4 bank bağlanır?
Natiq Cəfərli: “Ödəmə qabiliyyətini itirib ...”
Həftə Azərbaycan bank sektoru və ümumilikdə ölkə iqtisadiyyatı üçün maraqlı xəbərlə başladı. Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunub.
Bu qərar nə mənaya gəlir? Adları çəkilən bankların və oradakı əmanətlərin taleyi necə olacaq? Bu sualları ekspertə ünvanladıq.
İqtisadçı Natiq Cəfərli bildirdi ki, “Atabank”, “AGBank”, “NBCBank” və “Amrah Bank”ın uzun aylardır ciddi problemləri var idi:
“Son aylar hətta vətəndaşlar depozitlərini də geri çəkə bilmirdilər. Əslində “çürük” bankların bazardan çıxarılması gecikdirilirdi, bu, daha əvvəl verilməli qərar idi. Bu gün alınan qərarla hər 4 banka müvəqqəti inzibatçılar təyin olunub. Qanuna görə, müvəqqəti inzibatçı – maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təyin edilən, ödəmə qabiliyyətini itirmiş banklar üçün nəzərdə tutulur. Deməli, hər 4 bank artıq ödəmə qabiliyyətini itirib və 30 təqvim günü ərzində müvəqqəti inzibatçılar bankların ləğvedilmə planını təqdim etməli, aktiv və passivlərini hesablamalıdır. 30 gündən sonra banklarla bağlı növbəti qərar olacaq, çox güman, depozitlər Əmanətlərin Sığortalanması Fondu vasitəsilə ödəniləcək, ilk olaraq fiziki şəxslərin depozitləri qaytarılacaq. Amma problem budur ki, ƏSF-da indi vəsait sıfıra yaxındır, çox güman, Mərkəzi Bank Fonda kredit xətti açacaq”.
Ekspertin fikrincə, hüquqi şəxslərin depozit və cari hesablarında olan vəsaitlərin qaytarılması daha uzun çəkə bilər”.