildirdi: «Mən Sabir Rüstəmxanlının müsahibəsini oxuyandan sonra Sabir bəyə zəng etdim və sədlikdən getmək istədiyi barədə söylədiklərini qəbul eləmədiyimi, onun sədrlikdən getməsinə qarşı olduğumu söylədim. Mən Sabir bəyə açıq şəkildə dedim ki, bu açıqlamanızı qəbul etmirəm, hesab edirəm növbəti qurultayda da siz partiyanın sədri seçilməlisiniz.

Çünki onun partiya sədri kimi qalması bizim üçün vacibdir. Amma Sabir Rüstəmxanlı sədrlikdən getsə belə, partiya artıq oturuşmuş bir quruma çevrilib, Sabir Rüstəmxanlı partiyanın əsasını elə qoyub ki, bu partiya heç vaxt parçalanmaz. Partiya böyüyür, yenilənir. Təbii ki, Sabir Rüstəmxanlı da nə vaxtsa VHP sədrliyindən gedəcək. Bu, təbii olan bir şeydir. Əgər Sabir Rüstəmxanlı növbəti qurultayda sədrlikdən getsə, partiyada kifayət qədər kadr var ki, Sabir bəyin dediyi o meyarlara cavab verir və partiyanı idarə edəcək səviyyədədirlər. Məsələn, Ali Məclisin sədri Rafiq Manaflını, Əlövsət Əliyevi, həmçinin özümü də o meyarlara uyğun hesab edirəm. Özümü də iddialılar sırasında sayıram. Təbii ki, Sabir Rüstəmxanlı sədrliyə namizəd olmayacağı halda. Partiyada digər iddialılar da var. Cəmiyyətdə tanınmayan VHP üzvləri də var ki, partiyanı idarə edəcək potensiala malikdirlər. Partiyamızın nizamnaməsi istənilən partiya üzvünə sədrliyə namizədliyini vermək hüququnu tanıyır».

S.Rüstəmxanlı isə dünən hafta.az-a açıqlamasında bildirib ki, onun yerinə kimin gələcəyi qurultayın işindən asılı olacaq: «Yerimə gələcək şəxsin gənc olması vacib deyil. Partiyanı idarə edə bilən orta yaşlı biri də ola bilər. Mənə görə gənc ola bilər. Amma həmin şəxs 50 yaşında da ola bilər». 

VHP-nin növbəti qurultayının bu ilin sonunda keçiriləcəyi gözlənilir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *