vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 25 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
İran-İsrail savaşında “time-out” 13:41 | 24 iyun 2025 | Çərşənbə axşamı Məqaləyə 20 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran-İsrail savaşında “time-out”

Tehran yenə özünün “naz siyasətini” davam etdirsə, sürprizlərlə qarşılaşacaq

NURLAN

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Trampın atəşkəs çağırışı ilə İran-İsrail savaşının 1-ci mərhələsi başa çatdı. Amma bu atəşkəsi müharibənin sonu adlandırmaq mümkün deyil. Çünki nə İsrail, nə də İran öz istədiklərinə tam çatmadılar. Bu isə iki düşmən dövlət arasında yeni gərginliklər ortaya çıxara və yenidən onları döyüş meydanında üz-üzə gətirə bilər.

Müharibənin 1-ci mərhələsində hər iki tərəfin müəyyən uğurları və itkiləri oldu. İsrailin əsas uğuru İranın nüvə proqramını ən azı 10 il geri salmaqdır. Məlum olduğu kimi, ABŞ-ın dəstəyi ilə İranın Fordo, Natanz və İsfahandakı nüvə təsisləri vuruldu. ABŞ prezidenti Donald Trampın və İsrail Baş naziri Benyamin Netanyahunun iddiasına inansaq, İranın nüvə proqramının əsas bazaları sayılan bu obyektlər tamamilə məhv olundu. İran isə bu iddialarla razılaşmır, xüsusilə Fordonun qismən zərər gördüyünü bildirilir. Hansının doğru dediyi bir müddətdən sonra aydın olacaq. Fikrimcə, İsrail əmin olsa ki, nüvə obyektləri hələ də təhdid olaraq qalır, savaşın yenidən başlayacağı istisna deyil.

İsrailin əldə etdiyi ikinci ən böyük uğur İranın hava sahəsinə tamamilə nəzarət etmək imkanıdır. Savaşdan əvvəl də İsrail rahatlıqla İranın hava sahəsinə müdaxilə edə bilir və istədiyi əməliyyatları keçirirdi. Bu savaşda isə o, İranın onsuz da zəif olan hava hücumundan müdafiə sistemlərini tamamilə sıradan çıxartdı. Beləliklə, öz hərbi təyyarələrinin də yolunu açdı. Bundan sonra Tel-əviv İranın HHM sistemlərini yenidən qurmasına imkan verməyəcək və lazım olsa bu təşəbbüslərin qarşısını hərbi təyyarələrinin iştirakı ilə daha rahat alacaq.

İsrailin qazandığı digər böyük uğur isə mental mübarizə sahəsindədir. Bu zamanadək İsrailə hərbə-zorba gəlməklə öz təbliğatı işini quran və İsrailin ətrafında “müqavimət oxu” adlandırdığı proksi sahələri yaradan İran bundan sonra öz tərəfdarlarını uğura inandırmaq qabiliyyətini də itirdi. Təsadüfi deyil ki, ən ağır vəziyyətində belə, İran proksiləri ona dəstək verə bilmədilər. Təxminlərimə görə, İsrail bu atışkəs dövründə İraqda, Livanda qalan İran proksilərini də tamamilə məhvetmə əməliyyatlarına başlayacaq və özünün müdafiə sahəsindəki əngəlləri bir-bir ortadan qaldıracaq, beləcə, müharibənin ikinci mərhələsində daha böyük üstünlüklər qazanacaq.

İsrailin dördüncü ən böyük uğuru ərəb ölkələri üzərində qazandığı imicdir. Bu zamanadək İrandan çəkinən ərəb dünyası Yaxın Şərqdə ondan daha güclü dövlət olduğunun fərqinə vardı və bundan sonra İsraillə daha rahat “dost olmağa” çalışacaq. Nəticədə Trampın dəstəklədiyi “İbrahim sazişi” layihəsi daha rahat həyata keçiriləcək. Bu isə gözlənilən II İran savaşında ərəb dövlətlərinin də prosesə cəlb olunmasına imkan verəcək.

Beşinci mühüm uğur İrandaxili qüvvələri Tehran əleyhinə aktivləşdirmək imkanlarıdır. Bu zamanadək SEPAH-ın, onun Bəsic qanadı İran vətəndaşlarının ən böyük qorxusu idi. İsrailin son hücumlarında xüsusilə SEPAH qüvvələrinin hədəfə alınması və onların ən səlahiyyətli komandanlarının məhv edilməsi artıq bu xofun da qırılmasına yol açacaq. Atəşkəsdən sonra başlayacaq danışıqlarda, yəqin ki, ABŞ-ın terror təşkilatı kimi tanıdığı SEPAH-ın tamamilə məhv olunması da masaya yatırılacaq və İranın bundan imtina etməsi yeni müharibə səbəbi sayılacaq. SEPAH-dan, xüsusilə onun hərbiləşdirilmiş könüllü milis təşkilatı sayılan Besicin sıradan çıxarılması İranda insan hüquqları uğrunda mübarizəyə də mühüm töhfələr verəcək. Beləcə, İranın islahı öz daxili qüvvələrinin aktivləşməsi nəticəsində mümkün olacaq.

Bu savaşda İsrailin uğursuzluqları da var. Ən mühüm uğursuzluğu qarşısına qoyduğu bütün hədəflərə çatmamasıdır. İlk növbədə, İsrail İranın daxili qüvvələrini rejim əleyhinə aktivləşdirə bilmədi. Təbii ki, burada onun əsaslandığı qüvvələri düzgün seçməməsi də böyük rol oynadı. Məlumdur ki, İsrail-İran savaşı başlayar-başlamaz İranın keçmiş şahının eyni adlı oğlu Rza Pəhləvi ortaya çıxarıldı və İran xalqına ən uyğun alternativ kimi təqdim olundu. Halbuki, İran xalqı Pəhləvi zülmündən dini xurafatçıların rəhminə sığınmış və İslam Respublikası adlı əcaib rejim yaranmışdı. Bu rejimdən xilas olmaq üçün onlara yenidən Pəhləvi zülmünü nicat qapısı kimi təqdim etmək yanlış idi və “yağışdan çıxıb yağmura yaxalanmaq” perspektivi vəd edirdi. Əlbəttə ki, İran xalqı bu pis alternativ uğrunda canını qurban verməzdi.

İkinci ən böyük səhv PKK/PJAK ünsürlərinə verilən dəstək idi. İranın inqilab tarixində həmişə həlledici rola sahib olan Güney Azərbaycan türkləri bu plana laqeyd qala və istər-istəməz rejim dəyişikliyi fikrini mənimsəyə bilməzdi.  Üstəlik, yerli faktorları İsraildən və ABŞ-dan daha yaxşı fəhm edən molla rejimi müharibə qoxusunu alan kimi İran prezidenti kürsüsünə Pezişkiyanı gətirmiş və xüsusilə Azərbaycan türklərinə daha yaxşı alternativ sunmuşdu. Nəticədə İran əhalisinin böyük qismini xarici müdaxiləyə qarşı səfərbər etməyi bacarmışdı.

Üçüncü mühüm səhvlərdən biri İranın həddindən artıq xəfifə alınması idi. İsrail böyük ehtimalla İranın hücumlara seyrçi qalacağına ümid edir və yaxud onun cavab zərbələrinin rahatlıqla dəf olunacağına inanırdı. Zaman isə tamamilə fərqli bir İranı ortaya çıxardı. İran cavab zərbələrinin bir çoxunda dəqiq nişan almasa da, hər halda İsrailə ciddi zərbələr də vurmağı bacardı. Beləcə, İsrail üçün səhvlərdən nəticə çıxarmaq üçün “fasilə götürmək” (time out) zərurəti yarandı. Hesab edirəm ki, bu atəşkəs qərarı da əslində “time-out” götürməkdən başqa bir şey deyil. Trampın tərəflərə bəxş etdiyi “time-out”dan İsrailin daha qazanclı çıxacağı şübhə doğurmur. Zira “time-out”ları adətən məşqçilər götürər və Trampın yalnız İsrailə baş məşqçilik edə biləcəyi heç kimə sirr deyil. Nəzərə alsaq ki, bir müddət əvvəl İsrailin özünü müdafiə sursatlarının tükənmək üzrə olduğu bildirilirdi, bu “sülhpərvər time-out” təklifinin əsl mahiyyətini anlaya bilərik.

İranın uğurlarına gəlincə, Tehran ilk növbədə sübut etdi ki, onun silahları İsrailə qədər çata bilir.

Onun ikinci mühüm uğuru İran xalqını bir arada cəmləşdirmə qabiliyyətini nümayiş etməsi oldu. Hərçənd, yuxarıda da qeyd etdiyimiz kimi, bu sahədə İran əsasən İsrailin səhv hesablamalarına borcludur.

Zənnimcə, bu savaşda İranın səhvləri uğurlarından qat-qat çoxdur. Ən pisi isə odur ki, İran özü nəticəsini bilə-bilə bu yanlışlara vardı. Nəticə isə onun üçün kifayət qədər ağır oldu. Bundan sonra onun atacağı yeganə addım ayaqlarını yerlə sürüməməsi, ilk təklif olunan “neməti” dərhal mənimsəməkdir. Əvvəlki kimi yenə özünü naza qoysa, ummadığı sürprizlərlə qarşılana bilər.