vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
21:20 | 8 dekabr 2017 | Cümə Məqaləyə 3356 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Axundovun ifşası

Ramiz Məmmədovun ssenarisi ilə

CAVAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ay Zaur - Məşhur verilişin adıdır. Ötən həftənin olaylarını nəzərdə tutub, səbəbkara bu şəkildə müraciət də etmək olar. Ay Zaur, səsin niyə gəlmir, barıtınmı qurtardı, faktınmı tükəndi, həvəsdənmi düşdün, yoxsa istədiyinə nail olduğun üçün dayandın? Hamısı ola bilər, amma məncə, əsas səbəb başqadır. Böyük qalmaqala səbəbkar olandan sonra, indi də qazandığın dividentləri yığmaqla məşğulsan.

Elxan Məmmədov susub, pusquda ən əlverişli məqamda situsiyadan yararlanmaq şansı gözləyir, xətər toxunmaması üçün özünü unutdurub; Ramin Musayev ilk gündə uğursuz açıqlama ilə özünü «yandırdı», «araşdırılmır»dediyi oyunlarla bağlı ertəsi gün rəsmi qərar çıxdı, ovaxtdan səngərə yatıb, mərmilərdən yayınmağa çalışır.

 

***

 

Bu, Azərbaycan futbol tarixində bir ilk idi. Hansısa futbolçunun danışılmış oyunlarda iştirakı şübhəsi ilə həbsi və ömürlük cəzalanması indiyədək olmamışdı. Zaur Axundov hadisənin üstünü açmaqla, sübut etməklə və günahkarların cəzasına nail olmaqla ilkə imza atdı.

Lakin «Axundovun ifşası» deyərkən həm də onun özünün şəxsiyyət kimi tanınmasını, özünü tanıtmasını nəzərdə tuturuq. Çünki bu hərəkətlə o, heç də yalnız Azərbaycan futboluna xidmətini göstərmədi, həm də iddialarını, maraqlarını, gücünü ortaya qoydu, özünü ifşa etdi.

Hadisələr həm də ona görə maraqlıdır ki, Zaur Axundovun qiyamı futbol təsərrüfatındakı rejimə üsyanıdır. İnhisarçı AFFA idarəçiliyindən narazı olan Axundov mərkəzdənqaçma cəhdi göstərdi – hamının eyni mənbədən bərabər maliyyələşməsinə etirazını bildirdi. Məşhur filmdə deyildiyi kimi: «Mən belə şura hökumətini tanımıram».

 

***

 

«Keşlə»nin Müşahidə Şurasının sədri Zaur Axundov bir günün içində futbol təsərrüfatına vəlvələ saldı. 2 futbolçunun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması, daha sonra isə azadlığa buraxılaraq, futboldan ömürlük diskvalifikasiya edilməsi birbaşa onun əməli idi.

Hadisələrin xronologiyasına baxsaq, görərik ki, hər şey «Neftçi» – «Keşlə» oyunundan başladı. Meydan sahiblərinin 3:1 hesabıyla qalib gəldiyi görüşdən sonra qonaqların baş məşqçisi Ramiz Məmmədov hamını təəccübləndirən açıqlama verdi. O, futbolçulardan şübhələndiyini büruzə verərək, deyəcəyi sözlərin böyük partlayışa səbəb ola biləcəyini vurğuladı.

Açıq demədi, amma kabinetdə güman ki, deyib. Və Zaur Axundovla hesabat tipli söhbətində sədri inandırmağı bacarıb. Təsadüfi deyil, futbola başladığı ilk gündən həmişə iddialı biri kimi tanınan, əksər vaxtlar oynadığı klublarda kapitan, lider olan, milliyə kimi yüksələn təcrübəli birinə dünənin uşaqları «nömrə gələ bilməzdi».

Məmmədovun məşqçilik dövrünə də bələdik. Onun hansı oyunlardan çıxdığı haqda «əfsanələr» dolaşır. Alınan, verilən, satılan, bağışlanan – indiyədək sübut olunmayan çox belə matç xatırlayırıq. Ona sübut edə bilməyiblər, sadəcə, danışıblar, lakin görünür, bütün bu proseslərin əlifbasını bildiyi üçündür ki, o, günahkarları tuta, ifşa edə bildi. Sadəcə, Axundovu ayıltdı. Qalanını da Zaur Axundov  yoluna qoydu.

Xatırlayırsınızsa, bu olaylardan bir neçə gün əvvəl «Keşlə»nin əcnəbi məşqçi ilə danışıq apardığı haqda söhbətlər gəzirdi. Ramiz Məmmədov uzun fasilədən sonra yenidən işə ona görə başlamayıb ki, postunu rahatca kiməsə versin. Yaydan paytaxt klubunda qondarma bir vəzifədə əyləşib, zamanını gözləyir, Zaur Svanadzenin yola salınmasının həsrətini yaşayırdı. Buna hansısa yolla nail oldu və 2-3 oyundan sonra baş məşqçi postunu kiməsə verməyəcəkdi. «Neftçi» ilə oyundan sonra isə komandanın ardıcıl 7-ci məğlubiyyəti reallaşdı. Bu, həm də Məmmədovun 3-cü yenilgisi idi. Deməli, Svanadzedən qalan uğursuzluq sindromunu dayandırmaq mümkün deyilsə, növbəti istefa gözlənilirdi.

Məmmədov futbol meydanında nəyisə dəyişə bilmirdi. Məlum transfer qadağası üzündən heyət yetərsizdi, üstəlik, futbolçuların əksəriyyəti özünə yeni komanda tapmışdı və maliyyə sıxıntıları üzündən oynamağa motivasiya qalmamışdı. Belədə mütləq uğursuzluğa səbəb tapmaq lazım idi. Elə bir səbəb ki, nəticələri ya yaddan çıxarsın, ya da məğlubiyyətlərlə yekunlaşmasına bəhanə olsun.

Həmin anlarda mətbuatda Svanadzeylə bağlı da xəbərlər çoxaldı. Və bütün bunların Ramiz Məmmədovun informasiyaları əsasında «yarandığı» ehtimalları ciddidir. Gürcü çalışdırıcdan şübhə üçün yetərincə əsaslar da var idi. Zaur Svanadze hər nə qədər sakit, işini sevən adam olsa da, «İnter»də illərdi çox normal maaşa işləyirdi. O, bu klubun yağ-bal içində üzdüyü günlərdə layiq olduğundan dəfələrlə çox maaş alırdısa, rəhbərlik dəyişdikdən sonra da Azərbaycan standartları ilə az məbləğ olmayan aylıq 5-7 min manata sahib çıxırdı.

Üstəlik, «İnter» daim gürcülərin hansısa şəkildə inhisarında olub. Məşqçilər, futbolçular əksər vaxt bu ölkədən seçilirdi və bunu bir qrup insan edirdi. Hansı ki, klubun ovaxtkı sahibləri ilə şərikli biznesləri vardı və bunun sayəsində kluba nüfuz edə, müəyyən oyunlarda «oyun» oynaya bilirdilər. Kaxaber Tsxadadzenin vaxtındakı sürprizlər bir yana, Avropa Liqasında «Hafnarfyordur»la oyunların qəribə ssenarisi, eləcə də Bilbao «Atletik»i ilə matçların nəticələri hələ də şübhəlidir – İspaniyada az gözlənilən «alt», Bakıda qolsuz heç-heçə çox adama dağ çəkmişdi.

 

Fırtınaqabağı sakitlik

 

Və bütün bu olayların başında bir qrup işbaz gürcü var idi. Onlar gözə görünmürdü, lakin Tsxadadzenin, Savanadzenin rəhbərliyi altında oynayan oyunçularla nələrsə edirdilər. Zurab Xizanaşvilinin oynadığı matçlarda bilərəkdən etdiyi və qolla nəticələnən onlarca səhv saya bilərəm. Yəni, Məmmədovu nələrdəsə qınayırıqsa, Svanadzenini, köməkçisi olan qardaşı oğlunu da mələk saymayaq.

Ramiz Məmmədovdan «ötürmə alan» Axundov ayıldı. Çünki bu olayın üstünün açılması onun klub funksioneri kimi imicini də qaldıracaqdı. Ardıcıl 7 (indi artıq 8-di) məğlubiyyətdən sonra Zaur Axundov bacarıqsız damğasını tam haqq edirdi. Futbolçularla doğru davrana bilməyən, onları paltardəyişmə otağında söyə biləcək qədər aşağı enən adam bu imicdən qurtulmaq üçün də fürsət qazanmışdı. Özünü sübut edə bilməsə, «futzal funksioneri» damğasından qurtula bilməyəcəkdi.

Axundov üçün bu qalmaqalı törətmək/böyütmək həm də ona görə lazım idi ki, «ələbaxan» rolundan qurtulsun. Axı, kluba AFFA sponsorluq edir və o da baş katib Elxan Məmmədovun nə vaxt hesablarına pul köçürəcəyinə gözünü dikib. Bu durum Zaur Axundovu razı salmır, o nüfuz sahibi olmaq, «Sumqayıt» və ya «Səbail» kimi neft şirkətinin hansısa bir qoluna özünü calayıb, müstəqil maliyyələşməni arzulayır. Nəticələr pis olduğundan dil qısa idi, hansısa inqilabi addım lazım gəlirdi.

Axundov AFFA prezidentinə xoş gəlsin deyə klubun adını «Keşlə»yə dəyişməmiş qurşaqdan aşağı 2 zərbə almışdı. Səlahət Ağayevin «Neftçi»yə gedişinə göz yummağa məcbur olan Zaur Axundov, Rauf Əliyevə də uduzmuş, onun Albaniyaya yollanmasının qarşısını ala bilməmişdi. Hədə-qorxu, hərbə-zorba, köntöylük, əzələ nümayişi fayda verməmiş, hücumçu AFFA-nın hüquqşünası Rəmiş Malıyevi də Axundovun qoltuğuna vermişdi.

Axundov bu dəfə ağıllı, tədbirli tərpəndi. Güman ki, icraçı direktor Malıyevin yox, ortaq dostları tərəfindən tanış edilən Ramiz Məmmədovun ssenarisi ilə...

Tam dəqiq informasiyamız yoxdur. Amma özəl mənbələrdən gələn bilgiləri çək-çevir etdikdən, mətbuatda yazılanları, verilən qərarları, müsahibələri, etirafları, təkzibləri və s. xəbərləri oxuduqdan sonra soyuq başla bəzi məqamları təhlil etmək olur. İndiyədək etdiyimiz təhlillərdə yanılmamışıq və bugünədək yazdıqlarımızın hamısı doğru olub. Bugünkü susqunluğu da fırtınaqabağı sakitlik hesab edirik. Məsələ 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun ömürlük diskvalifiikasiyası ilə yekunlaşa bilməz.

Axundov sussa, özünü məhv edəcək. Çünki bu ifşalar kimlərinsə bostanına atılan daş idi və cavabı olacaq. Ona görə də Zaur Axundov addımlarının davamını gətirməsə, mütləq hansısa məqamda vurulacaq və tamamilə gözdən düşəcək. Bu səbəbdən o, mütləq hücumları davam etdirəcək, işin sonuna çıxmağa çalışacaq. Artıq AFFA-nın baş katibi Elxan Məmmədovu və PFL prezidenti Ramin Musayevi zərbə altında qoyub, onların başının üstündən daha yüksək instansiyalara müraciət edib, nəticəsini də görüb. İndi dayanmaq onun nüfuzuna kölgə salacaq və növbəti aylarda ancaq zərbələr alacaq.

Bəs, Zaur Axundov indi niyə susub? Ona görə ki, hazırda qüvvələr mübarizəsində təmərküzləşmə gedir. Axundovla birləşmək istəyənlər, eləcə də ona qarşı vahid cəbhə açmaq istəyənlər təşkilatlanır. Bir növ kəşfiyyat mərhələsidir.

Bu, açıq-aşkar futbol inqilabıdır. Zaur Axundov Müşahidə Şurasının sədri olsa da, özünü klub rəhbəri kimi aparır, bu isə Elxan Məmmədovun şuralaşma modelinə uyğun deyil.

Əslində, «Keşlə»nin idarəçisi Malıyev olmalı, Axundov isə seyrçi mövqeyində dayanmalıydı. Amma Zaur Axundov ona biçilmiş bu donu geymədi, üstəlik, futbol təsərrüfatının düzgün idarə olunmamasını ifşa etdi. Bu, indiyədək hansısa açıqlamasına rast gəlmədiyimiz Elxan Məmmədovun imicinə ciddi zərbədir. Sədr atla gediş edib və baş katib elə vəziyyətdədir ki, indiyədək mütləq danışmalı olduğu halda, ağzına su almağa, növbəti dalğanı gözləməyə məhkumdur. Axundov isə ilk kiçik qələbəsini bayram edir və növbəti hücum qabağı cəbbəxanasını gücləndirir, müttəfiqlərini müəyyənləşdirir.

Həmin müttəfiqlər arasında Ramin Musayev olmayacaq. O da bu atışmada ciddi xəsarət alıb. Hətta ən pis vəziyyətdə qalan elə PFL prezidentidir – bu haqda yazının davamında bəhs edəcəyik. Musayevin çətin vəziyyətə düşməsi Məmmədova da sərfəlidir, çünki çempionatı PFL keçirir, üstəlik, münaqişə Musayevin bir kadrının yarıtmaz addımıyla alovlanıb. Baş katib situasiyadan özü üçün yararlana bilər, bunun üçün Axundovla birləşməli, həlledici zərbəni onun əliylə vurmalıdır. Lakin məsələ təkcə «Neftçi» matçıyla yekunlaşmır və hadisələrin davamının gəlməsi onu da pis vəziyyətdə qoyacaq. Axı, bombanı bir başqası deyil, AFFA İcraiyyə Komitəsinin üzvü, AFFA-dan maliyyələşən, deməli, vahid qazandan pay götürən klubun rəsmisi partladıb.

 

Niyə Seyidovla Hacıyev?

 

Hacıyev və Seyidovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılması xəbəri aydın səmada şimşək effekti verdi. «Futbolinfo» bu xəbəri ictimailəşdirməsəydi, bəlkə də dar çərçivədə hadisənin üstünü örtəcək, «yuxarı»dan gələn göstərişlərlə məsələni bağlayacaqdılar. Lakin xəbər ildırım sürəti ilə yayıldı və Axundov da geri addım atmadı, əksinə, xəbəri təsdiqlədi, üstəlik, daha maraqlı açıqlamalar verdi.

Qalmaqalın «Neftçi» ilə oyundan başlaması təsadüf idimi? Bəlkə də. Amma buna qarşı tərəf şərait yaratdı. «Keşlə»nin oyunlarının «stavka»ya qoyulması haqda şübhələr var idi, AFFA-ya da kontorlardan gedən «yüklənə» mesajları səbəbi ilə siqnallar daxil olurdu, lakin fakt tapılmırdı. «Neftçi»ylə oyundan sonra ələ düşən ipucları sonda bir çox məsələlərin üstünün açılmasına səbəb oldu.

Kimliyini bilmirik, amma bizdə olan bilgiyə görə, «Keşlə»nin futbolçularından biri Axundova gələcək araşdırmalar üçün səbəb verib. «Oyun»a getməyənlərdən biri Mirhüseyn Seyidovun ona çirkli təklif etməsi haqda danışıb və bir neçə oyunçunun buna razılaşdığını bildirib. Bundan sonra klub daxilində araşdırma başlanıb, söhbətlər gizlicə lentə alınıb, içərilərindən biri «zəif bənd» çıxıb və etiraflar edib, hətta nə qədər pul aldığını açıqlayıb. İşin təşkilatçıları müəyyənləşən kimi Axundov hüquq-mühafizə orqanlarına müraciət edib və məsələ böyüyüb.

Adrian Skarlatakenin açıqlamalarını xatırlayarsız. O, faktiki belə bir halın olduğunu təsdiqləyir, amma adlar çəkmirdi. Nizami Hacıyevlə Mirhüseyn Seyidov isə təsadüfən seçilməmişdi. Daxili araşdırma zamanı müəyyən olunub ki, məhz onlar bu işin təşkilatçılarıdır. Hər iki futbolçu bölmədə səhvlərini boyunlarına alıblar. Onların qarşısına faktlar qoyulub və çıxış yolları qalmayıb.

O faktlar konkret nədir? Bunu bilmirik. Amma AFFA İntizam Komitəsi tələsik yığışıb qərar verdisə, deməli, ciddi faktlardı. O dəlillər açıqlanmayana kimi şayiələr bitməyəcək, lakin açıqlanacaqmı? Çətin. UEFA-dan gələn siqnal da ciddi olub və bu qərarlar tələsik qəbul olunaraq qitə futbol qurumuna göndərilib ki, məsələnin üstü bağlansın, sanksiyalardan qaçmaq mümkün olsun.

Nizamiylə Mirhüseynin hüquq-mühafizə orqanlarında bəzi etiraflara məcbur edilməsi faktı inandırıcı deyil. Düzdü, məcburedilmə mümkün ehtimaldır, reallığı bilirik. Lakin insanın karyerası məhv olursa, danışmağa, özünü müdafiə etməyə məhkumdur. Ortada haqsızlıq varsa, mütləq etiraz edəcək, danışacaqsan. Lakin görün, dəlilər nə qədər əsaslıdır ki, həmişə dil-dil ötən Nizami susub, Mirhüseyn etiraf edir, üzr istəyir. Hacıyevin brifinq keçirəcəyi ilə bağlı 2 dəfə xəbər çıxıb, heç biri reallaşmayıb. Niyə? Çünki hər dəfə ona sübutlar xatırladılıb.

Günahsız olan Orxan Sadıqlı kimi danışar. «Keşlə»nin qapıçısı indi də bəyan edir ki, istənilən yerdə ifadə verməyə hazırdır. Çünki təmizdir, istintaqdan çəkinmir, özünü pis vəziyyətdə qoyacaq dəlil verməyib.

Əslində, cütlük həbsdə qala bilərdi. Hüquq-mühafizə orqanları onların saxlanılmasını təsdiqləmədi. Sutka bitməmiş azad olunduqları üçün qeydiyyata düşmədilər, düşsəydilər, məsələ məhkəməyə kimi uzanacaq, çox başlar ağrıyacaqdı. Amma «yuxarılar»dan gələn tapşırıqla məsələ ictimai hadisədən futbol olayı səviyyəsinə endirildi, cəzalar da futbol qaydaları ilə tənzimləndi. Onlar saxlanmasaydı, hüquq-mühafizə orqanlarında olmasaydı, AFFA İntizam Komitəsinin qərarında bu fakt əksini tapmazdı. Sadəcə, onların qeydiyyata düşməsinə imkan verilmədi, Axundov şikayət etdi və ərizəsini son anda geri götürdü.

 

Əhmədovla başlayan proses

 

Bizdə olan bilgiyə görə, Mirhüseyn və Nizami fərqli məsələlərə görə bu aqibətlə üzləşib. Hacıyev bukmekerlərlə əlaqədə şübhəli bilinib və nələrsə sübut olunub – detalları AFFA-dakılar daha yaxşı bilər. Onun həbsinin qarşısını isə Seyidov amili alıb. Mirhüseyn arxalı adamdı, ciddi dayaqları var və xilas edilib, Nizami də ona görə indi azadlıqdadır. Bəs, Seyidovun günahı nədir? Bax, bu məsələ xeyli müəmmalıdır.

Mətbuata sızdırılan ilkin informasiyaya görə, «Neftçi» tərəfi bu futbolçulara könüllü təslim olmaları qarşısında müəyyən haqq ödəyib. Vəsait birbaşa Seyidova çatdırılıb, o isə pulu bir neçə yoldaşı arasında bölüb. İlk baxışdan inandırıcı deyil, çünki «Neftçi» «Keşlə»ni bunsuz da yenə biləcək gücdədir, həm də 20 min dollar bakılılara artıqlıq etmir, bu məbləğin yarısını mükafat kimi təyin etməklə də futbolçularının motivasiyasını yüksəldə bilərdilər. Bəlkə də baş məşqçi Tərlan Əhmədov ardıcıl 3-cü oyunda büdrəməyin acı fəsadlar verəcəyini düşünərək, rəqiblərdən geri qalmamaq üçün buna razılaşıb.

Amma istənilən halda bu məbləği kimsə verməlidir. Klub rəhbərliyinin bu məsələdən qəti xəbəri yoxdur, «Neftçi»də qara mühasibatlıq ləğv olunub, rəqibi almaq adı ilə də kassadan vəsait çıxarmaq mümkün deyil. Əhmədov özü 3 min manat maaşa işləyir və bu vəsaiti cibindən vermək üçün bir il havayı çalışmalıdır. Komanda heyətindən pul yığıb, hansısa fond yaratmaq olar – Tərlan Əhmədovun vaxtilə Əsgər Abdullayevin rəhbərliyi altında oynayarkən belə təcrübəsi olduğu deyilir. Ancaq qısa zamanda belə bir fond yaratmaq, oraya bu qədər vəsait toplamaq çətin görünür.

Maraqlısı odur ki, etiraflarda məhz bu faktın vurğulandığı, pulun «Neftçi»dən çıxdığı haqda qeydlər olduğu deyilir. Lakin hansı mənbədən, necə? Dəqiqini Axundov və bütün dəlillərin təqdim olunduğu AFFA rəhbərliyi bilir. Dəlil yoxdursa, 2 futbolçunun dəqiq səbəb göstərilmədən cəzalandırılması absurddur; dəlil varsa, qarşı tərəf niyə cəzadan yaxasını qurtarıb? Axı, rüşvəti alan da, verən də günahkardır.

Məsələlərin «Neftçi»yə, daha doğrusu, Tərlan Əhmədov yönəlməsi təsadüfi deyil. Onu paytaxt klubuna PFL prezidenti Ramin Musayevin məsləhət bildiyi dəqiqdir. Klub rəhbərliyi isə fərqli cərəyanın kadrlarıdı. Deməli, burada həm də klan davası gedir. Əhmədovun bu məsələlərdə əli varsa, Musayev də hədəfdədi, Axundov onsuz da onun başının üstündən daha yüksək instansiyalara şikayət edib, deməli, Musayevlə düşmənçilik qaçılmazdı.

«Neftçi» adının gündəmə gətirilməsi, eyni zamanda yalnız baş məşqçinin təşkilatçı kimi göstərilməsi qüvvələr mübarizəsində bir xəttdir. Hər şey sübut olunsa, bunun ciddi fəsadları olacaq, Axundov qəhrəmana çevriləcək və Musayev Əhmədov amilinə görə fakt qarşısında qalacaq. Lakin öncə bu ittihamı sübut etmək lazımdı. Ola bilsin, fakt var, amma məsələ o qədər qarışıq və zəncirvarıdır ki, biri açılsa, davamı gələcək və bundan hamı ziyan çəkəcək. Ona görə də «körpəni beşikdə boğmağa» çalışır, hadisələri 2 futbolçunu cəzalandırmaqla soyutmağa səy göstərirlər.

«Neftçi»ylə bağlı şübhələrin başqa bir səbəbi futbolçuların açıqlamalarıdır. Sözügedən matç baş tutmamış Nizami Hacıyevin «Neftçi»yə keçəcəyi məlum idi. Futbolçu belə bir açıqlama vermiş, Əhmədov da təsdiqləmişdi. Hələ «Keşlə»də oynaya-oynaya belə bir açıqlama vermək peşəkarlıqdan uzaq addım idi və söz-söhbətə səbəb olacağı gözlənilirdi. Onun Tərlan Əhmədovla dostluq münasibətlərini gizlətməməsi də qıcıq və şübhə doğururdu.

Axundov bu faktdan xeyli hiddətlənmişdi, lakin heç nə edə bilmirdi. Belədə yazının əvvəlində qeyd etdiyimiz olaylar onun əlinə qisas almaq baxımından əla fürsət verdi. Mirhüseyn Seyidovun qəfil ortaya çıxması isə hadisələrin miqyasını böyütdü. Bu futbolçu etiraflarında bilərəkdən «Neftçi»yə qarşı zəif oynadığını deyir, lakin səbəb kimi rüşvəti yox, vaxtilə bu komandada oynamasını, eyni zamanda flaqmana keçmək variantının olmasını göstərir. Əhmədov isə Seyidovu transfer etmək düşüncələrinin olmadığını açıqlayır. Deməli, kimsə yalan danışır.

Nizaminin məsələsi fərqlidi. Onun Mirhüseynin aldığı deyilən rüşvətə şərik olub-olmadığı dəqiq deyil. Hacıyevlə bağlı əsas problem bukmekerlərlə bağlıdır. Onun Gürcüstan kontorları ilə işbirliyi iddia olunur. Bəlkə də sübut olunduğu üçün cəzalanıb, amma fakt dəqiqdisə də, təkcə onu diskvalifikasiya etməklə iş bitmir, bu, bir adamın görəcəyi iş deyil, şəbəkəni ifşa etmək lazımdı.

Futbolçular saxlandıqdan sonra «Keşlə» tərəfi 2 gediş etdi və strateji səhv buraxdı. Klubun rəsmi bəyanatında 7 oyunun nəticəsindən şübhəyə işarə edildi, Axundov isə açıqlamasında yalnız «Neftçi»nin adını çəkdi. Hər 2 açıqlama/bəyanatın səbəbi vardı. Belə ki, «İnter»in son oyunlarıyla bağlı AFFA-ya da siqnallar daxil olub, konkret haradan, hansı məbləğin və kimlərin adı ilə kontorlara göndəriliyi haqda bilgilər olduğu deyilir. Axundovun «Neftçi» israrı isə birbaşa Əhmədova görədir. Zaur Axundov Tərlan Əhmədovun onun oyunçularını almaq istəməsini həzm edə bilmir və yəqin ki, mübarizəyə davam etsə, əlində dəlillər varsa, məşqçinin də axırına çıxacaq. Şura sədrinə görə bu hərəkət onun özünün alınması anlamındadır və xəyanəti bağışlamayacaq.


İcraiyyə Komitəsi yığışmalıdı


«Keşlə»nin digər oyunlarına gəlincə, burada rəqiblər əsas hədəf deyil. Ehtimallara görə, bakıllar özləri öz məğlubiyyətlərinə və ya çox top buraxmalarına «stavka» ediblər. Yəni bu, birtərəfli, könüllü olub. Lakin klubun bununla bağlı bəyanatı tezliklə unuduldu/unutduruldu. Axı, həmin məsələnin böyüməsi çoxlarına sərf etmirdi. Onsuz da klubların inhisara alınması, bir əldə cəmləşməsi əvvəldən bu məqsədə hesablanıb – hamı eyni nöqtədən idarə olunanda istənilən nəticəni təmin etmək və ona uyğun da pul qoyuluşu etmək asandı.

Axundov məhz bu planların da üstünü açdığından, təcili şəkildə onu razı salmaq üçün 2 futbolçunun diskvalifikasiyası rəsmiləşdi və sədr susduruldu. Hələ də susur...

İstənilən halda, bu qalmaqal çoxlarını ayıldıb. «Neftçi»nin oyunu alması haqda deyilənlər çox da ciddi qəbul olunmur, daha çox bukmeker məsələləri gündəmdədi. Prosesin ictimai müzakirədən çıxarılması, yalnız futbol təsərrüfatı səviyyəsinə endirilməsi vəziyyəti dəyişməyib. «Yuxarılar» bu qərara gəlsə də, həm ciddi sübutlar, həm də UEFA-dan gələn siqnallar bu məsələlərin daha ciddi araşdırılmasına imkan verib. Həbs qorxusundan üşütməyə düşənlər AFFA ilə əməkdaşlığa başlayıblar. Son günlər bir neçə şəxsin AFFA-nın müvafiq komissiyasına maraqlı etiraflar etdiyi deyilir. Bildiyimizə görə, prosesin yeni dalğası zamanı cəzalananların sayı artacaq.

Büdcədən xeyli vəsait «yeyən» Media Komitəsinin, işi birbaşa klubların hüquqların müdafiə etmək, onların problemlərini araşdırmaq, gündəmə gətirmək olan Klublar Komitəsi susur, məsələyə hətta münasibət də bildirmir. Ramin Musayev və Elxan Məmmədov kimi, onlar da təşvişdədir. Hamı bilir ki, olaylar böyüsə, hamının zibili açılacaq, çünki demək olar, bu məsələdə əksəriyyət günahkardır – çempionata nəzarət edə bilməyən PFL də, oyun alqı-satqısına, danışılmış oyunlara qarşı mübarizə aparmaqda aciz olan AFFA da, hətta bəzən qazanc üçün belə «əməliyyatlar»da maraqlı olan klublar da. Bu isə futbol təsərrüfatında idarəçilik probleminin olduğunu göstərir. 30-35 milyon manatlıq AFFA büdcəsi havaya sovrulur, mənasız komitələr yaradılır, qohum-tanış yüksək məvaciblə təmin olunur, futbolun inkişaf etməməsi bir yana, belə biabırçılıqlar da ortaya çıxır.

Nəinki AFFA, PFL, müvafiq komitələr indiki situasiyaya münasibət bildirməli, hətta növbədənkənar konfrans çağırılmalıdır. İcraiyyə Komitəsinin (İK) zəruri hallarda (maddə 30.1) növbədənkənar konfrans çağırmaq səlahiyyəti var. Axundovun özünün də bu komitənin üzvü olduğunu nəzərə alsaq, ən azı İK-nın yığışması vacibdir. Zaur Axundov həqiqətən böyük oyunçudursa, iddialıdırsa, ciddi funksionerdisə və kiçik qələbələrlə kifayətlənmək istəmirsə, komitənin toplanmasına nail olmalıdır. Söhbət ölkə futbolunun inkişafından, çirkinliklərdən təmizlənməsindən gedirsə, belə addım atılmalıdır. Yox, o, yalnız öz mənafeyini düşünürsə, yenidən qına çəkilibsə, onda ifşaedəndən daha çox, ifşaolunan roluna layiqdir.

Ay Zaur, sən nə düşünürsən?... Tərlan Əhmədov «oğru elə bilir hamı oğrudur» deyəndə səni nəzərdə tutub. Yəni, həqiqətən elədi və sən həqiqətən sadəcə şivən salırdın, yoxsa daha ciddisən?