vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:59 | 18 aprel 2022 | Bazar ertəsi Məqaləyə 820 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrandakı “qara qutu”nun işləmə mexanizmi

Azərbaycana qarşı köhnə tezislər baş qaldırır

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanla İranın münasibətlərinin normallaşmağa can atıldığı, daha doğrusu siyasi mövzulardakı fikir ayrılıqlarının üzə çıxmaması üçün iqtisadi əsaslar yaradıldığı bir zamanda cənub qonşumuzdakı bəzi qruplar bundan hiddətlənir.

Azərbaycan isə strateji təmkinini və məsafəli soyuqqanlılığını qoruyaraq münasibətlərdəki tıxacın götürülməsi üçün əlindən gələni edir, elə İran hakimiyyəti də. Qalmaqal yaradanlar isə İran iqtidarı yox, ona da müxalifətdə dayanan radikal hərbi-siyasi-dini təsisatlardır.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanla bağlı mövqedə sürüşkənlik və siyasi cığallıq nümayiş etdirən rəsmi hərəkatın başında dayanır və ona yön verir, bunun üçün ideoloji əsaslar hazırlayır.

İndi də həmin radikal çevrələr çeynənmiş və əsassız fikirlərlə özlərinə arqument düzəldib Azərbaycana qarşı istifadə etməyə çalışırlar.

İranlı generallardan biri Azərbaycanla İsrail münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qoymasından narahatlığını ifadə edərək hədəqarışıq gileyini dilə gətirib.

Azərbaycan belə tərzə öyrəşib, lakin biz SEPAH və onun “qapaz”ı altında olan hərbi qrupların təsir gücünə toxunduqdan sonra faktiki vəziyyətdən doğan narahatlığa keçid edəcəyik.

SEPAH İranda iqtisadi imperiya quraraq özünün maliyyə dayaqlarını möhkəmləndirir və hakimiyyət üzərindəki rıçaqlarını asanlaşdırmaq üçün öz adamlarının iqtidarda da təmsil olunmasına çalışır.

SEPAH-ın iqtisadi gücü onun sənaye, bankçılıq, gəmiçilik, istehsalat və digər sahələrə qədər üfüqlərini genişləndirir.

İslam inqilabından sonrakı iqtisadi fəaliyyətlər SEPAH büdcəsini zənginləşdirir, bu isə yeni silahların əldə edilməsindən tutmuş, xaricdəki gizli əməliyyatların maliyyə tutumuna qədər genişspektrli amilə çevrilir.

Yəqin ki, İranın Qərblə (əsasən ABŞ-la) münasibətlərinin normallaşması əleyhinə SEPAH və ona bağlı qrupların çıxış etməsinin böyük ticari səbəbləri mövcuddur, fikir verirsinizsə, İran ABŞ-la nüvə razılaşmasının əldə edilməsi üçün iradə nümayiş etdirdiyi bir zamanda radikal çevrələr səslərini qaldıraraq buna etirazlarını bildirirlər.

Bəli, onlar həqiqətən də ABŞ-ı düşmən kimi görürlər, amma bu düşmən mövqedən pul qazanmağı da hədəfləyirlər. Necə? Təbii ki, qara bazar vasitəsilə.

Sanksiyalar İranı beynəlxalq maliyyə və qanuni ticarətdən məhrum etdikcə, SEPAH qara bazarlara çıxış əldə edərək daha çox pula sahiblənir və bu, onun perspektivi üçün həyati əhəmiyyətli iqtisadi istiqamətlər yaradır.

Belə güclü sxem SEPAH-ı İranın daxili siyasətində möhkəm qərar tutan və iqtidara diktə edən mərkəzi oyunçuya çevirir.

SEPAH İrandakı iqtidarın beynəlxalq iqtisadi prioritetlərini özünün siyasi ambisiyalarına mütləq uyğunluğunu təmin etmək üçün ara-sıra prezidentlik institutuna barmaq uzadır və onu tamamilə öz iradəsinə tabe etdirmək istəyir.

İranın xarici siyasətində SEPAH-ın müəyyən etdiyi xətdən sapmalar olarsa, hərbi-siyasi təşkilat iqtisadiyyatdakı geniş seqmentlərinə də istinad edərək hakimiyyətə operativ müdaxilə edir.

Hakimiyyət onun istədiyini etməkdən yayındıqda isə SEPAH ölkədə prezidentlik institutu əleyhinə olan etiraz aksiyalarını qırmızı xətlər çərçivəsində yönləndirir – bu versiya təsdiqini tapmasa da, məntiqi cəhətdən məna yükləmək olar.

Bu mənada deyə bilərik ki, Azərbaycanla münasibətlərin rəngini açmağa çalışan İranın prezidentlik institutu SEPAH-ın hədəfindədir, axı İranda bu iqtidar yenidir və həlledici qərar vermək potensialında deyil.

Azərbaycanla Türkiyənin dərin strateji əlaqələrin də fövqündə dayanan münasibətləri, üstəgəl Ankara ilə İsrail münasibətlərinin yaxşılaşması regionda Azərbaycan-Türkiyə-İsrail oxu bərqərar edir, amma bu ox İran əleyhinə yönəlmir.

İran isə, daha doğrusu radikal rəsmi hərəkat bəhanə konsepsiyasına söykənərək Tehranın Bakı ilə münasibətlərinin istiləşməsi yönündə atılan addımlara qısqanclıqla yanaşır.

İrandakı prezidentlik təsisatının Azərbaycana münasibətdə ideoloji xoşməramlılıqla yanaşdığını da düşünmək sadəlövhlük olardı, çünki orada da radikallar müxtəlif kürsülərdə əyləşib. Lakin əsas tezislər, İranın “qara qutusu”ndan- SEPAH-dan – gəlir. Bəs İrandakı köklü radikalların qorxduğu nədir? Bir-birilə bağlı olan üç versiya:

1. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın sonrakı mümkün gedişatları Tehranın qəzəbinə səbəb olur. Bu qəzəbi körükləyən İranın qara bazardakı mənbələrinin birindən məhrum olmasıdır;

2. Azərbaycan-Türkiyə müttəfiqliyi regionda yeni ideoloji dayaqlar yaradır, hətta alternativ dini ideologiya formalaşır, Tehran isə bunu özünə qarşı platforma kimi dəyərləndirir (bu fikri ayrı mövzuda inkişaf etdirmək olar);

3. Azərbaycanın İsraillə əməkdaşlığı, hərbi-texniki əməkdaşlığını dərinləşdirməsi.

Təbii ki, Azərbaycanın İranla münasibətləri inkişaf edəcək, İranda da kifayət qədər praqmatik siyasi kurs tərəfdarı olan elita mövcuddur.

Ancaq digər dövlətlərlə münasibətləri də Azərbaycan özünün müstəqil xarici siyasət kursuna uyğun şəkildə inkişaf etdirir, İran qəbul etsə də, etməsə də...