vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SAHİBKARLIQ  
09:02 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 3688 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saxta şirkət oyunu

Sirli mafiyanın 20 üzvü rayonlarda son 3 ayda 700 şirkət təsis edib, bir nəfərin hər gün 2 yaratması ilə bağlı rəsmi məlumatlar var

İqtisadiyyat şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı məlumatlarının təhlili göstərir ki, ölkədə son vaxtlar qeydiyyatdan keçən yeni şirkətlərin tam əksəriyyəti müəyyən bir qrup tərəfindən təsis olunur. Məlumatlı mənbələr həmin qrupun Azərbaycanın rəsmi orqanları ilə qeyri-rəsmi əlaqədə olduğunu, idxal əməliyyatlarının onlar üzərindən aparıldığını iddia edir.

Musavat.com iddia edir ki, rəsmi məlumata görə, təkcə 2013-cü ilin noyabr ayının 18-dən bu ilin yanvar ayının 9-dək olan dövr ərzində ölkədə 1502 şirkət yaradılıb. Onların təqribən yarısını - 700 şirkəti 20 nəfər təsis edib. Bir qayda olaraq bu şirkətlərin nizamnamə kapitalı 5-10 manat arasında dəyişir. Kommersiya hüquqi şəxslərin reyestrinə daxil edilən bu kasad məlumatlar təsdiq edir ki, gün ərzində həmin şəxslərin adına ölkənin müxtəlif regionlarında bir neçə şirkət yaradılır. Yəni eyni şəxs, məsələn, Əbülfəz İnşallah oğlu Məmmədov həm Bakıda, həm də respublikanın daha üç bölgəsində (Zaqatala, Sabirabad və Gədəbəy) saysız-hesabsız şirkətlər təsis edir. 

Hesablamalara görə, təkcə bu şəxs yuxarıda qeyd olunan tarixlərdə (2013-cü ilin noyabr ayının 18-dən 2014-cü il yanvarın  9-dək) 63 şirkəti dövlət qeydiyyatına aldırmağa müvəffəq olub. Başqa sözlə desək, yuxarıda qeyd olunan tarixlərdəki 34 iş günü ərzində həmin şəxs hər gün orta hesabla 2 şirkət təsis edib.

18 noyabr - 9 yanvar  tarixlərində daha çox şirkət qurmaq yarışmasında liderliyi Ağarəhim Qəribşah oğlu Məmmədov ələ alıb - 76 şirkət. Bu şəxs daha əvvəlki dövrdə də çoxsaylı şirkətlər yaradıb və onların direktoru vəzifəsini daşıyır. 

Şirkət yaratmaqda ad çıxarmış şəxslər sırasında Teymur Mömin oğlu Əliyev (69 şirkət), Fəqan Etibar oğlu Cəfərli (74), Elvin Cəmil oğlu Əsgərov (67), Mehman Canmirzə oğlu Mirzəliyev (35), Allahyar Adışil oğlu Mirzəyev (31), Şamil Ramazan oğlu Qandayev (36), Aqil Dadaş oğlu Dadaşov (18), Səyyad Mirhəsən oğlu Hüseynov (14) da var. 

Ölkənin müxtəlif bölgələrində çoxsaylı şirkətlər yaratmaqla onlar bir növ «regional inkişafa dəstək verirlər». Rəsmi təbliğat isə bundan məharətlə faydalanaraq regionların inkişaf etdiyini fəxrlə bildirir.  Əslində isə bu cür «regional şaxələnmə» əsl məqsədin ört-basdır edilməsinə yönəlmiş bir manevrdir. Bu mənada qeyd olunan şəxslərdən birinin yaratdığı şirkətlərdən birinin adı - «Blef» MMC hər şeyin mahiyyətini açır. 

Bəs tək insan bu qədər şirkətləri necə idarə edə bilər? Adlarını ilk dəfə eşitdiyimiz bu şəxslərə bu qədər şirkət adı kolleksiya üçünmü lazımdır? 

Birdən-birə 30-40 MMC yaradanları «dəli» adlandırmaq da mümkün deyil. Onları «MMC kolleksiyaçıları» kimi dəyərləndirmək də olmaz. Bu kolleksiyanın hərəkətsiz vəziyyətdə belə saxlanılması ildə bir neçə min manata başa gəlir - ən azı hər rüb onların boş hesabatını dövlət qurumlarına (vergi orqanlarına, Sosial Müdafiə Fonduna, Statistika Komitəsinə, Məşğulluq Fonduna) təqdim etmək lazımdır. Bu boş hesabatları hazırlamaq üçün mühasib tutmaq və ona hər ay heç olmasa 300 manat maaş vermək lazımdır. Bu isə ildə 3600 manat xərc deməkdir. MMC sahibinin heç bir gəlir əldə etmədən bu qədər xərclənməyə getməsi inandırıcı deyil. 

Deməli, belə MMC-lərin yaranması hansısa maraqlara xidmət edir. Hansı maraqlara?

Bu müəssisələr əksər hallarda birdəfəlik maliyyə əməliyyatları üçün yaradılır. Məsələn, MMC yaradılır, qeydiyyatdan keçir, bir neçə dəfə maliyyə əməliyyatı (əksər hallarda şübhəli maliyyə əməliyyatı) aparır, sonra qapadılır. Hətta gələcəkdə məsuliyyətdən yayınmaq üçün audit yoxlaması da aparılır. Yəni müstəqil auditor rəyi olur ki, müəssisədəki maliyyə əməliyyatları qanunsuzluq olmayıb, vergilər vaxtı-vaxtında ödənilib və s. 

Ölkənin biznes mühitində bu MMC-lərin rol oynamamasını rəsmi statistika da  təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə hüquqi şəxslərin dövlət reyestrinə 7 min 879 yeni kommersiya və qeyri-kommersiya təşkilatı haqqında məlumatlar daxil edilib. 2012-ci illə müqayisədə bu göstərici 45,4 faiz artıb. Ancaq bu MMC-lərin vergi daxilolmaları ötən il say artımına adekvat olaraq artıbmı? Təbii ki, yox, vergilərin əhəmiyyətli kəsimi bazarın daimi oyunçularının payına düşüb. 

Adının açıqlanmasını istəməyən mənbə «Turan»a bildirib ki, bu cür şirkətlər Azərbaycana gətirilən malların gömrük rəsmiləşdirilməsi üçün yaradılır. «Onlardan birini tanıyıram. Ayrı-ayrı şəxslərin Azərbaycana gətirdikləri malların bir hissəsi onun şirkətlərinin adına rəsmiləşdirilməklə, ölkəyə buraxılır. Təbii ki, dəyəri milyardlarla dollarla ölçülən bütün malları bir nəfər üzərindən keçirmək əlverişli deyil. Ona görə də Dövlət Gömrük Komitəsinin əlinin altında çoxlu belə «beşgünlük» şirkətlər var», - deyə mənbə bildirib. 

Qurulan piramidanın təməlində inhisarçılıq dayanır. Belə ki, Azərbaycanda bütün mal çeşidləri müəyyən şəxslərin inhisarındadır və onların nəzarətindən kənarda heç kəs ölkəyə mal gətirə bilməz. Tələb olunan «oyun şərtləri» ilə razılaşmadıqda isə mal aylarla gömrükdə ilişib qala bilər. Mənbənin sözlərinə görə, qurama şirkətlərin üzərindən ötürülən mallar üzrə ödənilən əlavə dəyər vergisi sonrakı mərhələdə nağdlaşdırılaraq, mənimsənilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycanda idxal-ixrac əməliyyatları ilə təqribən 7 min subyekt məşğul olub. Bunların 3587-si özəl şirkət, 3132-si isə fiziki şəxslərdir. Reallıqda isə bunlar bir neçə şəxsin təsis etdiyi şirkətlərdir.