Sovetdən qalma “təhlükəli qutular”
Ekspert Bakının köhnə liftləri ilə bağlı çıxış yolu göstərdi
Bakıda son zamanlar liftlərlə bağlı bədbəxt hadisələrin sayı artıb. Bu isə köhnə və nasaz vəziyyətdə olan liftlərin kifayət qədər çox olduğunu göstərir. Aidiyyəti qurum tez-tez texniki baxış keçirildiyini, sakinlər isə problemin uzun müddətdir davam etdiyini deyir. Çox uzağa getmək lazım deyil, elə son bir neçə ay ərzində baş verən hadisələrə nəzər salsaq ancaq bunu demək olar ki, görünən kəndə nə bələdçi?
Lift köhnə olduğundan sakinlər istifadə etməyə qorxur.
Bakıda binalara müasir standartlara uyğun liftlər quraşdırılsa da, hələ də köhnə liftlər qalmaqdadır. Sakinləri belə bir sual düşündürür ? İstismar müddəti bitmiş liftlər nə zamanlar yeniləri ilə dəyişdirİləcək ? Çünki bəzi liftlər sakinləri mənzilə yox ölümə aparır. Bir çox binalardakı istismar müddəti bitən bu “təhlükə qutuları” insanların mənzillərinə sağlam şəkildə çatmalarını şübhə altında qoyur.
Bu gün mənzil başına çatmağımıza mane olan səbəb təkcə köhnə binalardakı istismar müddəti bitən və təmir yolu gözləyən liftlər deyil. Yeni tikililərdə də analoji hal mövcuddur. Bu cür yaşayış binalarında liftlərin təhlükəsizliyinə nəzarət binanı idarəedən Mənzil Müştəriləri Müştərək Cəmiyyətlərinin səlahiyyətindədir. Son dövrlər yeni tikililərdə baş verən lift qəzalarının sayının artması isə adıçəkilən qurumun səlahiyyətlərini hansı səviyyədə icra etməsindən xəbər verir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə sərnişin liftlərində ağır tikinti məhsullarının daşınması da liftin istismar müddətinin tez başa çatmasına səbəb ola bilər. Buna görə də faciələrin yaşanmaması üçün liftlərə vaxtaşırı baxış keçirilməli, nasaz hissələr dəyişdirilməlidir.
Paytaxtda köhnə liftlərin təmiri və ya yeniləri ilə əvəz olunması məsələsinə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyindən bildirilib ki, təşkilat paytaxtdakı 5342 ədəd liftə müqavilə əsasında texniki xidmət göstərir. Liftlər hər ay növbəli şəkildə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişliyi ilə birgə texniki baxışdan keçirilir və yalnız texniki təhlükəsizliyə cavab verən liftlərin növbəti il üçün istismarına icazə verilir. O da əlavə edilib ki, 2019-2021-ci illər ərzində paytaxtda 1206 lift yenisi ilə əvəz olunub və bu proses mərhələli şəkildə davam edir.
Bakıdakı liftlərin necə faizi istismara yararsızdır sualına isə İstehsalat Birliyindən cavab verilməyib. (“XəzərXəbər”)