vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
DÜNYA  
13:16 | 1 may 2020 | Cümə Məqaləyə 13009 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Pandemiyada geri sayım?

Ölkələr qlobal böhrandan və təcrid rejimindən çıxış yolları arayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Koronavirus (COVİD-19) pandemiyası üzündən yeni tarixin ən böyük böhranını yaşayan dünya ölkələri bir tərəfdən bu vəziyyətin humanitar fəlakətə çevrilməməsi üçün tədbirləri davam etdirir, digər yandan labüd iqtisadi tənəzzüldən mümkün qədər az itkilərlə çıxmaq üçün yollar arayırlar.

Bir sıra ölkələr pandemiyanın nisbətən səngiməsini nəzərə alaraq karantin və sosial izolyasiya rejimini yumşaltmağa başlayıblar.

***

Yeni növ koronavirus xəstəliyinin ilk qeydə alındığı Çində dörd aydır davam edən fövqəladə vəziyyət tədricən aradan qaldırılır. Paytaxt Pekində aprelin 30-dan  fövqəladə vəziyyət dərəcəsi bir pillə aşağı endirilib. Şəhər hökuməti paytaxtda son iki həftədə yerli ötürülmə yolu və ya xarici mənşəli yoluxma halı baş verməməsindən sonra belə bir qərar qəbul edib. Ölkənin aşağı riskli hesab edilən yerlərdən paytaxta gələn insanlar artıq ikihəftəlik karantin keçmək məcburiyyətində qalmayacaq. Amma qeyd olunan yumşaltma hələlik xaricdən və ölkədə virusun ən çox yayıldığı Hubey vilayətindən gələnlərə aid deyil. Çinin ən böyük şəhəri olan Şanxayda mehmanxana və turistik obyektlərin təxminən 80%-i fəaliyyətə başlayıb. Bu obyektlər kütləviliyin qarşısını almaq üçün gündəlik normadan üç dəfə az insan qəbul etməlidir.

***

Çinlə həmsərhəd olan Qazaxıstanda pandemiya ilə bağlı tətbiq olunan karantin rejimi tədricən yumşaldılır. Mayın 4-dən etibarən paytaxt Nur-Sultandan iri şəhərlərə uçuşlar bərpa olunur. Uçuşlar yüksək sanitar təhlükəsizlik tədbirləri şəraitində yerinə yetiriləcək. Bütün sərnişinlər COVİD-19 testindən keçmələri barədə arayış təqdim etməlidir.  Qazaxıstan aviaşirkətləri artıq beynəlxalq reyslərə də bilet satışı həyata keçirirlər, ölkənin sərhədlərinin nə vaxt açılacağı bəlli deyil.

***

Avropada pandemiyanın ən böyük insani zərbə vurduğu İspaniyada Nazirlər Şurası ölkənin tədricən karantindən çıxmasına dair dörd mərhələli planı qəbul edib. Proses müxtəlif regionlarda fərqli formada və koordinasiyalı həyata keçiriləcək. Mərhələlər hər bir konkret əyalətdə epidemioloji vəziyyətdən və xəstəxanaların hazırlıq səviyyəsindən asılı olacaq.

Mayın 4-də başlayacaq ilk mərhələdə bəzi müəssisələrin fəaliyyəti bərpa olunacaq, evə aparılma xidməti göstərəcək bəzi restoranlar açılacaq.

Növbəti fazada təhlükəsizlik tədbirlərinə əməl olunmaqla kiçik mağazalar fəaliyyət göstərəcək. Böyük mağazalar isə insan sıxlığı riskinə görə hələlik bağlı qalacaq. İctimai istifadə yerləri istisna olmaqla və məhdud sayda müştəriyə xidmət etmək şərti ilə terraslar, hotellər fəaliyyətə başlayacaq.

Üçüncü mərhələdə restoranların daxilində xidmətlər bərpa ediləcək, qapalı məkanda iştirakçıların sayı 50 nəfərdən, açıq məkanda isə 400 nəfərdən çox olmayan mədəni tədbirlərə icazə veriləcək. Sonuncu mərhələdə isə hərəkətə məhdudiyyətlər tam aradan götürüləcək. Amma restoranlarda müştəri sayına məhdudiyyətlər qüvvədə qalacaq.

***

Pandemiya ilə əlaqədar martın 16-dan etibarən sosial-iqtisadi aktivliyi minimuma endirən İsveçrədə həyat yenidən canlanmağa başlayıb. Hökumətin fövqəladə vəziyyətdən mərhələli şəkildə çıxmaq üçün hazırladığı planın ilk mərhələsinin tətbiqinə başlanılıb.

Aprelin 27-dən bərbərxanalar, gözəllik və kosmetik salonları, gül dükanları, tikinti və bağ ləvazimatları mağazaları qapılarını müştərilərə açıb. İkinci mərhələdə – mayın 11-dən etibarən restoran, muzey və kitabxanaların açılmasına icazə verilib. Həmin tarixdən orta məktəblərdə dərslərin bərpa olunacağı da nəzərdə tutulur. İyunun 8-dən etibarən – üçüncü mərhələdə isə ali təhsil ocaqları və mədəni-kütləvi tədbir məkanları fəaliyyətlərini bərpa edəcəklər.

İsveçrə Federal Səhiyyə Agentliyinin təmsilçisi Daniel Kox bildirib ki, əgər əhali gigiyena qaydalarına ciddi şəkildə əməl etsə, İsveçrə bu yay yenidən normal həyata geri dönə biləcək. Ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 30 mindən, ölənlərin sayı isə 1600-dən çoxdur.

***

Pandemiya şəraitinin necə davam etdiyini yaxından izlədiyimiz Türkiyədə martın ortalarında fəaliyyətini dayandıran təhsil müəssisələri may ayında da bağlı qalacaq. Milli Təhsil naziri Ziya Səlçuk bildirib ki, onlayn təhsilin müddəti mayın 31-dək uzadılıb. Ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının vaxtı barədə məlumat gələn həftə veriləcək, sinifdən-sinfə imtahanlar isə birinci yarımilin tədris proqramı əsasında hazırlanacaq.

“Türk Hava Yolları” da daxili və beynəlxalq uçuşların dayandırılma müddətini mayın 28-dək uzadıb.  Bu barədə şirkətin rəhbəri Bilal Ekşi açıqlama verib. Ümumilikdə isə Türkiyədə sosial təcrid və məhdudiyyət tədbirlərinin Ramazan bayramından başlayaraq (24 may) aradan qaldırılması gözlənilir.


***

Qonşu Rusiyada isə pandemiya hələ pik nöqtəsinə çatmayıb. Prezident Vladimir Putin xalqa növbəti müraciətində ölkədə koronavirusla mübarizə çərçivəsində qeyri-iş günlərinin mayın 11-dək uzadıldığını elan edib. Eyni zamanda Nazirlər Kabinetinə Rusiyanın karantindən mərhələlərlə çıxması planını hazırlamaq tapşırılıb.

Dövlət başçısı qeyd edib ki, ölkənin karantindən bir gündə çıxması mümkün deyil, çünki qarşıda hələ çətin və mürəkkəb yol keçilməlidir. Aprelin 30-da Rusiyada koronavirusa  yoluxanların sayı 105 min nəfəri keçib, mindən çox insan vəfat edib.


***

Gürcüstanda da pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi ən azı mayın ortalarınadək davam edəcək. Ölkənin sərhədləri isə mayın sonunadək bağlı olacaq.


***

Cənub qonşumuzda da pandemiya ilə bağlı vəziyyət hələ mürəkkəb olaraq qalır. İranda koronavirusdan ölən və yoluxanların sayında azalma müşahidə edilsə də, vəziyyət hələ təhlükəlidir. Bu barədə ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib. İranda virusa yoluxanların sayı 100 minə yaxınlaşıb, ölənlərin sayı isə 6 mini keçib.


Turizmi necə dirçəltməli?


Pandemiyanın ən ağır zərbə vurduğu sahə turizmdir. Avropa İttifaqı ölkələrinin nəqliyyat nazirləri bu həftə turizmin inkişafı və ölkələrarası əlaqələrin bərpası mövzusunu müzakirə ediblər.

Qanunvericiliyə görə, aviaşirkət fors-major hallarında ləğv olunan bütün uçuşların haqqını alıcılara qaytarmalıdır. Alıcı pulunu geri istəmədiyi halda ona eyni dəyərdə olan vauçer təqdim olunur. Lakin Avropanın bir sıra böyük aviaşirkətləri ləğv olunmuş uçuşların dəyərini yalnız bir il ərzində aktiv olacaq vauçerlərlə qaytara biləcəklərini bildirib. Avropa Komissiyası buna ortaq çarə tapmağa çalışır.

Turizm Avropa İttifaqı ölkələrinin ümumdaxili məhsulunun 10 faizini və əhalinin 12 faizinin iş yerini təşkil edir. Pandemiyanın təsirinə ən həssas olan Aralıq dənizi ölkələri üçün turizm həm də strateji bir sahədir və bir çox insanın gəliri məhz bu sahə ilə bağlıdır. Bu məsələ ilə əlaqədar toplaşan Bolqarıstan, Kipr, Fransa, Yunanıstan, Malta, İtaliya, Portuqaliya, Rumıniya və İspaniya turizm nazirləri bütün üzv ölkələrdə təhlükəsiz şəkildə səyahət və turizmi bərpa etmək üçün ortaq bəyanat verməyə çağırıblar.

İspaniya Avropada turizm sektorunun bərpasına dair birgə plan hazırlanması təşəbbüsünə başçılıq edir. Bu barədə protokol İspaniya, Fransa, İtaliya, Portuqaliya, Yunanıstan, Malta, Kipr, Rumıniya və Bolqarıstanın turizm nazirləri tərəfindən imzalanıb.

Monteneqro da əsas gəlir mənbələrindən biri turizm olan ölkədir. Ölkənin Budva bölgəsi hər il 1 milyonadək turist qəbul edirdi. Ölkə rəsmiləri bu ilin turizm baxımından artıq itirilmiş il olacağını bildiriblər. Bununla belə, mayın 18-dən çimərliklər, restoranlar və ticarət mərkəzləri fəaliyyətə başlayacaq. Bəzi ekspertlər ən yaxşı halda avqust və sentyabr aylarında turistlərin qəbulunun mümkünlüyünə inanırlar.


Aviaşirkətlərdə ixtisarlar qaçılmazdır


Britaniya Hava Yolları – “British Airways” şirkətdəki iş yerlərinin təxminən 30 faizini ixtisar edəcəyini bəyan edib. Şirkətin icraçı direktoru Aleks Kruz bildirib ki, pandemiya səbəbindən beynəlxalq aviadaşımaların iflasa uğraması nəticəsində 42 min iş yerindən 12 mini ixtisara düşəcək.

Böyük Britaniya hökuməti qəbul etdiyi karantin tədbirləri çərçivəsində əməkhaqqının dövlət hesabına saxlanması şərti ilə 22 min 600 nəfəri məzuniyyətə buraxıb. Kruz əməkhaqqının dövlət hesabından müddətsiz ödənilməsini gözləməyin mənasız olduğunu deyib. Gündəlik 300-dən çox uçuşun yerinə yetirildiyi Hitrou aeroportunda hazırda 10-12 uçuş olur.

Skandinaviya Hava Yolları (SAS) İsveç, Danimarka və Norveçdəki işçilərinin yüzdə 40-a qədərinin işdən azad olunacağını elan edib. SAS bu qərarın ümumilikdə 5 min işçini əhatə edəcəyini bildirib. Uçuşları həyata keçirə bilməməsi səbəbindən aviaşirkət işçilərinin təxminən 90 faizini martın ortalarından tətilə göndərib.

Böhran yaşayan “Avstriya Hava Yolları” (AUA) aviaşirkəti isə yardım üçün hökumətə müraciət edib. “Lufthansa” konserninin tərkibində olan aviaşirkətdən bildirilib ki, 767 milyon avro məbləğində yardım paketinin bir hissəsi geri ödəniləcək kredit olacaq.