vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:03 | 11 oktyabr 2018 | Cümə axşamı Məqaləyə 7275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kent Boltonun Bakıya səfərini hazırladı

ABŞ-lı qonaq 4 mövzudan danışdı

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent oktyabrın 9-10-da Azərbaycanda səfərdə oldu. Amerikalı diplomat prezident İlham Əliyevlə görüşdü. Bundan sonra Corc Kent Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir araya gəldi. Kent səfərinin sonunda mətbuat konfransı keçirdi.

Corc Kent Bakıda Amerikanı maraqlandıran 4 mövzudan danışdı.

Birinci mövzu enerji əməkdaşlığı barədə idi. Kentin sözlərindən bir daha aydın oldu ki, Vaşinqton Cənubi Qaz Dəhlizi layihəsini dəstəkləyir. “Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” enerji ehtiyat mənbələrinin şaxələndirilməsi yolu ilə enerji təhlükəsizliyini təmin edəcək” – bu Kentin Bakıda səsləndirdiyi əsas cümlələrdən biridir. Vaşinqtonun bu dəstəyini prezident İlham Əliyev də yüksək qiymətləndirir. İlham Əliyev Bakının bu dəstəyə görə Vaşinqtona minnətdar olduğunu Corc Kentə də bildirdi.

İkinci mövzu təhlükəsizliklə bağlı idi. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Vaşinqtonda yüksək qiymətləndirilir. Bu fikri amerikalı diplomatlar hər zaman Bakıda qeyd edirlər. ABŞ prezidenti Donald Tramp da İlham Əliyevə göndərdiyi məktublarda Əfqanıstan mövzusunu hər zaman xatırladır və buna görə Azərbaycana minnətdarlığını bildirir. Azərbaycanın Əfqanıstana verdiyi dəstək Azərbaycanla ABŞ arasındakı münasibətləri daha da yaxınlaşdırır. Corc Kent Bakıda regional təhlükəsizlikdən danışarkən Rusiya və İran mövzularına da toxundu. Görünür, Vaşinqton hesab edir ki, bu iki dövlətdən Azərbaycana təhlükə var. Halbuki, keçmiş illərdən fərqli olaraq Azərbaycan Rusiya və İranla iqtisadi əlaqələrini genişləndirib, 3 dövlət birgə regional layihələr icra edirlər. Kent Xəzərin status ilə bağlı imzalanan sazişə münasibət bildirmədi. O, mətbuat konfransında sadəcə dedi ki, bu məsələyə Azərbaycan rəsmilərinin münasibət bildirməsi doğrudur. Bu o deməkdir ki, Vaşinqton Rusiya və İranın imzaladığı Konvensiyaya şübhəylə yanaşır. Əks halda Kent deməliydi ki, Vaşinqton Xəzərin statusunun müəyyənləşməsini dəstəkləyir. Sadəcə, işin içində Rusiya və İran olduğuna görə Vaşinqton sazişi dəstəkləyə bilməz. Rəsmi Bakı isə Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanı müsbət qiymətləndirir. Bunu İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bildirdi.

Üçüncü mövzu Dağlıq Qarabağa həsr edildi. Vaşinqton bölgədə müharibə olmasını istəmir. Corc Kentin sözlərindən məlum oldu ki, Vaşinqton Azərbaycan prezidentinin Ermənistanın baş naziri ilə Düşənbədəki görüşünü müsbət qiymətləndirib. Buna baxmayaraq, ABŞ Minsk Qrupunun həmsədri olaraq münaqişənin həlli üçün fəallaşmır. Kent də münaqişənin həlli ilə bağlı yenə heç nə demədi. Halbuki, Donald Tramp Azərbaycan prezidentinə, bir neçə ay sonra isə Ermənistanın baş nazirinə göndərdiyi məktublarda Vaşinqtonun münaqişənin həllində fəallaşacağına işarə vurmuşdu. Kent bu məsələyə aydınlıq gətirmədi.

Dördüncü mövzu insan haqları və demokratiyaya həsr olundu. Kent dedi ki, Vaşinqton Azərbaycanda “Azadlıq” radiosunun bərpasını istəyir. Kent hətta belə bir ifadə də işlətdi ki, gələn dəfə Bakıya gələndə “Azadlıq” radiosunu dinləmək istəyir. Azərbaycan hakimiyyəti “Azadlıq” radiosunun Bakıdakı ofisini 2014-cü ildə bağlayıb. “Azadlıq” radiosu Azərbaycan hakimiyyətinin siyasətini sərt tənqid edirdi. Digər tərəfdən bu radionu dinləyənlərin sayı çox idi. Bu hakimiyyəti narahat etməyə bilməzdi. Başqa ölkənin radiosunun Bakıdan Azərbaycan hakimiyyətini tənqid etməsinə qarşı tədbirlər görüldü. Hakimiyyətin “Azadlıq” radiosunun fəaliyyətinə icazə verəcəyi ehtimalı yüksək deyil. Rəsmi Bakı bu məsələdə Vaşinqtonun xahişini yerinə yetirməyəcək. Vaşinqton isə buna görə Bakıya problem yaratmayacaq. ABŞ-ın prezidenti Respublika Partiyasının nümayəndəsidir. Rəsmi Bakı adətən enerji və təhlükəsizlik məsələlərində respublikaçı prezidentlərlə sıx əməkdaşlıq edir və bu zaman demokratiya mövzuları arxa plana keçir.

Azərbaycana Corc Kentdən sonra ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton gələcək. Kent Bakıya gəlməklə Boltonun səfər proqramını müəyyənləşdirmiş oldu. Bəlkə Bolton Trampın Qarabağ münaqişəsinin həlliylə bağlı fikirlərinə aydınlıq gətirər…

“Atlas” Araşdırmalar Mərkəzi


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)