vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MUSİQİ  
11:17 | 6 iyun 2018 | Çərşənbə Məqaləyə 3176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səs yarışının həyəcanı

Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi keçirilir

Gülcahan MİRMƏMMƏD, «Mədəniyyət» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

Həftənin ilk günündən Bakıda yüksək və melodik səslərin yarış həyəcanı yaşanır. Bəs necə? Azərbaycanın müstəqillik dövrünün ilk beynəlxalq sənət yarışması olan Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi başlayıb...


Bir təbəssüm yetər ki...

 

İyunun 4-də başlanacaq müsabiqənin yolu əvvəlcə Azərbaycan vokal məktəbinin qaranquşu, SSRİ Xalq artisti, opera səhnəmizin əvəzsiz Koroğlusu, professor  Bülbülün abidəsini ziyarətdən başladı. Bir zamanlar böyük müğənninin yaşadığı, indisə mənzil-muzeyinin yerləşdiyi binanın arxasındakı kiçik xiyabanda, Bülbül prospektindəki abidəsinin yanında toplaşdıq. Şəxsən görənlər də, böyük müğənnini yadigar foto və lentlərindən tanıyanlar da bilir ki, onun üzündən xəfif təbəssüm heç vaxt əskik olmayıb. Elə heykəlinin üzündən də həmin təbəssümlə baxır hər kəsə. Kim deyir ki, heykəllərin üz cizgiləri əbədidir? Bəlkə də elədir, amma ölkənin musiqi ictimaiyyətinin sayılıb seçilən nümayəndələri, müsabiqənin münsifləri, fəxri qonaqları ilə birlikdə ziyarətə gələn, yolu ilk dəfə Bakıdan düşən, bəlkə də ömür boyu Bakının adı onun üçün elə Bülbül adına müsabiqə ilə assosiasiya olunacaq gənc vokalçılar heykəlləşmiş tenorun bu təbəssümünü böyük sənət yoluna çıxan ardıcıllarından ötrü “yolun açıq olsun!” xeyir-duası kimi qarşıladılar.

Bülbül Fondunun prezidenti, Xalq artisti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun səsi düşüncələrdən, gənc vokalçıların içlərindəki həyəcanlarını boğaraq özlərini təmkinli aparmaq cəhdlərinin müşahidəsindən ayırır. O, gənclərə Azərbaycanda sənət adamlarına, görkəmli musiqi xadimlərinin istedadına verilən dəyərdən, onların xatirəsinə bəslənilən ehtiramdan, bu abidənin qoyulma tarixçəsindən danışır...

Ziyarətimiz başa çatır. Yolumuz  M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasınadır. Açılış mərasimi də, müsabiqə dinləmələri də bu məkanda keçiriləcək.

 

Salondakı hər kəs sizin dostunuzdur... 

 

Açılış mərasimində əvvəlcə mədəniyyət naziri Əbülfəs Qarayev və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu səhnəyə çıxdılar.

Nazir çıxışının əvvəlində qeyd etdi ki, artıq 7-ci dəfədir Azərbaycanda beynəlxalq vokal müsabiqəsi keçirilir: “Mən çox şadam ki, müsabiqənin təməli qoyulandan indiyədək keçən illər ərzində bu sənət yarışında uğur qazanmış gənc vokalçılar bu gün Rusiya Böyük Teatrından Nyu-Yorkdakı “Metropoliten-opera”yadək dünyanın ən böyük opera səhnələrində çıxış edirlər. Bu müsabiqə gənc vokalçılar üçün sənət aləminə yaxşı tramplin sayıla bilər. Mən əminəm ki, münsiflər heyəti onadək ölkəni təmsil edən gənc vokalçıların məharətini ədalətlə qiymətləndirəcək, iştirakçılar isə həm münsiflərin qərarından, həm də qonaqpərvərliyi ilə məşhurlaşmış Bakıdan məmnun qalacaqlar”.

Nazir diqqətə çatdırdı ki, builki müsabiqə “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq keçirilir və yubileyin qeyd edildiyi günlərə təsadüf edir. Müxtəlif ölkələrin vokal məktəbləri təmsilçilərinin bu tədbirlərdə iştirakı isə yubileyə beynəlxalq status bəxş edir.

Sonra çıxış edən Polad Bülbüloğlu bildirdi ki, ulu öndər Heydər Əliyevin 1997-ci ildə Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən bu beynəlxalq müsabiqənin təməli qoyulub. Müsabiqənin keçirilməsində Mədəniyyət Nazirliyinin rolunu qeyd edən P.Bülbüloğlu indiyədək keçirilmiş müsabiqələrin tarixi barədə məlumat verdi. O, həmçinin ardıcıl olaraq münsiflər heyətinə başçılıq etmiş, müsabiqənin formatının dəqiqləşməsində xidmətləri olmuş İrina Arxipova, Yevgeni Nesterenko kimi dünya şöhrətli vokalçıların əməyini xüsusi vurğuladı.

Artıq ikinci dəfə Bülbül adına müsabiqənin münsiflərinə sədrlik edən Rusiya Federasiyasının Xalq artisti Sergey Leyferkus isə çıxışında gənc iddiaçılara uğurlar arzuladı. O, nikbin notlara köklənmiş, iştirakçıların həyəcanını azacıq da olsa, azaltmağa hesablanmış çıxışını bir qədər uzaqdan başladı: “İnsanlar əsrlər boyu öz hislərini – kədərini, sevincini ifadə etmək üçün mahnıya üz tutublar. Getdikcə musiqi, ifaçılıq sənəti bizim həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ümidvaram ki, qarşıdakı günlərdə bu salonda yalnız sevinc hisləri səslənəcək. Kimin qalib gələcəyi vacib deyil. Əsas odur ki, siz burdasınız və özünüzü döyüşçü olaraq göstərmək imkanınız var. Biz münsiflər sizi qəlbimizlə dinləyib ürəyimizin səsilə seçəcəyik. Hər birinizə uğurlar arzulayıram”.

 

* * *

 

Qısa fasilədən sonra müsabiqənin I turunun dinləmələrinə start verildi.

Vokalçıların çıxışlarını beynəlxalq jüri – Rusiya Federasiyasının Xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan SSRİ Xalq artisti, professor Fərhad Bədəlbəyli, xalq artistləri, professorlar Siyavuş Kərimi, Murad Adıgözəlzadə, Gürcüstanın Xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan SSRİ Xalq artisti, professor Mariya Stefyuk və Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, Əməkdar incəsənət xadimi Dmitri Vdovin qiymətləndirirdilər.

Müsabiqənin ilk turunda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan 58 nəfər gənc vokalçı iştirak edirdi. Üç hissədən ibrət I turdan sonra 26 nəfər ikinci tura keçdi.

II tura vəsiqə qazananlar arasında Azərbaycandan Əməkdar artist Elnarə Məmmədova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının III kurs tələbəsi Mahir Tağızadə də vardı.

İyunun 5-də müsabiqənin II turu keçirildi. Dinləmələr axşamdan xeyli keçənədək davam etdi və III tura 12 nəfər vəsiqə qazandı. Onların 2-si (Elnarə Məmmədova və Mahir Tağızadə) Azərbaycan təmsilçisidir.

Son turun iştirakçıları iyunun 6-da Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor – Rauf Abdullayev) müşayiəti ilə məşq edəcəklər. İyunun 7-də isə həlledici yarışmada filarmoniyanın səhnəsinə çıxacaqlar.

 İyunun 8-də Heydər Əliyev Sarayında SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Bülbülün 120 illiyinə həsr olunmuş yubiley gecəsi və müsabiqə qaliblərinin iştirakı ilə qala-konsert keçiriləcək.