vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:35 | 5 dekabr 2019 | Cümə axşamı Məqaləyə 1779 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrova heç inanmaq olarmı?...

Payız - Bakının hücum diplomatiyası dövrü

Həftənin ilk iki günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə yadda qaldı.

Mübaliğəsiz demək olar ki, Cənubi Qafqazın siyasi və geosiyasi problemlərilə məşğul olan siyasi təhlilçilər və politoloqlar bu dəfə artıq Rusiyanın birinci diplomatının Bakı bəyanatlarını gözləyirdilər, çünki bir neçə həftə bundan əvvəl rusiyalı nazir İrəvana səfər etmiş, orada bir sıra “orijinal” fikirlər səsləndirmiş və hansısa möcüzə nəticəsində İrəvanın mərkəzində faşist Njdeyə ucaldılmış altı metr ucalığında heykəli “görməmişdi”, üstəlik, İrəvanda İkinci Dünya müharibəsinə həsr olunmuş sərgidə iştirak etmiş və onu da çox yüksək dəyərləndirmişdi.    

Rusiyalı nazirin səfərinə marağın başqa səbəbi də vardı. Bu günlərdə Azərbaycanın prezidenti başa çatmaqda olan ili Dağlıq Qarabağ problemi konteksində “itirilmiş şanslar ili” adlandırmışdı, çünki bu il Dağlıq Qarabağ probleminin çözülməsi səmtində real addımlar atmaq mümkün olmadı və prezident İ.Əliyev növbəti ildə tərəflərin konkret nizamlanma ssenarilərini müzakirə edəcəyinə ümid bəslədiyini bildirdi.

Aydındır ki, Rusiya xarici işlər nazirinin, ümumiyyətlə, şimal qonşumuzun bu məsələ ilə bağlı mövqeyi oxşar gözləntilər üçün mühüm bir indikator ola bilər - axı sirr deyil ki, konfliktin evolyusiyasında Moskvanın niyyətləri, geosiyasi maraq və planları heç də az rol oynamır.

Etiraf edək ki, S.Lavrovun İrəvan səfəri, orada səslənən bəyanatlar elə də ümid vermir. İrəvan səfəri zamanı rusiyalı nazir daha çox özünün Dağlıq Qarabağa, daha doğrusu, separatçılara yönəlik isti bəyanatları ilə yadda qalmışdı.

Düşünürük ki, bu da təsadüfi deyil. Yada salanda ki, N.Paşinyan Ermənistanı ilə qondarma Dağlıq Qarabağ rejimi arasında çox ciddi ziddiyyətlər var, başqa cür ola da bilməz: Azərbaycanın mövqeyi aydındır və o, öz qanuni ərazilərini qaytarmaq istəyir, Ermənistan da  “yorğanı özünə tərəf çəkmək” istəyir, hətta arabir qeyri-itaətkarlıq nümayiş etdirməyə cəhd edir. Belə olan halda, Rusiyanın öz oyuncağını - Dağlıq Qarabağ rejimini fəallaşdırmaqdan savayı yolu qalırmı?..

Bilavasitə Ermənistanın baş nazirinə gəldikdə isə, lap əvvəlcə onu xatırladaq ki, ötən həftə KTMT-nin Bişkekdəki sammitində o, bir daha özünün hərbi müttəfiqlərinin diqqətini belə bir məsələyə yönəltməyə çalışdı ki, Azərbaycana qarşı ən effektiv təzyiq üsulu Birlik üzvlərinin Bakı ilə hərbi - texniki əməkdaşlığı dayandırması ola bilər.

Amma əsas KTMT ölkələri - Belarus və Rusiya növbəti dəfə onun diqqətinə çatdırdılar ki, bu, olmayacaq, çünki İrəvandan fərqli olaraq Bakı silah və texnikaları valyuta ilə alır və bu səbəbdən də onunla ticarət çox gəlirli bir prosesdir və unutmaq lazım deyil ki, hərbi texnika və onun satışı Rusiyanın və Belarusun ağır sənayesini ayaq üstə saxlayan ən əsas amillərdəndir.

Fəqət, ötən həftə İrəvanı məyus edən təkcə bu deyildi. Bişkek sammitində Belarusun təmsilçisi A.Zas KTMT-nın Baş katibi kimi təsdiq olundu. Düşünürük ki, burada bir daha onun Bakı ilə yetərincə isti münasibətlərinə toxunmağa ehtiyac yoxdur, bircə onu qeyd edək ki, o, ilk ali hərbi təhsilini də Bakıda alıbdır...

Bəli, baxmayaraq ki, ötüşməkdə olan bu payız Dağlıq Qarabağ problemində əhəmiyyətli, konkret təşəbbüslərlə yadda qalmadı, amma bütün hallarda o, Bakının hücum diplomatiyası dövrü kimi sezildi: burada bir daha Valday Forumunu, MDB-nin Aşqabad sammitini, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının toplantısını xatırlamaq yerinə düşər.

Düşünürük ki, Moskvada da bu prosesləri ciddi şəkildə izləyirlər. Aydındır ki, Kreml burada ikili oyun aparır: bir tərəfdən, hazırkı halda İrəvana qarşı təzyiq onun maraqlarına cavab verir və təsadüfi deyil ki, Bakının ən sərt və kəskin bəyanatları Rusiya tədbirlərində səsləndi.

Di gəl, başqa tərəfdən, Moskva Bakının mövqelərinin çox da güclənməsinə də yol verə bilməz, çünki yeni erməni terminologiyası ilə desək, bu, “Dağlıq Qarabağ xalqı”nın maraqlarına cavab vermir. Odur ki, biz Rusiya nazirinin səfərindən ilk növbədə bu müstəvidə açıqlamalar gözləyirdik: düşünürdük, görən, o, Bakıda “genişləndirilmiş formaq haqqında” nə deyəcək?..

Ümumiyyətlə isə biz bu sətirləri yazarkən S.Lavrov hələ diqqət çəkən  bəyanat verməmişdi və düşünmürdük ki, o, belə bəyanatla çıxış edəcək. Bunun üçün müəyyən əsaslarımız da var.

Birincisi, S.Lavrovla görüşdə rəsmi Bakının gündəmində Dağlıq Qarabağ məsələsi üçüncü, yəni axırıncı oldu. İkincisi, biz Lavrovdan elə bir şey də gözləmirdik - o, səbəbdən ki, bu adam ermənilərin Moskvadakı ən əsas dayaqlarından biri hesab olunur və çox təəssüf, anlaşılmaz səbəblərdən o, Azərbaycanda tənqidi demək olar, yasaq olan yüksək çinli Rusiya məmurlarındandır və buna görə də çox vaxt hər şeyi olduğu kimi deyə bilmirik...