vaxtlı-vaxtında oxuyun! Cümə, 26 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
Slavyan müharibəsində Türkiyə diplomatiyası 15:27 | 11 aprel 2022 | Bazar ertəsi Məqaləyə 439 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Slavyan müharibəsində Türkiyə diplomatiyası

Ankara təkcə regional yox, həm də qlobal gücə çevrilmək yolunda uğurla addımlayır

Rəşad BAKUVİ Azərbaycan Yüksəliş Partiyası başqan müavini

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın fevralın 24-də başlatdığı işğalçılıq siyasəti nəticəsində Ukraynada gedən müharibə fonunda qardaş Türkiyə Cümhuriyyəti həm Kiyevlə, həm də Moskva ilə sıx əlaqələrini qoruyub saxlamaq istəyir. Belə bir durumda Türkiyə vasitəçi roluna üstlənə biləcəkmi və mövcud şərtlərdə prezident Ərdoğan geosiyasi planda hansı məqsədi güdə bilər?!

Hərçənd Ankaranın vasitəçiliyi ilə rus və ukraynalı nümayəndə heyətlərinin ən son İstanbulda baş tutan növbəti sülh danışıqlarında barışa yönəlik müəyyən kövrək ipuclarının olduğunu qeyd edək. Bu danışıqlarda Kiyev geri çəkilmək niyyətində olmadığı yeni təhlükəsizlik zəmanəti sistemini Moskvaya təklif elədi. Türkiyənin məhz bu sistemdə mümkün başlıca qarantor ölkələrdən biri kimi çıxış etdiyi şübhəsizdir. Məhz İstanbul danışıqlarının ardınca Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirdi ki, Rusiya əsasən Kiyev və Çerniqov yaxınlığındakı hərbi əməliyyatlarda aktivliyi əhəmiyyətli dərəcədə azaldacaq. Türkiyənin müəyyən prinsipial məsələlərdə Ukraynanı dəstəklədiyi fonunda Moskvanın verilmiş sözlərə nə qədər əməl edəcəyi şübhə doğursa da, son baş verənlər, xüsusilə də Rusiyanın Ukraynanın şimalındakı qoşunlarının böyük bir hissəsini Donbass bölgəsinə çəkməsindən sonra İstanbul Sülh Danışıqlarını Ankara tərəfdən uğurlu hesab etmək olar. Hər bir halda, ruslarla ukraynalıların məşhur Dolmabhaçe Sarayında son görüşü Türkiyə üçün ciddi diplomatik uğur sayılır, o mənada ki, gerçəkdən Avropanın şərqində meydana gəlmiş müharibə böhranını həll etmək və sülhə nail olmağa ümid yaranıb.

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ölkəsinin rəsmi vasitəçi olmadığı, ancaq bununla belə, Rusiya və Ukrayna arasındakı sülh danışıqları prosesini dəstəkləmək məqsədilə bütün mümkün şərtləri təmin etməyə hazır olduqları barədə sözlərini də xatırlamaqda fayda var. Hələ müharibədən əvvəl Ərdoğan Rusiya-Ukrayna qarşıdurmasında vasitəçi olmağı təklif etmişdi, fəqət sözügedən təklifi o vaxt Rusiya Federasiyası prezidenti Vladimir Putin qəbul etməmişdi.

Bəllidir ki, baxmayaraq Türkiyə ilə Rusiya arasında çox sıx iqtisadi əməkdaşlıq mühiti mövcuddur, Ankaranın Kiyevi dəstəkləməkdə davam etməsi Putini narahat edən əsas nüans olub. Xatırladaq ki, hələ ötən ilin sonlarında Türkiyə hökuməti Ukrayna ilə hərbi təchizatın təmin olunması barədə anlaşma imzalamışdı. Ən önəmlisi isə, Ankara hər zaman olduğu kimi, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək kursuna sadiqdir. Xüsusilə, son illər prezident Ərdoğanın müxtəlif beynəlxalq siyasi platformalardakı çıxışlarında Rusiyanın 2014-cü ildə işğal etdiyi Krımı Ukraynanın ayrılmaz suveren tərkib hissəsi olduğunu vurğulaması və işğalı pisləməsi önəmli detaldır. Eyni zamanda Ərdoğan Krım tatarlarının müdafiəçisi roluna da sadiqdir və ən son Antalya Diplomatiya Forumuna Krımın keçmiş baş naziri, Krım tatarlarının öndəri Mustafa Tataroğlunun da rəsmi dəvətlilər arasında görünməsi buna sübutdur.

Məhz bu prinsipial nüansları böyük ehtimal nəzərə alan Putin, yəqin düşünüb ki, rəsmi Ankara müstəqil tərəf kimi vasitəçilik edə bilməz, bu səbəbdən savaşdan öncə Ərdoğanın bununla bağlı təklifini Kreml səmimi qəbul etməmişdi.

Artıq müharibənin başlamasından 40 gündən də çox vaxt keçib və bu gün baş verənlər, Rusiyanın Ukraynadakı döyüş meydanlarında hesablara daxil olmayan uğursuzluğu (Hələ də, dünyanın ikinci ən qüdrətli ordusuna sahib olduğunu iddia edən Rusiya Ukraynada heç bir şəhəri tam ələ keçirməyə müvəffəq olmayıb), Qərbin cəhənnəm sanksiyalarının ardı-arasının kəsilməməsi, Moskvanın getdikcə daha çox təklənməsi Ankaranın yerini Kremldəkilər üçün daha şirin etməyə başlayıb. İstər Rusiya isteblişmentinin ən yuxarı pillələrindəki rəsmi şəxslər olsun, istərsə də bu ölkədə ictimai rəyi müəyyənləşdirən cəmiyyət nümayəndələri olsun, hamısı bir ağızdan Türkiyənin və onun liderinin bölgədə partlaq vermiş müharibə böhranının həllində kilid ölkə statusunu etiraf etməyə məcbur qalıblar. Bir müddət əvvəl Türkiyəyə nifrin püskürən ipiqırıq zatlar indi türklərlə münəsibətlərinə sağ-salamat qalmaq amili olaraq görürlər.

Təbii ki, belə bir tabloda, məsələn, obrazlı ifadə eləsək, iki stul arasında qalmaq yaxud “aktiv neytrallıq” Türkiyə üçün hara qədər çıxış yolu olacaq, bunu ancaq prosesin gedişatında dəqiqləşdirə biləcəyik. Məsələn, müharibə başlayandan bəri Ankara əvvəlkindən daha ehtiyatlı bir kurs aparır.  Prezident Ərdoğan bu mövqeyi “aktiv neytrallıq” adlandırır. Praktikada bu, hər iki tərəflə əlaqə saxlamaq, onlarla dialoqda qalmaq və səhv etməmək anlamına gəlir. Belə başa düşmək olar ki, Ərdoğanın bu kursa üstünlük verməsi həm də məcburi xarakter daşıyır.

Çünki Ankara həm Kiyev, həm də Moskva ilə zamanında yaxşı əlaqələr qurub. Bir maraqlı nüans da budur ki, NATO ilə Rusiya arasındakı heç də rəvan olmayan münasibətlərdə də Türkiyə xüsusi neytral mövqe tutması bir yana, zaman-zaman münasibətlərin normallaşdırılması üçün vasitəçi ola biləcəyini gizlətməyib. Fəqət bir tərəfdən də, əgər davam edən müharibəyə görə Ankara təklənən Moskvaya qarşı öz mövqeyini dəqiq və konkret müəyyənləşdirməlidirsə, o zaman Ərdoğanın dilemma ilə üzləşəcəyi gün uzaqda deyil, çünki Türkiyə bir tərəfdən NATO-nun üzvüdür, digər tərəfdən isə müxtəlif həyati sahələr üzrə Rusiyadan böyük dərəcədə asılıdır. 

Unutmayaq ki, Türkiyənin ilk növbədə Rusiya qazından ciddi asılılığı var. Rəsmi rəqəmlərə görə, Türkiyə ehtiyac duyduğu qazın üçdə birini məhz Rusiyadan alır. Qardaş ölkə üçün çox əhəmiyyətli layihə olan, Mersin liman şəhərində Türkiyənin ilk atom elektrik stansiyası da “Rosatom” tərəfindən inşa edilib. Digər yandan, Rusiya Türkiyə üçün tikinti materiallarının əsas alıcısı rolunu oynayır və Anadoludan gələn kənd təsərrüfatı məhsullarının ən böyük bazarı hesab edilir. Bundan başqa, ötən il Türkiyənin taxıl idxalının 70 faizi Rusiyadan tədarük edilib. Türkiyəyə gələn turistlərin isə təxminən 20 faizini ruslar təşkil edir. Aradakı ticarət dövriyyəsindən əldə olunan gəlirlər az deyil.

Türkiyə üçün əhəmiyyət daşıması baxımından eyni fikirləri Ukrayna üçün də söyləmək olar. Sıx iqtisadi əlaqələr, hər bir sahədə dərin əməkdaşlıqlar quran Türkiyə ilə Ukraynanın son vaxtlar xeyli artan isti münasibətləri hər iki respublika üçün getdikcə daha vacib rol oynamaqdadır. Təsadüfi deyil ki, ötən il Türkiyə 4,5 milyard dollarlıq sərmayə ilə Ukraynaya ən böyük xarici investor cəlb edən ölkə olub. Türkiyə-Ukrayna Sahibkarlar Dərnəyinin rəhbəri Burak Pəhlivanın sözlərinə görə, müharibə başlamazdan əvvəl Ukraynada 700-ə yaxın türk firması fəaliyyət göstərirdi. 2021-ci ildə ikitərəfli ticarətin həcmi isə 7,4 milyard dollar təşkil edib.  Fevralın 3-də Ərdoğan və Zelenski ticarət dövriyyəsini ildə 10 milyard dollara çatdırmaq barədə saziş imzalayıblar.

Bundan əlavə, Ankara Kiyevi silahla, xüsusən də Türkiyənin İkinci Qarabağ Savaşında sınaqdan uğurla çıxan pilotsuz döyüş təyyarələri “Bayraktar”la təmin edir. Kiyev və Ankara arasında döyüş gəmiləri və pilotsuz təyyarələr üçün mühərrik və digər hissələrin tədarükü ilə bağlı müqavilələr imzalanıb. Təbii ki, bütün bu sadalanan son dərəcə vacib nüanslar Türkiyəni dost bildiyi iki slavyan ölkəsi Ukrayna və Rusiya arasında başlayan müharibədən dolayı çətin duruma salıb. Çünki Qərb ölkələrindən fərqli olaraq, Ukrayna və Rusiya Qara Dəniz hövzəsi ölkələri kimi, Türkiyənin strateji hədəfləri baxımından siyasi qərarlar verərkən ehtiyatlı davranmağa məhkum olduğu ölkələrdir. Sevindirici hal budur ki, həm Kiyev, həm də Moskva müəyyən prinsipial narahatlıqları nəzərə almasaq, Ankaranın bu kritik vəziyyətdə geosiyasi duruşunu anlayışla qarşılayırlar.

Buradan yola çıxaraq əminliklə söyləmək olar ki, Türkiyə “aktiv neytrallıq” kursunu davam etdirəcək.  Qeyd edək ki, Türkiyənin sülh təşəbbüsləri, bundan ötrü müxtəlif şəhərlərdə qurduğu danışıq masalarını təqdir edən Avropa hazırda bu prosesdən məmnun görünür. Çünki belə bir geosiyasi kurs hələ ki, uğurlu hesab oluna bilər həm də o mənada ki, Ankaranın istər beynəlxalq hüquq, istərsə də hərbi-siyasi cəhətdən Ukraynaya dəstəyi eyni zamanda Rusiyanın bütün regionda siyasi ambisiyalarını cilovlamağa xidmət edir. Məhz bu nüans Ankaranın son illər Brüssellə korlanan münasibətlərini normallaşdıracağına da kövrək ümidi artırır.

Xüsusilə son illərdə ortaya qoyduğu təşəbbüsləri ilə Suriya, Liviya və Dağlıq Qarabağ kimi bölgələrdə oyun dəyişdirici rolu üzərinə götürən Türkiyənin Rusiya ilə Ukrayna arasındakı problemlərdə də vasitəçi rolunu oynaması Azərbaycanla hərbi-siyasi müttəfiq olan qardaş ölkənin əhəmiyyətini nəinki regional planda, həmçinin qlobal miqyasda da artırmaqdadır. Yuxarıda da xatırlatdığımız kimi, müharibədən əvvəl Ərdoğanın vasitəçiliyini qəbul etməyən Putin, qlobal siyasi arenada və Ukraynadakı döyüş meydanında vəziyyət əleyhinə işləməyə başlayınca, Ankaranın təşəbbüsünə isti yanaşmağa məcbur oldu. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyib Ərdoğan arasında baş tutan telefon danışığı zamanı “Ukrayna böhranında Türkiyənin vasitəçiliyi məsələsi də müzakirə olunacaq”.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq Diplomatiya Forumunda iştirak etmək üçün gəldiyi Antalyada prezident Rəcəb Tayyib Ərdoğanla da görüşmüşdü. Təxminən 35 dəqiqə davam edən görüşdən sonra Stoltenberqin “Prezident Ərdoğanla görüşmək xoş oldu. Türkiyə NATO-nun mühüm müttəfiqidir və biz Rusiyanın Ukraynaya təcavüzünü birmənalı şəkildə pisləyirik. Türkiyənin vasitəçilik səylərini təqdir edirəm” şəklindəki “Twitter” hesabından yaydığı mövqeyi xüsusi qeyd olunmalıdır. Baş katib görüşdən əvvəl verdiyi açıqlamada “Türkiyənin vasitəçilik səylərini çox dəyərli hesab edirəm.  Türkiyə Ukraynaya verdiyi dəstəyi ilə burada əsas rol oynayır” deməklə, əslində Qərbin bütövlükdə Aralıq Dənizi və Qara Dəniz hövzəsinin, həmçinin Yaxın Şərq və Qafqaz, o cümlədən Xəzər Dənizi hövzəsinin təhlükəsizliyi baxımından Türkiyəyə nə qədər ehtiyacları olduğunu göstərir. “Biz əlimizdən gələni edib bu müharibəni bitirməliyik. Türkiyənin vasitəçilik səylərini çox dəyərli hesab edirəm.  Burada ən önəmlisi odur ki, prezident Putin bu müharibəyə son qoysun və xoşniyyətli bürokratik cəhdlərə əl atsın. Biz şərq cinahında hərbi varlığımızı artırmışıq. Burada diplomatiyanın əhəmiyyətini vurğulayan böyük diplomatik görüş var. Türkiyə Ukraynaya verdiyi dəstəyi ilə burada əsas rol oynayır. PUA-lar Ukraynaya verilən dəstəkdə çox əhəmiyyətlidir. PUA-ların çatdırılması Ukrayna üçün həyati əhəmiyyət kəsb edir” vurğulayan NATO baş katibi Stoltenberq Türkiyənin eyni zamanda Qərb-Rusiya qarşıdurmasında da münasibətləri yumşaldacaq diplomatik imkanlara malik olduğuna xüsusi işarə edir.

Məhz yaranmış bu vəziyyət son vaxtlar Ankaranın xarici siyasətdə qlobal siyasətin təsiretmə mexanizmlərini düzgün və zamanında istifadə etdiyini, dünya siyasətində təsirinin artdığını ortaya qoyur. Fərqli diplomatik qaynaqlar da artıq Türkiyənin bölgədə sülhün tərəfdarı olduğunu ifadə edirlər, daha çox, Türkiyə xarici siyasət idarəsinin tez-tez dilə gətirdiyi “Qara dənizin gərginlik deyil, sülh və sabitlik dənizi olmasını istəyirik” fikirləri əsas tezisə çevrilməkdədir.