«Azdır»
103 milyard dolları rədd edir
Dünyanın ən böyük mobil çip istehsalçılarından «Qualcomm», rəqibi «Broadcom»un 103 milyard dollarlıq satın alma təklifini rədd etməyə hazırlaşır.
«Broadcom»un digər yarımkeçirici istehsalçısı «Qualcomm»a 103 milyard dollar dəyərindəki satınalma təklifi bazarda böyük həyəcan yaratmışdı. Amma görünən budur ki, müqavilə güman edildiyi qədər asan tamamlanmayacaq.
«Reuters»ın məsələyə yaxın adsız mənbələrə istinadən yaydığı xəbərə görə, «Qualcomm»un idarə heyəti təklifin kifayət məbləğdə olmadığını bildirib və bu həftənin sonuna qədər «Broadcom»a bu barədə bir cavab verməyə hazırlaşır.
«Qualcomm»ın İcraçı direktoru Stiven Mollenkopf, ötən həftə şirkətin səhmdarlarının fikrini öyrənib. Şirkət, «Broadcom»un bir səhmə 70 dollar ödəmək istədiyi satınalma təklifinin az olduğunu, «Qualcomma» olduğundan daha az qiymət verildiyi qənaətindədir.
Satınalmanı reallaşdırmaqda qərarlı olan «Broadcom»ın icraçı direktoru Hok Tan, lazım gələrsə şirkətin mərkəzi ofisini Sinqapurdan ABŞ-a köçürəcəyini bildirib.
«Broadcom» «Qualcomm»u almaq üçün maliyyə həlli ssenariləri üzərində çalışır.
Qualcomm, 2016-ci ilin oktyabr ayında avtomobil sənayesi üçün əməliyyat sistemləri istehsal edən «NXP Semiconductors» ilə 38 milyard dollarlıq bir satınalma müqaviləsi imzalayıb. «Broadcom», bu satınalma tamamlanmasa belə «Qualcomm»u satın almaq istədiyini qeyd edir. Mövzuya yaxın mənbələr «Qualcomm»un «NXP»-ni satın alaraq müqavilənin qiymətini yuxarıya qaldırmaq istədiyini deyir.