vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
17:24 | 28 fevral 2014 | Cümə Məqaləyə 2639 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəsul Quliyevə siyasətdən getmək çağırışı

Eks-spikerin müxalif siyasətçilərə çağırışı özünə qarşı çevrildi

E.SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Eks-spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev Azərbaycan müxalifətini yenidən ittiham edib. O, ölkənin müxalifət partiyaları liderlərinin postlarını tərk etməyin vaxtı çatdığını bildirib. Səbəb kimi isə çox vaxt onların düzgün iş görə bilməməsini əsas gətirib.

R.Quliyev Müsavat Partiyasını daha çox hədəfə alıb. Belə ki, o, Müsavatı «gah bolşeviklərə, gah millətçilərə, gah federalistlərə, gah da sosial demokratlara qoşulan» mövqesiz partiya adlandırıb.

Onun ittihamlarına və çağırışına bəzi partiyalardan münasibət bildirilib.

Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı bildirdi ki, Rəsul Quliyevin müxalifət və müxalifətçiliklə bağlı hər hansı fikrinə ciddi əhəmiyyət vermək lazım deyil. Çünki artıq o, müxalif siyasətçi kimi artıq çoxdan unudulub, xeyli vaxtdır onun mövqeyi hakimiyyət təmsilçilərinin mövqeyi ilə üst-üstə düşür: «Müsavat Partiyasını, müxalifəti YAP təmsilçiləri də hədəfə alır, müxalifətçiləri siyasətdən getməyə çağırır, Rəsul Quliyev də eyni ittihamları və çağırışı edir. Bu adam hər cür cəfəng, məntiqsiz iddialar, fikirlər səsləndirməkdən çəkinmir. Hər cür məntiqsizliyə, şouya əl atır təki adı yaddan çıxmasın. Rəsul Quliyev artıq özü haqqında qeyri-ciddi adam imicini də formalaşdırır. Görün, bu adam nə qədər qeyri-ciddiliyə yuvarlanıb ki, Müsavat Partiyası kimi partiyanın tarixinə belə, ləkə yaxmaqdan çəkinmir».

T.Abbaslının sözlərinə görə, R.Quliyev deyəsən özünün indiyə qədər yaratdığı cılız təşkilatlarla Müsavat Partiyasının fərqini anlamaq iqtidarını itirib: «Əgər Rəsul Quliyev həqiqətən də qərəzli deyilsə və demokratiyaya azacıq sayğısı qalıbsa, məntiqlə hakimiyyəti Müsavatın qurultayına yer ayırmadığı üçün tənqid etməli idi. Ancaq Rəsul Quliyev tərsini edir, hakimiyyətə dolayısı ilə haqq qazandırır, Müsavata isə böhtan atır. Rəsul Quliyev deyəsən unudur ki, Müsavat Partiyası onun indiyə qədər yaratdığı cılız təşkilatlarından fərqli olaraq böyük təşkilatdır, Rəsul Quliyevin yaratdığı təşkilatlar kimi çayxanada, kiçik otaqlarda «qurultay» keçirəcək partiya deyil».

ADP sədri Sərdar Cəlaloğlu isə modern.az-a açıqlamasına deyib ki, hansısa müxalifət lideri R. Quliyevin təklifi ilə siyasəti tərk etmək niyyətində deyil: «Şəxsən mən onun təklifi ilə ADP-yə gəlməmişəm ki, indi də onun tələbləri ilə oradan gedim. Biz Azərbaycan Xalq Hərəkatında iştirak edəndə Rəsul Quliyev hələ zavod direktoru idi. Ömrümün sonuna qədər sədrlikdə olmasa da, siyasətdə qalmağı düşünürəm».

ADP rəhbərinin sözlərinə görə, birinci növbədə R. Quliyev özü siyasətdən getməlidir. «Çünki o siyasətdə iştirak edə bilmir. Özü siyasətdən getməklə bağlı ortalığa bir nümunə qoysun. Ondan sonra digər müxalifət liderlərini də siyasətdən ayrılmağa dəvət eləsin».

S.Cəlaloğlunun fikrincə, R.Quliyev Azərbaycanda olmadığına görə ölkədə müxalifətin nə olduğunu aydınlaşdıra bilmir.