«Qara muhasibatlıq aradan qaldırmalıdır»
Baş nazirin müavini Əli Əhmədov: «Sahibkarları bu eybəcər praktikaya son qoymağa çağırırıq»
Azərbaycanda əmək qabiliyyətli vətəndaşların sayı 4.8 milyon nəfərə yaxındır. Bunlardan 1.5 nəfəri muzdlu işçilər, 1.7 milyon nəfəri kənd təsərrüfatında çalışanlardır. Qalanları isə qeyri-leqal əmək fəaliyyəti ilə məşğuldur.
VAXT.AZ xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov Azərbaycanda qeyri-leqal məşğulluğa dair Dövlət Proqramının icrasına dair Nazirlər Kabinetində keçirdiyi mətbuat konfransında deyib.
Baş nazirin müavini bildirib ki, qeyri-leqal məşğulluq ciddi problemdir. Bir tərəfdən bu vətəndaşların qanunla nəzərdə tutulmuş istirahət, məzuniyyət hüquqlarından tam istifadə edə bilməməsinə, digər tərəfdən vergilərin və sosial sığorta fonduna hər il böyük məbləğdə vəsaitlərin daxil olmamasına gətirib çıxarır. Əli Əhmədovun sözlərinə görə Azərbaycan hökuməti bu problemi aradan qaldırmaq üçün kompleks tədbirlər həyata keçirir.
Baş nazirin müavini qeyd edib ki, qeyri-leqal işçilər çalışdıran müəssisələrdə bir qayda olaraq qara mühasibatlıq fəaliyyət göstərir. Bu da kölgə iqtisadiyyatının çiçəklənməsinə rəvac verən səbəblərdən biridir.
Ə.Əhmədov qeyri-leqal məşğulluğun gələcəkdə ciddi sosial problem yaradacağını deyib. Çünki yeni pensiya qanunvericiliyi gələcəkdə belə işçilərin pensiya təminatını qeyri-mümkün edir.
Baş nazirin müavini qeyri-leqal məşğulluğa qarşı mübarizənin həm inzibati, həm təbliğat və nəzarət mexanizmlərinin köməyi ilə aparılacağını bildirib.
Lakin o qeyd edib ki, prezidentin sərəncamı ilə sahibkarlıq sahəsində yoxlamalar dayandırıldığından qeyri-leqal işçilər çalışdıran müəssisələr ilk növbədə özləri bu praktikata son qoymalıdır. Çünki qanunvericiliyin tələblərinə görə bu, həm də cinayət məsuliyyəti yaradır. O deyib ki, inkişaf etmiş qərb dövlətlərində qeyri-leqal məşğulluğa qarşı daha sərt tədbirlər, o cümlədən cəza tədbirləri həyata keçirilir. «Biz bu sahədə xarici təcrübəni araşdırırıq, eyni zamanda inzibatçılığın təkmilləşdirilməsi, iqtisadi mexanizmlər, təşviqedici tədbirlərin hazırlanması nəzərdə tutulur», - Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyri-leqal məşğulluğa qarşı kompleks mübarizənin son bir ildə başlanıldığını xatırladıb. Hərçənd onu da qeyd edib ki, əvvəllər də müvafiq strukturlar, Dövlət Əmək Müfəttişliyi bu problemə qarşı mübarizə aparırdı.
«Mən buradan mətbuat vasitəsilə sahibkarlara müraciət edirəm. Azərbaycan dövləti sahibkarlığın inkişafı, dəstəklənməsi üçün bütün tədbirləri görür. Lakin sahibkarlar da öz tərəfindən qeyri-leqal işçilər çalışdırmağa son qoymalı, qara mühasibatlıq kimi eybəcər praktikanı aradan qaldırmalıdır», - Əhmədov deyib.
Baş nazirin müavini əməkdaşımızın sualına cavab olaraq deyib ki, qeyri-leqal məşğulluq nəticəsində dövlət büdcəsinin və sosial sığorta fondunun hər il nə qədər vəsait itirdiyi barədə hökumətin əlində dəqiq rəqəmlər yoxdur.
«Hökumətdə, əlbəttə, bu rəqəmləri müəyyən etmək üçün araşdırmalar aparılır, bəzi təxmini nəticələr də əldə olunub. Lakin bu araşdırmaların nəticələri o qədər mötəbər deyil ki, biz onu ictimaiyyətə açıqlaya bilək. Hər halda, mən onu deyə bilərəm ki, bu maliyyə itkilərinin həcmi böyükdür. Çünki bayaq deyildiyi kimi, ölkədə əmək qabiliyyətli insanların cəmi 1,5 milyon nəfəri leqal iş yerlərində çalışır. Qeyri-leqal məşğulluğun səviyyəsi yüksəkdir və deməli, bundan büdcənin, sosial fondun və insanların özlərinin də itirdikləri böyükdür», - o deyib.
Ə.Əhmədov xatırladıb ki, qeyri-leqal işçilər əslində sahibkarın əhvalından asılı vəziyyətdə olur. Sahibkar kefi istəyəndə belə işçiləri işdən çıxarır, onların əməkhaqlarını ödəməkdən imtina edir və həmin insanlar öz hüquqlarını qorumaq üçün qanuni mexanizmlərdən istifadə edə bilmir.
Baş nazirin müavini qeyri-leqal məşğulluğa qarşı mübarizəyə dair bu ilin martında qəbul edilmiş dövlət proqramının yerinə yetirilməsininin nəticəsi olaraq qeyri-leqal məşğulluq səviyyəsinin neçə faiz azalacağına dair proqnozların olmadığını da təsdiq edib. Bildirib ki, kompleks fəaliyyət başlayıb və yaxın illərdə nəzərəçarpan nəticələr əldə olunacağına ümid edirlər.