vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
11:35 | 3 avqust 2019 | Şənbə Məqaləyə 2365 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dumanlı Rusiya…

Liberal cəmiiyət həmişə zəif və əbədi olaraq azlıqda qalan bir kəsim olub

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

O xalqlar və yaxud millətlər, hansılar anlayırlar ki, yalnız zəif və bədbəxt sosiumlar milli rəhbərlərə və ya qəhrəmanlara ehtiyac duyur, problemlərini bir qayda olaraq özləri həll edir və hətta ən çətin sınaqların qarşısında belə sınmır, gec – tez bütün çətinlikləri dəf edirlər.

Amma bəzən elə olur ki, nə böyük demoqrafik göstəricilər, nə də millətin yaşadığı ərazinin nəhəng coğrafi göstəriciləri onu infantilizmdən azad edə bilmir – bunlara su vermə, çörək vermə, yalnız “millət ataları” və ya “dəmir əllər” ver, çünki bu xalqlar özləri heç nəyə qadir olmurlar.

Ən azı ilk baxışda müasir Rusiyanın belə durumda olması qənaətinə gəlmək olar – bu ölkə yüz illərlə özünü Romanovlar ailəsi olmadan hətta təsəvvür edə bilmirdi, on illərlə öz fiziki mövcudluğunu belə yarıkriminal bir rəhbər olan Stalınlə bağlayırdı. İndi də eyni gözləntiləri Putinə tuşlayır, öz ümidlərini Vladimir Vladimiroviçin “güclü persona”sına proyeksiya edir və gününü – güzəranını təlaş içində V.Putindən sonra nələr olacağı, Rusiyanın hansı günə qalacağı haqqında düşüncələrlə keçirir. Sanki hər şey V.Putindən başlayıb və ona qədər heç bir Rusiya olmayıb.

Amma Rusiyadakı ən son siyasi həyəcanlanmaları və gərginliyi seyr edəndə, rusiyalı müəllifləri oxuyanda görürsən ki, yox, başqa bir Rusiya da var.

O, hələ çox zəifdir (liberal Rusiya həmişə zəif və əbədi olaraq azlıqda qalan bir kəsim olub), onun hələ lideri yoxdur, o, yetərincə utancaqdır və ən azı ölkəsinin öz ətraflarına, xüsusən də Ukraynaya qarşı apardığı siyasətə görə utanc hissi keçirir, həm maraqla, həm də gizli bir həsədlə keçmiş Malorusiyada, yəni Ukraynada keçirilən ən son seçkiləri müşahidə edir və bir daha deyirik ki, ölkəsinə, həm də özünün acizliyinə görə həqiqətən də xəcalət çəkir. Tanınmış qərbçi siyasətçi Boris Nemtsovun qətlindən sonra o, demək olar ki, başsız qalıb, amma güc toplamaqda və konsolidasiya etməkdə israrlıdır.

Onun hazırda lideri Aleksey Navalnıdır. Bu adam yetərincə enerjili və passionar bir şəxsdir. Vaxtilə yazmışdıq ki, bu yazıq adam öz vaxtının çoxunu mənzilində deyil, təcridxanalarda keçirir.

Qeyd etmək lazımdır ki, bu gənc adam və ardıcıl müxalifətçi artıq çoxdan V.Putinin diqqətini özünə çəkib. Sonuncu dəfə bunu Rusiyadakı axırıncı prezident seçkiləri zamanı sezdik: Navalının adının çəkilməsi belə Vladimir Vladimiroviçi, daim özünün təmkini ilə seçilən keçmiş kəşfiyyatçı prezidenti əməlli- başlı özündən çıxardı. Hələ o vaxt yazmışdıq ki, ola bilsin, Navalnı hələ Putinin özünə rəqib deyil, amma burada bəzi mühüm məqamlar var. Axı niyə görə A.Navalnının personası V.Putini bu qədər təlaşlandırır?

Birincisi, ola bilsin ki, Aleksey Navalnı hələ V.Putinin özünə rəqib deyil, amma o, Rusiya prezidentinin gələcək planlarına, xüsusən də onun hakimiyyətin növbəti tranzitilə bağlı planlarına rəqibdir, axı Putin ən azı prezidentlikdən sonra özü üçün rahat və qayğısız həyat təmin etməlidir, əlbəttə, əgər bu adam öz həyatını bəzi “siyasi uzunömürlü”lər kimi prezident kürsüsündə başa vurmaq istəmirsə!..

İkincisi, aşağı səviyyəli seçkilərdə Navalnı və onun tərəfdarları çox güclü rəqib ola bilərlər. Bunu Moskva meriyasına son seçkilər də göstərdi – o vaxt Aleksey Navalnı özünü kifayət qədər perspektivli bir siyasətçi kimi nümayiş etdirə bildi. Eyni mənzərə Moskva Şəhər Duması seçkiləri zamanı da təkrarlana bilər.

Üçüncüsü, heç kim güman etmirdi ki, məsələn, Ermənistanda, ruslar demişkən, adi bir “çudak”, daim çiynində çanta gəzdirən və daha çox da təbiət verilişlərini aparan aparıcını–naturalisti xatırladan bir adam ölkədə müharibə köpəklərinin on ildən artıq davam edən hakimiyyətinə son qoya bilər, amma Paşinyan bunu bacardı. Demək lazımdır ki, A.Navalnı da siyasi tip olaraq daha çox Paşinyana yaxındır və eyni bir siyasi obrazın daşıyıcısıdır.

Əlbəttə, yoldaş Putin və komandası bunu nəzərə alır və təsadüfi deyil ki, Navalnı bu həftə yenidən təcridxanaya “baş çəkməli” oldu. Amma tarixin təbii axarını dəyişmək mümkündürmü? Bu Navalnı olmayacaq, sabah başqa birisi yetişəcək! Əlbəttə ki, Rusiya Fransa deyil, inqilablar diyarı kimi tanınmayıb, amma onun özünün inqilablar təcrübəsi var, özü də Fransa inqilablarından daha kəskin və qəddar inqilablar təcrübəsi...

Sözsüz, Putinin reytinqi hələ çox yüksəkdir, amma bütün avtoritar sistemlərdə olduğu kimi, onun ətrafında ikinci bir parlaq şəxs yoxdur, əks halda Vladimir Vladimiroviç öz ətrafının fonundan seçilə bilməzdi. Həm də Putin keçmiş kəşfiyyatçı zabitdir, o heç vaxt publik siyasətçi olmayıb və öz imicini də əsasən prezident olandan sonra formalaşdırıb, bunadək daha çox məmur kimi tanınıb.

Bu mənada hətta Putinin özü də Navalnı kimi siyasətçilərə uduzur, çünki Navalnı daha çox post-modern dövrünün siyasi tiplərinə bənzəyir. Sözsüz ki, Rusiya siyasi paradokslar və irrasional qərarlar ölkəsidir, ona görə də hələ müəyyən bir ssenari cızmaq çətindir, amma bir məsələ aydındır: Rusiya üçün növbəti yenidənqurma qaçılmazdır və onun nə vaxt baş verəcəyini demək çətin olsa da, o, mütləq olacaq, çünki bu haqda Rusiyanın ən ağıllı adamları danışır...