vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ARAŞDIRMA  
16:57 | 13 iyun 2012 | Çərşənbə Məqaləyə 2874 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gözü qapıda qalan SƏNƏTKAR

Siyavuş Aslan: «Kim istəyir yaxşılıqla, kim də istəyir pisliklə yaşayır...»

APA

Onunla bir zamanlar yaxın dostu və tərəf müqabili mərhum Hacıbaba Bağırovun doğum günündə görüşdük. Nə qədər qəribədir: dünyada olmayanın ad günündə o biri ilə görüş. Daha doğrusu, “trio”nun son nümayəndəsi, heç bir təqdimata ehtiyacı olmayan Siyavuş Aslanla... Əslində onunla görüşməyi uzun müddətdir planlaşdırırdıq. Amma səhhəti ilə əlaqədar görüş heç cür alınmırdı. Nəhayət, dünən razılaşıb, yaşadığı evə getdik. Siyavuş Aslanın evi mərhum həyat yoldaşı, aktrisa Ofeliya Aslanın yaşadığı mənzilin bir otağından ibarətdir.

Azərbaycan teatr və kino tarixində əvəzsiz xidmətləri olan Siyavuş Aslanla görüşüb söhbətləşmək və onu ayaq üstə görmək xoş idi.
APA-nın əməkdaşlarını sakit baxışları ilə süzdükdən sonra ilk sualımızı cavablandırdı: “Yaxşıyam, çox sağ olun. Həyat davam edir. Hər yaşda öz güzəranını yaşayıb, öz haqq-hesabını çürüdüb bu həyat. Kim istəyir yaxşılıqla, kim də istəyir pisliklə yaşayır...”
Əslində bu görüşə müsahibə almaq üçün getmişdik, lakin janrı dəyişməli olduq. Xəstəlikdən dolayı bəzi suallarımıza ötəri cavab verir. Evində olduğumuz müddətdə bir neçə dəfə giriş qapısına gedib kiminsə gəlib-gəlmədiyinə baxır. Sanki kiminsə yolunu gözləyir. Əslində kimi gözlədiyini bilirdik. Çünki elə hey həyatdan köçmüş həyat yoldaşını soruşurdu: “Ofeliya haradadır?” Nə oğlu Çingiz müəllim, nə baxıcısı Sədaqət xanım bu sualın həqiqi cavabını ona vermək iqtidarında deyillər, qəlbini incitmək istəmirlər. Desələr də, nə fayda?! Onsuz da ən çox iki ad dilinə gəlir: Ofeliya Aslan və Nəsibə Zeynalova.
Demə, başqa gözlədikləri də varmış. Baxıcısı Sədaqət xanım 7 aydır Siyavuş Aslanın yanında çalışdığını və bu müddət ərzində aktyorun yanına heç bir həmkarının, dostunun gəlmədiyini deyir: “Bu insan hər gün kimisə gözləyir, insanların, dostlarının, iş yoldaşlarının yanına gəlməsini istəyir. Gün ərzində bir neçə dəfə gedib qapıya baxır, elə bil kimisə gözləyir. Çox az hallarda keçmişdən kimsə yadına düşür, kimisə soruşur. Ən çox soruşduğu Nəsibə Zeynalova və Ofeliya xanımdır. Təəssüflənirəm və bəzən inana bilmirəm ki, bu evdə canlı əfsanə yaşayır, amma yada düşmür. Yada salınmağa bu qədər ehtiyacı olduğu halda... Nə Akademik Milli Dram Teatrından, nə dost deyib sinəsinə döyüb, televiziyada Siyavuş Aslandan ağızdolusu danışanlardan heç kim bu evə gəlməyib. 7 ay ərzində mən bu evə yalnız üç nəfərin gəldiyini görmüşəm, onlardan biri sizsiniz”.
Siyavuş Aslan isə özünü sındırmır, dostlarının ona tez-tez baş çəkdiyini deyir: “Dostlar hər yaşda çoxdur. Hər yaşın öz vaxtı var. Hər yaşda dost öz işini görür. Yanıma gəlirlər, hamısı gəlir...”
Sədaqət xanım deyir ki, bəzən o, teatra getmək, kinoya çəkilmək istəyir: “Üzünü qırxdıqdan sonra “qalstukumu ver, teatra gedək” ya da “AzTV-yə gedək” deyir. Və sual verir: “Niyə məni kinoya çəkmirlər?”
Siyavuş Aslan Azərbaycan teatrının mövcud vəziyyətindən narazı deyil. “Bu gün Azərbaycan teatrının tənəzzülümü, inkişafınımı müşahidə edirsiniz” sualını belə cavablandırır. “Teatrda gərək rejissor yetişdirsin. Teatr heç zaman üzü aşağı olmayıb, teatr üzü yuxarıdır və həmişə də elə olacaq”.
Bir az incik, küskün olan Siyavuş Aslan özünü televizordan seyr edir. Bəzən özünü görüb tanıyır, bəzənsə, sakitcə seyr edir və o günləri xatırlayır. Onunla görüşümüzün Hacıbaba Bağırovun doğum gününə təsadüf etdiyini yada salıb, uzun illər birgə çalışdığı bu insanla keçirdiyi günləri soruşduq: “Hacıbabanın 80 yaşı olur. Ola bilərdi ki çox olsun, çox yaşamaq olardı. Amma əfsuslar olsun ki... İnsanlar müxtəlif cür olur, onların yaxşı və ya pis tərəfləri olur”.
Özünə baxmadığını, sağlamlığını qorumadığını etiraf edən Siyavuş Aslan fikrini belə ifadə edir: “Qoyurlar ki... Biri gəlir filan şey, o biri gəlir filan şey, filan şey. Həyatdan almaq istədiyim çox şey qalıb, amma əfsuslar olsun ki, almalı olduğunu ala bilmirsən, ona görə də... Yaxşılaşmaq istəyirəm, özümü qorumadım”.
Sentyabrda görkəmli aktyorun 77 yaşı tamam olacaq. Gənclik illərində xoşbəxt həyat sürdüyünü deyən aktyorun gənclərə məsləhəti: “Xoşbəxt olmaq üçün həyatı zamanında dərk etmək lazımdır”.
Bir saat müddətində onu seyr etmək imkanımız oldu, müxtəlif obrazları, yaratdığı sənət əsərləri göz önümüzdə canlandı. Əslində Siyavuş müəllim danışmağı sevən insandır, sadəcə, onu yormaq niyyətimiz yox idi. Bu müddətdə istər Sədaqət xanım, istərsə də oğlu Çingiz müəllim Siyavuş Aslanın qayğıdan kənar qaldığından, dostlar tərəfindən unudulduğundan şikayətləndilər. O isə bu şikayətləri sakitcə dinlədi. Ya ötən illərə səyahət etdi, ya da o məqamda müdaxilə etmək istəmədi. Siyavuş müəllim bu gün, sadəcə, həmin insanların ona baş çəkməsinə ehtiyac duyur: “Belə bir insana, bu cür münasibəti anlamaq və qəbul etmək mümkün deyil. Onlardan heç nə yox, sadəcə, bura gəlib, onunla söhbətləşməsini istəyirik, heç kimin bir meyvəsini belə istəmirik. Onun gözü qapıda qalıb. Biz çox pis oluruq. Gəlib baş çəksinlər, maraqlansınlar. Bu gün o xəstədir, heç bir yerə gedə bilmir, axı siz gələ bilərsiniz, elə deyil? Bu insan iki yerdə işləyib, amma heç bir iş yerindən gəlib baş çəkmirlər. Hər dəfə məndən “kim gəldi, kim var” deyə soruşanda pis oluram. “Heç kim gəlməyib” cavabını verəndə üzünü çevirir”.
Siyavuş Aslan isə baxıcısının bu iradına “özləri bilər...” deyərək köks ötürməklə cavab verir. “Mənə əsəbiləşir ki, “heç kimə demə, yanıma gələn yoxdur”. Amma bunu deməmək mümkün deyil, eşitdirmək lazımdır”. Bu sözlər də Sədaqət xanımın sözləridir.
Siyavuş müəllim ayağa qalxır və çəliksiz asta-asta addımlarla gəzir. Şəkər xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, çoxlu şirniyyat yeyir, evinin eyvanından şəhəri seyr edir. Məlum olur ki, sevimli aktyor xəstəliyinə rəğmən adətindən indi də geri qalmır, oğlu ilə tez-tez Dənizkənarı Milli Parkda gəzir, çay içir.
Siyavuş Aslanla bu bir saatlıq görüşümüzü fotoaparatın yaddaşına köçürdük.
Xatırlayıram, Siyavuş Aslanla 2006-cı ildə Akademik Milli Dram Teatrda görüşmüşdüm. O görüş bu görüşdən deyildi, Siyavuş Aslan da indiki Siyavuş Aslan deyildi. O zamankı söhbətimizdə Azərbaycan kino və teatrının vəziyyətindən uzun-uzadı danışmışdı. Bu söhbətimizdə isə...
Altı il əvvəlki görüşümüzdə şəkil çəkdirə bilməsək də, düz 6 ildən sonra bu istəyimi gerçəkləşdirdim. Siyavuş Aslanla ikinci görüşümüzü əbədiləşdirib şəkil çəkdirdim. Səhhəti, yaddaşı dəyişsə də, siması heç dəyişməyən, bir zamanlar adı dillər əzbəri olan, bu gün isə çoxları tərəfindən unudulan, biganəliyə düçar olan sənətkarla. Amma o, sadəcə, həmkarları tərəfindən unudula bilər. Biz tamaşaçılara isə adicə varlığı belə bəsdir...