Fotostudiyalar niyə kütləvi şəkildə bağlanır?
Bir zamanları Bakının ən gəlirli biznesi indi çökür
Bakıda yerləşən fotostudiyalar kütləvi şəkildə bağlanır. Əvvəllər qarşısında böyük növbələr olan bu obyektlərin çoxunun qapısı qıfıllıdır. Qalanları isə fəaliyyət istiqamətini dəyişərək dövrün tələbinə uyğunlaşıb. Məsələn, metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında yerləşən 10-dan çox belə fotostudiya geyim mağazası, daşınmaz əmlak satışı ofisi, lombard kimi fəaliyyət göstərir.
Bunu virtualaz.org-a Nəsimi rayonunda yaşayan sakinlər də təsdiqləyiblər. Onların sözlərinə görə, Cavadxan küçəsində sonuncu belə fotostudiya bir neçə ay əvvəl lombardla əvəzlənib: «Son 8-10 ilə qədər bu küçədə ən «xodovoy» obyektlər fotostudiyalar idi. Bakıda o vaxt ən ucuz foto çapı da burada idi. Sonra yavaş-yavaş sıradan çıxdılar, axırda Cavadxan küçəsi, 4-cü mikrorayon dairəsində sonuncu belə fotostudiya da bir neçə ay əvvəl bağlandı. Yerində lombard açdılar. Çünki müştəri yox idi, gələn yox idi», - deyə yaxınlıqdakı parça mağazasının Seyran adlı əməkdaşı bildirir.
Eyni vəziyyəti metronun «Elmlər Akademiyası» stansiyasının qarşısında da müşahidə etdik. Burada da əvvəlki fotostudiyalardan yalnız bir neçəsi işləyir. Belə studiyaların əksəriyyətində əsas iş ildə bir dəfə «vinyetka» çapı zamanı olur. Obyekt sahibləri deyirlər ki, başqa vaxt studiyaya nadir hallarda hansısa sənəd şəkli üçün müraciət edirlər: «İldə bir dəfə universitetlərin tələbələri və ya yaxınlıqdakı məktəblərin şagirdləri bizə «vinyetka» hazırlanması üçün müraciət edirlər. Qalan vaxtlar studiyada boş otururuq, iş olmur. Heç səhər gəlib obyekti açmağa əlimiz gəlmir. Hərdən sənəd üçün gəlib şəkil çəkdirirdilər, indi daha ona görə də gələn yoxdur. Çünki çoxu sənəd şəkillərini elə «ASAN Xidmət»in özündə çəkdirir», - deyə fotoqraf Bayram bildirir.
Fotoqraflarla söhbət zamanı məlum oldu ki, hazırda ən çox müraciət viza və «green card» şəkilləri ilə bağlıdır. Əvvəllər gün ərzində yüzdən çox müraciət olurdusa, artıq bu rəqəm 5-10 nəfərə enib. Müasir texnologiyaların inkişafı ilə əlaqədar heç kim peşəkar fotoqrafa əlavə pul xərcləmək istəmir. Hamı şəkli telefonla çəkərək elektron variantda saxlamağa üstünlük verir.
Əvvəlki illərlə müqayisədə hazırda foto çapına tələbat olmadığını fotoqraflar da təsdiqləyirlər. Onların sözlərinə görə, hazırda yalnız şadlıq saraylarının yaxınlığında açılan fotostudiyalar nisbətən yaxşı gəlir gətirir. Amma «ağıllı telefonlar»ın kəşfi bu sahəni də sıradan çıxarır.
«Fotostudiyaların əsas gəlir mənbəyi toy və banketlər idi. Amma indi toylar azalıb, ad günlərini isə daha çox evdə keçirirlər və öz telefonları ilə çəkirlər. Çünki hazırda smartfonların keyfiyyəti buna imkan verir, həm də belə daha sərfəlidir. Şəkillər elektron formada olur, sonra çəkdiklərini «WhatsApp» vasitəsilə paylaşırlar. Artıq şəkli çap etməyə heç kəs ehtiyac hiss etmir», - deyə fotoqraf Camal İsmayılov bildirir.
Fotoşəkillərin çapında qiymətlərin bahalaşması da fotostudiyaların fəaliyyətinə öz təsirini göstərib. Əvvəllər ən ucuz foto çapının qiyməti 20 qəpik idisə, hazırda 10x15 ölçüdə şəkil üçün bu qiymət 30 qəpikdir. Albom və «vinyetka» çapı isə 50-70 manatdan başlayır, viza və digər sənədlər üçün tələb olunan kağız fotonun qiyməti 2-3 manat arasında dəyişir.
Xatırladaq ki, paytaxtda xüsusi dekorasiyalarla işləyən bahalı fotostudiyaların sayı artıb. Daha çox şəhərin mərkəzində yerləşən bu studiyalarda şəkil çap olunmur və əksəriyyəti 10 şəkildən az fotosessiya üçün müraciəti qəbul etmirlər. Burada qiymətlər saata görə hesablanır və 100-200 manatdan başlayaraq, bir neçə min manata qədər yüksəlir.