vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
14:44 | 27 iyul 2022 | Çərşənbə Məqaləyə 3700 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elmin gerçək üzü ...

... Yaxud çörəyə bais olmaq fəlsəfəsi

Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyasının elmin təkanverici mərkəzi funksiyasını yerinə yetirə bilməməsi, qlobal trendlərdən və inkişaf proseslərindən geridə qalması uzun müddətdir ki, müzakirə mövzusudur. Mövzu ilə bağlı son 15 il ərzində bir neçə dəfə yazı ilə çıxış etmişəm, sözügedən təsisatın mövcud idarəçilik mexanizmləri və yanaşmalarla irəliyə doğru bir addım da ata bilməyəcəyini bildirmişəm. Bu kimi məqamlara yenidən qayıtmaq istəmirəm. Bu yazıda isə dünyada mövcud olan elmlər akademiyalarının bir qismi ilə bağlı məlumatları və baxışlarımı dəyərli oxucularla bölüşmək istəyirəm.

Beləliklə texniki tərəqqidə ön sıralarda yer alan Yaponiyadan başlayaq:

Yaponiya Elmlər Akademiyası ölkənin Təhsil, mədəniyyət, idman, elm və texnologiyalar nazirliyinin nəzdində fəaliyyət göstərir, elmin inkişafına töhfə verə biləcək layihələri maliyyələşdirir, həmçinin yüksək akademik nəticələrə nail olan alimlərə bir sıra güzəştlər təqdim edir. Vəssalam! Onu da qeyd edim ki, Yaponiyada çoxsaylı müstəqil elmi-tədqiqat institutları da mövcuddur və onlar elmi kəşfləriylə biznesin lokomotivi rolunda çıxış edirlər. “Çörəkləri” də kəşflərindən çıxır. Yəni Yaponiyada əlindən heç bir iş gəlməyən, elmi-texniki inkişafı əngəlləyən fərsizlərə münasibətdə “filankəsin çörəyinə bais olmaq” kimi yanaşmalar yoxdur. Çünki hər kəs öz potensialını büruzə verə biləcəyi yerdə və sahədə çalışır. Bu arada bir məqama da diqqət çəkməyi özümə borc bilirəm: Bu “çörəyə bais olmaq” “fəlsəfəsi” ki, var, bizi inkişafdan saxlayan ən böyük maneələrdən biridir. Baxırsan, kimsə daha intellektual, daha bacarıqlı, daha işgüzar və birgəyaşayış qaydalarına əməl etməyi bacaran, kəsəsi cəmiyyət üçün hər mənada faydalı olan bir adamın yerini tutur və sözün bütün mənalarında əyləc funksiyasını yerinə yetirir. Amma beləsini kənarlaşdırmaq, işi irəli apara biləcək kadrla əvəz etmək istəyəndə, “çörəyə bais olmaq” “fəlsəfəsi” nəinki ictimai qınaq, linç üçün əsasa çevrilir. Ah-nalə, qarğış və milli mentalitetimizin daha neçə-neçə bəşəriyyətin kəşf və dərk edə bilməyəcəyi neqativ təzahürləri qoşun kimi hücuma keçir. Nəticədə isə yerində saymalı olursan...

Nə isə keçək mətləbə... Göründüyü kimi, Yaponiya kimi bir ölkənin Elmlər Akademiyası aid olduğu nazirliyin bir təsisatı kimi fəaliyyət göstərir, yekə-yekə institutları-filanı yoxdur. Amma Yaponiyanın 25 Nobel laureatı var. Daha 3 nəfər isə, mənşə etibarilə yapon olsalar da, başqa ölkələrin vətəndaşları kimi bu mükafata layiq görülüblər.

Dünyanın ən qədim elmlər akademiyalarından biri də Fransa Elmlər Akademiyası İnstitutudur. 1666-cı ildə yaradılıb və bir neçə dəfə reformlara məruz qalıb. Fransa Elmlər Akademiyası institutunda sonuncu islahat 2002-2003-cü ildə həyata keçirilib. Hazırda qüvvədə olan qaydalara əsasən, təsisatın seçkili orqanlarında təmsil olunan şəxslərin ən azı yarısının yaşı 55-dən aşağı olmalıdır. Quruma müxbir üzvlərin qəbulu 2003-cü ildən dayandırılıb. Və Fransa vətəndaşları arasında Nobel mükafatı alanların sayı 60 nəfərdir. Onlardan biri – Mariya Küri Nobel mükafatına 2 dəfə layiq görülüb.

Başqa bir nümunə: 

Finlandiya Elmlər Akademiyası təhsil və mədəniyyət nazirliyinin nəzdində fəaliyyət göstərir və əsasən yüksək keyfiyyətli elmi tədqiqatları maliyyələşdirən elmi-təqdiqat ekspert təşkilatı funksiyasını yerinə yetirir. 5,5 milyon sakini olan Finlandiyanın isə, nə az, nə çox 4 Nobel mükafatı laureatı var...

İndi dünyanın ən qədim elmlər akademiyalarından biri - 80 Nobel laureatı olan üzvüylə fantastik nəticə göstərən Almaniyanın Berlin-Brandenburq Akademiyası ilə bağlı bəzi məlumatlara nəzər salaq: Deməli, sözügedən akademiyanın layihələrinin mütləq əksəriyyəti, təxminən 90 faizi üçüncü şəxslər, yəni biznes strukturları və müstəqil fondlar tərəfindən maliyyələşdirilir. Kəsə desək, Almaniyaya və dünyaya 80 Nobel mükafatçısı bəxş edən akademiya dövlət büdcəsindən asılıb qalmayıb.

Düşünürəm ki, əhalisinin sayı 9,2 milyon nəfər olan İsrailin Elmlər Akademiyasının fəaliyyəti haqqında məlumatlar da Azərbaycan oxucusu üçün maraqlı olacaq. Açıq mənbələrdən əldə edilməsi mümkün olan statistikaya görə, yəhudilər arasında Nobel mükafatı alan şəxslərin sayı 213 nəfərdir. Başqa bir etibarlı mənbədə dünyada iqtisadiyyat üzrə Nobel mükafatı alanların 41 faizinin, tibb üzrə 28 faizinin, fizika üzrə isə 19 faizinin yəhudi olduğu bildirilir. Akademiyanın üzvləri arasında Nobel mükafatı laureatı olanların sayı isə 5 nəfərdir. Akademiya dövlət təsisatı olsa da, büdcəsinin əhəmiyyətli hissəsini kəşflər və onların tətbiqi nəticəsində əldə olunan gəlirlər və hətta reklam gəlirləri təşkil edir.

Qənaətimə görə, ayrı-ayrı ölkələrin təcrübəsindən təqdim etdiyim nümunələr oxucularda bütövlükdə “Elmlər Akademiyası necə olmalıdır” sualına cavab tapmaq üçün müəyyən təsəvvür oyatdı...

Mənə qalarsa, elm, təhsil və bu iki mühüm istiqamətin özünü büruzə verə biləcəyi sahələr iç-içə fəaliyyət göstərməli və hər ikisi gəlir gətirməli, istedadlı, intellektual, bacarıqlı və işgüzar insanlar üçün cazibədar olmalıdır. Cazibədarlığın ölçüləri isə dünyanın hər yerində eynidir…