vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
22:29 | 1 may 2019 | Çərşənbə Məqaləyə 435 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dağdakı məbəd siyasətə enərsə...

Mehriban qonşuluğa və xoşgörüyə layiq olmaq lazımdır

Aygün MURADXANLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Salome Zurabişvili Gürcüstan prezidenti seçiləndə Gürcüstan-Azərbaycan münasibətlərinə gərgin məqamlar əlavə olunacağı bəlliydi. Seçkiqabağı çıxışlarında Zurabişvili milli azlıqlar haqqında danışarkən ermənilərə xüsusi simpatiyasını gizlətmir, onlara konkret vədlər verirdi. Aydın idi ki, seçiləndən sonra bu, dövlət siyasəti səviyyəsinə yüksələrək Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vuracaq.

Təxminlərin təsdiqi çox yubanmadı – seçkidən 2 ay sonra, yanvarın 20-də Gürcüstan erməniləri Qarabağda türklərin qatili olan soysuzlarından birinə büst qoydular. Bakıda törədilən sovet qətliamının ildönümünü ermənilər Qarabağda türklərə qarşı etnik təmizləmə siyasətinin ünlü icraçısının xatirəsini əbədiləşdirməklə qutladılar. Düşmən xalqların qarşılıqlı münasibətləri açısından baxanda burada təəccüblü heç bir məqam yoxdur. Məsələnin təəssüf və təəccüb doğuran tərəfi ermənilərin bunu Gürcüstan dövlətinin siyasəti müstəvisinə çıxara bilmələrindədir.

Ardınca Qarabağ separatçılarının bayrağı Gürcüstanda görünməyə başladı, sonra Türkiyə bayrağı “erməni soyqırımı münasibətilə” Gürcüstan ermənilərinin qəzəbinə gəldi.

İndi də xanım Zurabişvili Gürcüstan-Azərbaycan sərhəddində yerləşən alban məbədi ilə bağlı gürcü millətçilərinin iddialarını təzələyib, Azərbaycanla sərhədlərin demorkasiyası prosesinin bir an öncə başa çatmasını tələb edib. Ondan güc alan erməni millətçiləri Azərbaycan sərhədinə gəlib, aksiya keçirib, Azərbaycanı işğalçı dövlət adlandırıblar. Yəni, Zurabişvilinin başçılığı ilə Gürcüstan Qafqazda milli zəmində yeni qarşıdurma yaratmağa çalışıb. Bunun başqa adı yoxdur.

Əgər dağın başındakı əslində alban məbədi rəsmi Tiflisin siyasətinə hansısa siyasinin ritorikası ilə ensəydi, hər iki tərəfdən ocağı körükləməyin əleyhinə olanların təşəbbüslərini dəstəkləmək olardı. Ancaq indi söhbət Gürcüstan dövlətinin başçısından gedir. Analogiya üçün bildirək ki, indiyə qədər Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın xarici siyasəti ilə bağlı bütün çıxışlarında istisnasız olaraq Gürcüstan haqqında dost, qardaş ölkə kimi danışıb və ölkələr arasında münasibətlərin dərinləşməsini Azərbaycan dövlətinin preoriteti kimi göstərib.

Bu addımı ilə məsuliyyətsiz siyasətçi imajını bir qədər də gücləndirən xanım Zurabişvili üçün haşiyə...

Gürcüstanla Azərbaycan strateji müttəfiqdirlər. Azərbaycanın enerji ehtiyatları hesabına Avropanın enerji təhlükəsizliyi Gürcüstan üzərindən həyata keçirilir. Tranzit ölkə rolunun Gürcüstana hansı dividentlər qazandırdığını saymaqla bitməz. Məhdud miqdarda mineral sulardan başqa ciddi təbii sərvəti olmayan Gürcüstan dövlətinin büdcəsi üçün Azərbaycanın enerji ehtiyatları əvəzsiz gəlir qaynağıdır. Eks-prezident Mixeil Saakaşvili dönəmində regional layihələr Gürcüstan üçün ən sərfəli şərtlərlə imzalanıb və Azərbaycan qonşu ölkədə hakimiyyətlərin dəyişməsinə baxmayaraq, əməkdaşlıq yönündə xoşgörü siyasətini hər zaman davam etdirib.

Osetiya və Abxaziyanın işğalından sonra Rusiya ilə münasibətlər Gürcüstanın xarici siyasətinin “risk zonasıdır”. Gürcüstan rəsmi səviyyəli öhdəliklərlə Avroatlantik məkana bağlanandan sonra Kremlin rəsmi Tiflislə bütün yaxınlaşma cəhdləri sonucda ölkənin ziyanına işləyib. Hər bir halda bu münasibətlər Gürcüstanın siyasi, iqtisadi, sosial həyatı üçün itkilər vəd edir. Gürcüstanın digər qonşusu, Rusiya və İranın hesabına var olan Ermənistana gəlincə, bu ölkədən hər hansı xeyir gözləmək qaratikanın nar bitirəcəyinə inanmaq qədər absurddur. Türkiyə-Gürcüstan münasibətləri isə bu gün arzuolunmaz dərəcəyə çatan Türkiyə-ABŞ münasibətlərindən etkilənir. Yəni Gürcüstanın ən sağlam, ən təhlüksəsiz sərhədləri faktiki Azərbaycanla olan sərhədləridir. Bu səbəbdən, dağın başındakı, sonradan gürcü kilsəsinə tabe olan alban məbədinə görə ən sağlam qonşuluq münasibətlərinə xələl gətirmək Gürcüstan üçün yeni problemlər yaratmaqdan başqa heç nə vəd etmir.

Gürcüstanı qarış-qarış gəzən birisi olaraq deyə bilərəm ki, ilin 6 ayını sərt iqlimin etkisi altında keçirən gürcülər evlərində qızına bildikləri üçün Azərbaycana minnətdardırlar. Azərbaycan Gürcüstana güzəştli şərtlərlə təbii qaz satana, ölkənin dağlıq bölgələrinə qədər ciddi bir hissəsi qazlaşdırılana qədər istilik məsələsi ölkə həyatını iflic edəcək qədər ciddi idi. Rusiya Gürcüstanı 2006-cı ildən bəri məhz qazla “sıxırdı”. Sovet dönəmində var olan xətt üzrə təklif olunan şərtlər çox kasıb, hələ regional enerji layihələrindən, turizm potensialından ciddi gəlirlər götürməyən Gürcüstanın imkanlarına uyğun deyildi. Gürcüstan yalnız öz ərazisindən Ermənistana verilən qazın 10 faizinin qarşılığı qədər tranzit pulu ala bilirdi. “Əsrin müqaviləsi” Gürcüstanı bütün mənalarda isitdi. Azərbaycan həm də Gürcüstan iqtisadiyyatının ən böyük investorlarından oldu.

Sadaladığımız səbəblərə görə, Azərbaycanı işğalçılıqda ittiham edib hədələyən barmağı kəsmək yerinə ermənilərin fitvası ilə Gürcüstan-Azərbaycan münasibətlərini gərginlik həddinə qədər yüksəltmək tarixə Zurabişvilinin siyasi karyerasının ciddi səhvi kimi yazılacaq.

Gürcüstanda 500 min türk yaşayır. Azərbaycanlılar ölkənin ən böyük milli azlığıdır. Gürcüstan siyasiləri bir an belə unutmamalıdırlar ki, türklərin kompakt yaşadıqları ərazilərə türklər arasında parçalanma yaratmaq üçün çeşidli dini cərəyanları yerləşdirsələr də dini faktor etnik faktoru üstələyəcək səviyyədə deyil, olması da gözlənilmir. Əgər ölkə içərisindən, ya da kənardan süni problem yaradılsa, ilk sırada Gürcüstandakı genəl sabitlik təhdid altına düşəcək.

Siyasət ciddi məsuliyyətdir. Bunu anlamayan liderlər idarə etdikləri xalqın təpkisi ilə mütləq qarşılaşırlar. Mehriban qonşuluq münasibətlərinə, xoşgörüyə də əbədi amil kimi baxmaq olmaz. Buna layiq olmaq gərəkdir.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *