vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
RƏY, REPLİKA  
14:30 | 13 avqust 2018 | Bazar ertəsi Məqaləyə 7620 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müxalifət canlanmaya inanmır

Partiya sədrləri İlqar Məmmədovun azadlığa buraxılmasına münasibət bildirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

REAL Partiyasının həbsdəki sədri İlqar Məmmədov bu gün azadlığa çıxıb. Şəki Apelyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə keçirilən prosesdə İ.Məmmədov azadlığa buraxılıb.

Qərara əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İ.Məmmədovun barəsində şərti azadlıqdan məhrum etmə qərarı verilib. O, məhkəmə zalından azadlığa buraxılıb, ölkədən çıxışına isə qadağa qoyulub.

Modern.az saytı İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı bir sıra siyasi təşkilatların fikrini öyrənib. İlqar Məmmədovun azadlığa çıxması müxalifət düşərgəsində canlanmaya səbəb olacaqmı?

Müsavat Partiyasının başqanı Arif Hacılı İlqar Məmmədovun azadlığa buraxılmasını müsbət hadisə kimi qiymətləndirib:

“İlqar Məmmədov qondarma ittihamlarla həbsdə idi. Onun həbsdə olması həm qanuna, həm ədalət , ədalət mühakiməsi prinsiplərinə zidd idi. Onun azadlığa çıxması yalnız İlqar Məmmədovun özü, yaxınları üçün yox, Azərbaycan üçün müsbət siyasi hadisədir. İlqar Məmmədovu və onun rəhbərlik etdiyi REAL təşkilatını onun azadlığa çıxması münasibətilə təbrik edirəm və onlara yeni mübarizə uğurları arzulayıram. İlqar Məmmədov həbsdə də öz siyasi fəaliyyətini davam etdirirdi. Ona görə onun azadlığa çıxması ilə əlaqədar hər hansı bir həlledici dəyişikliklərin olacağını düşünmürəm. Yəqin ki, o, buna qədər apardığı siyasi fəaliyyətini bundan sonra da davam etdirəcək. İnanıram ki, İlqar Məmmədovun siyasi mövqeyində dəyişikliklər baş verməyəcək”.

Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, İlqar Məmmədovla bağlı proses hələ davam etməlidir:

“İlk növbədə İlqar Məmmədovu, REAL təşkilatının üzvlərini, o cümlədən doğmalarını-yaxınlarını təbrik edirəm. Və hesab edirəm ki, İlqar Məmmədovun həbsi qeyri-qanuni idi. Bunu illər öncə parlamentdə çıxışlarımda, müsahibələrimdə də demişəm.

Lakin “indi ədalət zəfər çaldı” deyə bilmirəm. Çünki üzərinə sınaq müddəti qoymaqla şərti cəza veriblər. Proses davam etməlidir, İlqara və partiya üzvlərinə uğurlar arzulayıram ki, özlərində güc tapıb mübarizəni davam etsinlər. İlqar Məmmədovun azadlığa çıxmasının müxalifət düşərgəsində hansısa dəyişikliyə səbəb olacağını zaman göstərəcək. Hansı konfiqurasiyalarda birləşmək, mübarizə aparmaq istəyəcəklər, bloklaşmaya münasibət necə olacaq və s. Bu , fəaliyyətdən asılıdır”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, İlqar Məmmədovun həbsxanaya salınmasının heç bir hüquqi əsası yox idi:

“Uzun müddət həbsxanada saxlanmasının da heç bir hüquqi əsası olmayıb. İndiki durumda biz deyə bilərik ki, qanunvericilik , ədalət bərpa olundu. Amma hər halda İlqar Məmmədovun qeyri-qanuni uzun müddət həbsxanada saxlanmasına görə, məsul şəxslər tapılıb cəzalandırılmalıdır. Hər şeydə günahkar müxalifət, vətəndaş ola bilməz”.

S.Cəlaloğlu qeyd edib ki, İlqar Məmmədovun müxalifətçi kimi qeyri-adi potensialının olduğuna inanmır:

“Bunu dəfələrlə demişəm. Onu çox yaxşı tanıyıram – AMİP-də olandan bəri. Onun elə bir qeyri-adi liderlik qabiliyyəti, bacarığı olduğuna inanmıram. Düşünmürəm ki, İlqar Məmmədov Azərbaycan siyasi müxalifətinə hansısa yenilik, dəyişiklik gətirə bilər. Əgər qarşısına belə bir məqsəd qoyubsa, arzusuna çatsın. Onun tərəfdarlarına da bu istiqamətdə müvəffəqiyyətlər arzulayıram. Çünki Azərbaycanda obyektiv söz deyəndə narahat olmağa başlayırlar. Digər tərəfdən xalqı əsassız ümidləndirmək də günahdır. Ölkədə elə liderlər olub ki, siyasətə gələndə böyük ümidlər vəd edib, onun ətrafında ajiotaj yaradıblar. Amma faktiki olaraq fəaliyyətində qısa müddətdən sonra yenilik olmadığı aşkara çıxıb”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, İlqar Məmmədovun azadlığa çıxmağına çox müsbət baxdığını deyib:

“Buna görə Azərbaycan qınaq obyektinə tuş gəlmişdi. Çox sayda beynəlxalq təşkilat Azərbaycanı İlqar Məmmədovun həbsinə görə qınayırdı, sanksiya ilə hədələyirdilər. İlqar Məmmədovu azadlığa çıxması münasibəti ilə təbrik edirəm. O, da bir siyasi təşkilatın sədridir, inanıram ki, bundan sonra dövlət, xalq naminə çalışacaq. Mən də öz müsahibələrimdə İlqar Məmmədovun azadlığa çıxması üçün müəyyən dairələrə müraciət etmişəm ki, Avropa məhkəməsi bu haqda qərar çıxarıbsa, bunu reallaşdırmaq lazımdır. Hər halda onun azadlığa çıxması çox normaldır”.

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib ki, İlqar Məmmədovun həbs edilməsi məsələsi cəmiyyət tərəfindən o qədər də başa düşülmədi, anlaşılmadı.

“Çünki, kütləvi informasiya vasitələrində də bu cür informasiyalar gedirdi ki, İlqar Məmmədov İsmayıllı hadisələrinə ümumiyyətlə qarışmayıb, yalnız hadisələr bitəndən həmin ərazilərdə olub. Digər tərəfdən İlqar Məmmədovun həbsi Avropada da Azərbaycana qarşı müəyyən mənfi fikirlərin yaranmasına səbəb oldu. Avropa Məhkəməsi İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı qərar qəbul elədi. Amma çox təəssüf ki, bu məhkəmə qərarı uzun müddət icra olunmadı. Təbii ki, Avropa psixologiyası ilə yanaşdıqda Azərbaycan haqqında müsbət fikirlər formalaşdırmadı. Düşünürəm ki, insanların bütün hallarda günahsız həbs edilməsi yolverilməzdir. İlqar Məmmədovun azadlığa buraxılması Azərbaycana qarşı Avropada formalaşan mənfi fikirlərin aradan qalxmasına kömək edəcək. Mən düşünürəm ki , Azərbaycanda nə qədər siyasi müstəvidə fikir ayrılığı çox olarsa, bu ancaq inkişafa təkan verər”.

M.Rəhimlininn sözlərinə görə, İlqar Məmmədov Avropa məkanında tanınan şəxslərdəndir.

“Həbs olunana qədər Avropa Şurası yay məktəbinin Azərbaycan üzrə koordinatoru vəzifəsini icra edirdi. Bu da onun Avropada tanınmasına gətirib çıxarırdı. Amma mən düşünmürəm ki, onun azadlığa çıxması Azərbaycanın siyasi müstəvisində ciddi dəyişikliklərə səbəb olacaq. Bəzən mən dəfələrlə şahidi olmuşam ki, hansısa siyasi fiqurun həbsdə olması və ya hansısa siyasi partiyanın qeydiyyata alınmaması onun daha çox inkişafına, tanınmasına təkan verir. Bu baxımdan da hakimiyyət İlqar Məmmədovu həbs etməklə onun Azərbaycanda daha çox tanınmasına, rəhbərlik etdiyi REAL-ın tanınmasına təkan vermiş oldu. Azərbaycanda uzun müddət siyasi fəallıq göstərən şəxslər var, siyasi partiya rəhbərləri var. İndi onlar Azərbaycanın siyasi həyatına çox təsir edirlər. İlqar Məmmədovun Azərbaycanın siyasi həyatına təsiri çox azdır”.

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi şurasının üzvü Əli Orucov bildirib ki, uzun müddətdən sonra İlqar Məmmədovun həbsdən azad olunması təqdirəlayiqdir.

“İlqar Məmmədov əsassız yerə həbs olunmuşdu, cəza çəkirdi. Onun hazırda azadlığa buraxılması tam azadlıq demək deyil, üzərindən bütün cəzalar götürülməyib və şərti cəzaya çıxıb. İstənilən halda müsbət yanaşılır, çox istərdik ki, günahsız insanlar həbsə atılmasın, siyasi əqidəsinə görə həbs olunanlar da azadlığa çıxsın. Bu, hər halda cəmiyyətimizə bir yumşaqlıq gətirir, həm də Azərbaycana beynəlxalq təzyiqlər azalır. Hər halda düşünürəm ki, həm dünya ictimaiyyəti, həm də ölkə ictimaiyyəti bu addımı çox müsbət qarşılayacaq”.

Ə.Orucovun sözlərinə görə, müxalifət düşərgəsində canlanmanın olması üçün əhalinin fəallığı vacibdir.

“Bunlar olmadan fərdlər təkbaşına nəyisə etmək iqtidarında deyillər. Hər halda mən düşünürəm ki, üzü payıza doğru ölkədə siyasi canlanma olacaq. Bu həm daxili faktorlar, həm də xarici faktorlarla əsaslandırılır. İstərdim ki, fəallaşma, aktivlik ölkənin inkişafı istiqamətində getsin. Biz hər hansı bir qarşıdurmanı, xaosu istəmirik”.

Qafar AĞAYEV