vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ŞƏXSİYYƏT  
14:29 | 16 iyul 2013 | Çərşənbə axşamı Məqaləyə 3486 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran şahı pul dolu zərf uzadır, o isə...

Kobzon kimi məşhur ifaçılar saatlarla Müslümü dinləyib, ifa etməyi öyrəniblər

Aytən CAVANŞIR, publika.az

MÖVZU İLƏ ƏLAQƏLİ

O artıq 21 yaşında ikən bütün sovet tamaşaçısının qəlbini fəth edə bilir. Onu o zamankı sovet məkanında bütün qadınlar sevirdi. Hamı sevirdi, ancaq ilk növbədə, səhnə onu sevirdi.

Təsəvvür edin, gənc, yaraşıqlı və olduqca qeyri-adi gözəl səsə malik cılız, utancaq bir oğlan Kreml sarayında çıxış edir və keçmiş sovet ölkəsi olan Azərbaycanı təmsil edir. Bax elə həmin gün bu gəncin ulduzu parlayır! Məşhur həmyerlimiz Müslüm Maqomayev - Bizim Müslüm Maqomayev…
Müslüm Maqomayev 1942-ci ilin 17 avqustunda Bakıda doğulmuşdur. Onun anası Ayşet Maqomayeva müğənni idi, atası isə teatr rəssamı. Müslümün babası Müsüim Maqomayev Azərbaycanın görkəmli bəstəkarı olub. O, “Şah İsmayıl”, “Nərgiz” operalarının müəllifidir. Müğənniyə də onun şərəfinə “Müslüm” adı qoyulub.
Babasının adını daşıyan balaca Müslüm anasını demək olar ki, görmürdü. Ayşet daim səfərlərdə idi. Müslüm dayısı və xalasının himayəsi altında böyüyür. Gələcək müğənninin atası isə müharibədə vəfat edir.
Müslüm Milli Konservatoriyada, İtaliyada təhsil almış ilk azərbaycanlı qadın müğənni prof. Şövkət Məmmədovanın sinfində təhsil alır. Müslümün “Fiqaro” operasından ifa etdiyi parçalar zövqlü tamaşaçı kütləsini məftun etmişdi.
Bariton səsə malik Müslüm Maqomayev Milanın məşhur “La Skala” teatrında təcrübə keçir. Lakin nədənsə dünyaşöhrətli həmyerlimiz estrada janrına üstünlük verir. Ancaq onun gözəl italyan dilində ifa etdiyi bir sıra mahnılar - “Bella ciao”, Adriano Çelentanonun repertuarından olan “24000 baci” və s. dillər əzbəri idi. Müslümün ifasında italyan musiqisi o qədər möhtəşəm, təbii idi ki, dinləyici bu ifaya biganə qala bilməzdi…
İfaçının rus və doğma dilimizdə əvəzsiz olan “Mavi sonsuzluq”, “Azərbaycan”, “Ana”, “Nöktürn” mahnıları Müslümsevərlərin dillər əzbəridir.
Zaman var idi ki, İ. Kobzon kimi indi məşhur ifaçılar saatlarla Müslümü dinləyir və ondan necə ifa etməyi öyrənirdilər.
“Baharın 17 anı” filmində səslənən məşhur mahnını Müslüm ifa etməli olduğu bir vaxtda Kobzonun ifasını seçirlər. Müslüm bu ölkədə nə qədər sevilsə də, “azərbaycanlı” olmaq amili öz rolunu oynayır. İfaçı özü bu barədə bunu söyləyir: - “Ola bilsin, Kobzonun səsi Tixonova daha uyğun olub. Görünür, Lioznova Kobzona mənim ifa etdiyim yazını dinlədib. Çünki mahnı eynən mənim oxuduğum kimi ifa olunmuşdu – eyni aksent, eyni pauzalar”.
Təəssüf ki, Müslümü sevməyənlər arasında öz həmyerliləri, dost saydıqları da vardı. Buna səbəb isə sözsüz ki, istedad idi – böyük istedad, səs - milyonların sevdiyi və ilahiləşdirdiyi səs…
Hər bir halda, bütün bu xırda xoşagəlməz faktlar Müslümün keçmiş sovet ölkələrində dəlicəsinə sevilməsinə mane olmurdu. Sadə tamaşaçı pərdənin yalnız bir hissəsini görürdü. Alqışların səngimədiyi səhnə idi tamaşaçının gördüyü...
İfaçını daim dəstəkləyən, yanında olan əsl dostları arasında mərhum prezident Heydər Əliyev də vardı. Müslim Maqomayev deyirdi: - “Bizim dostluğumuz təmənnasız idi. O, mənim böyük dostum olub. Dayım öləndən sonra Heydər Əliyev mənə onu əvəz etdi. O da öləndən sonra mənim demək olar ki, heç kimim qalmadı”.
Böyük ifaçının şəxsi həyatına qaldıqda, o, iki dəfə evli olub. İlk evlilik Ofeliya adlı xanımla baş tutur. Lakin bu nikah yalnız bir il davam edir. Marina adlı qızları dünyaya gəlir. Marina hal-hazırda ABŞ-da yaşayır. İkinci həyat yoldaşı opera ifaçısı Tamara Sinyavskaya ilə Müslüm 1972-ci ildə tanış olur. Müslüm Maqomayev Tamara Sinyavskaya ilə 34 il xoşbəxt ömür sürür. Bu illər ərzində Müslümün şəxsi həyatı barədə şayiələr səngimirdi. Onun müğənni Edita Pyexa və digər qadınlarla eşq yaşaması barədə çoxsaylı şayiələr gəzirdi.
1971-ci ildə İran şahı Müslüm Maqomayevi sarayına dəvət edir. Bütün qonaqlar, o cümlədən, şah ailəsi onun çıxışından razı qalır. Sonda, Şah müğənniyə içində sanballı məbləğ olan zərf uzadır. Lakin Müslüm bu pulu götürməkdən imtina edir: - “Qonaq olduğum insanlardan pul almıram”- deyə gənc ifaçı cavab verir. Əvəzində şah müğənniyə bahalı üzük hədiyyə edir.
Müğənninin böyük sənəti ilə şəxsi keyfiyyətləri vəhdət təşkil edirdi. Yüksək insani keyfiyyətlərə malik, səxavətli bir şəxsiyyət idi Müslüm Maqomayev...
Müəyyən səbəblərdən ifaçı Azərbaycanı tərk edir. Ömrünün sonuna qədər o, Rusiyada yaşayır. Buna baxmayaraq, Müslümün ürəyi daim Azərbaycanla döyünürdü. 2008 –ci ilin 25 oktyabrında ifaçı gözlərini əbədi olaraq yumur.
Müslüm Maqomayevin aldıqları mükafat və adların siyahısını yazsam, çox uzun olacaq. Mükafatlar, adlar, orden və medallar bir yana, Müslüm xalqın sevimlisi idi. Xalqın sevgisinin yanında isə titullar çox az əhəmiyyət daşıyır. Mən hər bir ifaçıya, hər bir ulduza məhz Müslüm Maqomayev qədər sevilməyi arzu edirəm…