Böyük cərimələr gəlir
... 400 deyil, 1000 manat ödəyəcək
Azərbaycanda kassa çekindən istifadə etməməyə görə, cərimələrin məbləği kəskin artırılır. Bu Vergi Məcəlləsinə gələn ildən qüvvəyə minəcək düzəlişlərdə nəzərdə tutulur.
Belə ki, qüvvədə olan Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə yol verildikdə 800 manat, üç və daha çox dəfə yol verildikdə isə 1200 manat məbləğində cərimə tətbiq edilirdi. İllik dövriyyəsi 200 min manatdan artıq olan mağaza və restoranlarda isə bu cərimələr müvafiq olaraq 2000, 4000, 6000 manat məbləğində idi.
Təklif olunan dəyişikliyə görə isə, 2019-cu ildən etibarən bu pozuntuya görə bütün vergi ödəyiciləri eyni məbləğlərdə cərimə ödəyəcəklər. Belə ki, il ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha artıq hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.