vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
13:20 | 13 iyun 2019 | Cümə axşamı Məqaləyə 2447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqton görüşü niyə yubanır?

Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarabağ hərbi teatrında vəziyyət yenidən gərginləşib. Ermənilərin təxribatları nəticəsində təkcə son bir həftədə iki Azərbaycan hərbçisi həlak olub. Proses sanki yenidən hərbi müstəviyə keçir - tərəflərin ritorikası yenidən hərbi çalarlar alır və kəskinləşir.

Artıq xarici işlər nazirlərinin Vaşinqton görüşü haqqında da çox ziddiyyətli fikirlər dolaşır. Həqiqətən də bu məsələdə hansı aydınlıq və müəyyənlik ola bilər ki, əgər Peterburq İqtisadi Forumunda Ermənistanın baş naziri jurnalistin işğal olunmuş ərazilərin boşaldılması haqqındakı sualına çox özünəməxsus “sual”la cavab verdi: “İnsanlar əsrlərlə yaşadıqları ərazidə necə işğalçı ola bilərlər?”..

Bu məsələnin tarixi incəliklərini, “ermənilərin yaşam stajı”nı bir tərəfə qoyaq, ən azı ona görə ki, onların bu ərazidə nə qədər yaşaması həm də akademik tarix məsələsidir və müxtəlif tarixçilər, o cümlədən də erməni xalqını İrandan bu ərazilərə köçürən Rusiyanın tarixçiləri dəfələrlə bunu işıqlandırıblar.

Bizi erməni baş nazirinin “sual”ının tamam başqa bir tərəfi maraqlandırır: əgər Ermənistanın yeni hakimiyyəti işğal faktını tamam inkar edirsə, o halda xarici işlər nazirlərinin növbəti görüşünü keçirməyin, ümumiyyətlə, bir mənası varmı? Axı məsələnin belə bir qoyuluşu danışıqları tamam predmetsiz edir! Axı Madrid və ya Qazan prinsiplərinin əsas müddəalarından biri ilk növbədə kənar rayonların azad olunmasıdır!..

Aydın məsələdir ki, nazirlərin növbəti görüşünün anonsu edilibsə və ABŞ ona sahiblik etməyə razılıq veribsə görüş gec-tez baş tutacaq və bu yalnız tarix məsələsidir.

Amma eyni zamanda çox xoşagəlməz, qanqaraldıcı xəbərlər eşidilməkdədir. Əgər bəzi KİV-lərə inansaq, hətta həmsədrlər ona meyllənib ki, danışıqlar formatı genişlənməlidir və burada Qarabağ separatçılarının iştirakı təmin olunmalıdır. Yenə də həmin mənbələr israr edir ki, bu məsələdə Rusiya və Fransa daha çox fəallıq edir, hərçənd, elə bu günlərdə deyildi ki, guya Fransa məhkəməsi oyuncaq DQR rejimi ilə ölkəsinin bir neçə subyekti arasında imzalanmış “dostluq və əməkdaşlıq müqavilə”lərini ləğv edibdir.

Rusiyaya gəldikdə isə, lap əvvəldən bəzi politoloqlar danışıqlar formatının genişlənməsi haqqındakı təklifin müəllifliyini Kremllə, daha doğrusu, cənab S.Lavrovla bağlayırdılar. Biz də bunu əsassız saymırıq, çünki hazırda Kremllə İrəvan arasında bir etimadsızlıq var və belə bir vəziyyətdə DQR-in bir az müstəqilləşməsi, belə demək mümkündürsə, avtonomlaşması Rusiyanın maraqlarına cavab verir.

Bu baxımdan Ermənistan danışıqlar formatının genişlənməsini tələb etməklə həm də Kremlin “əlinə oynayır”. Aydındır ki, Kreml bilavasitə özü bunu tələb edə bilməz, çünki bu cür tələb dərhal öz ifadəsini Azərbaycanla münasibətlərdə tapar. Amma Ermənistanın baş naziri elə edə bilər ki, son nəticədə həm Rusiya razı qalar, həm də Qərb ölkələrinə deyilməyə söz tapılar...

Əgər Ermənistanın indiki Dağlıq Qarabağ siyasəti Moskvanın maraqlarına cavab verməsəydi onda Peterburq görüşündə Rusiya prezidenti bunu ermənistanlı həmkarının diqqətinə çatdıra bilərdi. Amma Peterburq görüşündə bu məsələyə ümumiyyətlə toxunulmadı və eyni vaxtda bir neçə KİV xəbərlədi ki, Rusiya-Ermənistan görüşündə Qarabağ problemi müzakirə olunmayıbdır.

Bir daha deyirik ki, əks təqdirdə Kreml erməni liderinə işarə edərdi ki, Qarabağ məsələsində “özfəaliyyət” yolverilməzdir və onlar buna imkan verməzlər.

Oyuncaq DQR-in Ermənistandan azacıq distansiya götürməsi İrəvanın da maraqlarına cavab verir.

Birincisi, belə vəziyyət onları azacıq da olsa, Qarabağ probleminin yükündən azad edir. Bu halda daim narazı olan və nəsə tələb edən Qərb diplomatlarını Xankəndinə yollamaq olar ki, gedin, orada Qarabağ erməniləri ilə özünüz danışın.

Üstəlik, sirr deyil ki, oyuncaq Qarabağ rejimi ilə İrəvan arasında aşkar etimadsızlıq var. Elə bu günlərdə bəzi KİV-lər xəbər yaydılar ki, guya İrəvan Xankəndi üçün nəzərdə tutulan maliyyə paketini ayırmağa heç də tələsmir və ondan Qarabağın hərbi “elita”sının bəzi üzvlərinin təhvil verilməsini tələb edir ki, onları bir vaxtlar Köçəryanla birlikdə İrəvanda siyasi etirazları hərbi vasitələrlə boğduqlarına görə mühakimə etsinlər...

Odur ki, bütün bunları ümumiləşdirərək demək olar ki, münaqişə yenidən düyünə düşür. Həmsədr ölkələr də bu düyünlərin artmasında maraqlı görünürlər, çünki Qarabağ probleminin həlli onların da yaxın planlarına daxil deyil; ABŞ üçün Venesuela, İran və Koreya var, Rusiya üçünsə Suriya və Ukrayna.

Həm də böyük güclərin “xırda məsələ”lərlə məşğul olmağa vaxtı yoxdur, çünki bu məsələlər onlar üçün problem yaratmır. Nə olsun ki, Qarabağda az qala, hər ay hər iki tərəfdən gənc hərbçilər ölür! Məgər bu Moskva, Vaşinqton və Paris üçün problemdirmi?..

Hüseynbala SƏLİMOV