vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
13:41 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 1738 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni nazir hökumət qurur

Silvio Berluskoni: «Biz müxalif mövqedə olacağıq, amma...»

MÖVZU İLƏ ƏLAQƏLİ

İtaliyanın baş naziri postuna təyin olunmuş Matteo Rentsi (Matteo Renzi) bildirib ki, bazar ertəsi danışıqları başa çatdırandan sonra yeni hökumətin rəsmi səsvermə üçün parlamentdə olacağına ümid edir. Bu barədə «Reuters» agentliyi xəbər verib.

«İnanıram ki, yaxşı iş görmək üçün hər cür şərait var», - Rentsi parlament qrupları ilə danışıqları yekunlaşdırandan sonra fevralın 19-da jurnalistlərə müsahibəsində deyib.

O, fevralın 15-də yeni hökuməti formalaşdırmaq üçün verdiyi mandata prezident Corcio Napolitanonun (Giorgio Napolitano) rəsmi razılıq bildirməsini gözləyir.

Partiyalardan sonra İtaliya Bankının rəhbəri İqnatsio Visko (İgnazio Visco) ilə görüşən Rentsi deyib ki, fevralın 20-də sənədlər üzərində işləməyi və gələcək nazirləri təyin etməyi planlaşdırır.

Lakin o, əsas vəzifələri, o cümlədən ən önəmli İqtisadiyyat Nazirliyindəki postları yerbəyer etməkdə çətinlik çəkməsi barədəki sualları cavablandırmaqdan imtina edib.

Qeyd edək ki, iqtisadiyyat naziri İtaliyanın avropalı tərəfdaşları ilə münasibətlərində mühüm rol oynayacaq. Rentsiyə yaxın bir mənbə məlumat verib ki, köməkçilər həm Napolitanonun iqamətgahı, həm də Avropa Mərkəzi Bankı ilə əlaqə saxlayırlar.

Bu barədə Avropa Mərkəzi Bankının (AMB) Frankfurtdakı sözçüsü məlumat verib. Halbuki hökumətin formalaşdırılmasında iştirak etmək AMB-nin (ECB) vəzifəsi deyil.

İtaliya mediası mümkün namizədlər barədə fərziyyələr irəli sürüb. Lakin böyük administrasiyada işləmək təcrübəsi olan siyasətçinin, yoxsa İtaliya Bankının keçmiş rəhbəri Fabritsio Sakkomanni (Fabrizio Saccomanni) kimi texnokratın seçiləcəyi hələlik məlum deyil.

«Bizə yüksək profilli şəxs lazımdır. Siyasətçi olub-olmaması önəmli deyil», - mənbə bildirib.

Xatırladaq ki, Rentsi vəzifəyə təyin edildiyi ilk 4 ay ərzində seçki və konstitusiya, əmək bazarı, dövlət idarəetməsi və vergi sistemləri barədə radikal islahatlar proqramı qəbul edəcəyini vəd etmişdir.

Bundan əlavə, detalların əskik olmasına və Rentsinin Aİ büdcə qaydalarına qarşı münasibətinə xüsusi diqqət yetirilməsinə baxmayaraq, bəzi bəyanatlara görə o, öz islahatlar gündəliyinə və infrastrukturda investisiyaya daha çox yer ayırmaq üçün ciddi defisit limitini aşa bilər.

 

Müxalifətsə...

 

Ötən həftə iqtisadi islahatların zəifliyi barədəki tənqidlərdən sonra Enriko Letta (Enrico Letta) baş nazir vəzifəsindən imtina etdi. Bundan sonra Demokrat Partiyasının lideri Matteo Rentsiyə yeni hökumət formalaşdırmaq üçün mandat verildi. 2 trilyon avroluq borca nəzarət edə bilmək üçün illərdir ki tətbiq edilən ciddi qənaət siyasətindən sonra İtaliyanın iqtisadiyyatı dirçəlməkdə çətinlik çəkir. İşsizlik problemi qalmaqdadır. Xüsusilə də gənclər arasında rekord səviyyədədir.

Rentsinin öz sol-mərkəzçi Demokrat Partiyası və Lettanı dəstəkləyən Yeni Sağ Mərkəz (NCD) arasında koalisiya yaratması gözlənilir. O, həmçinin müxalif mövqedə olması gözlənilən partiyalarla da görüşüb.

Bununla yanaşı, fevralın 19-da Rentsi keçmiş baş nazir Silvio Berluskoni (Silvio Berlusconi) ilə görüşərək seçki və konstitusiya islahatları barədə razılığa gəlib. Həmçinin «5 ulduz hərəkatı»nın lideri Beppe Qrillo (Beppe Grillo) ilə də danışıqlar aparıb.

Hər iki lider müxalif mövqedə olsa da, reaksiyaları tamamilə fərqlidir. Berluskoni görüşdən sülh əhval-ruhiyyəsi ilə ayrılıb.

«Biz müxalif mövqedə olacağıq, amma ölkənin xeyrinə olan tədbirləri dəstəkləyəcəyik», - Berluskoni jurnalistlərə açıqlamasında deyib.

Qrillo isə əksinə olaraq, birbaşa yayımlanan 10 dəqiqəlik görüş ərzində Rentsiyə kəskin hücum edib.

«Sən etibarlı adam deyilsən. Sənin sözlərinə etibar etmək olmaz», - Qrillo ondan söz almağa çalışan 39 yaşlı Rentsiyə deyib. «Dünən dediyini bugün inkar edirsən. Cavan oğlansan, eyni zamanda, yaşlısan», - o əlavə edib.