Artımlar nə qədər olacaq?
Millət vəkili pensiya sərəncamını şərh etdi
“Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla pensiya məbləği və eləcə də kapitalının indeksasiyası ilə yanaşı, əmək pensiyaçılarına rüblük yardımların edilməsi də nəzərdə tutulub. Yardım COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılmasına xidmət edir”.
Bu fikirləri iqtisadçı millət vəkili Vüqar Bayramov ölkə başçısının 8 fevral 2022-ci il tarixli “pensiya sərəncamı”nı şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, əmək pensiyasının məbləği 2021-ci ildəki orta aylıq əməkhaqqı məbləğinə, pensiya kapitalı isə illik inflyasiya səviyyəsinə indeksasiya olunacaq.
“Ötən il orta aylıq əmək haqqı 3.4 faiz artıb, rəsmi inflyasiya səviyyəsi isə 6.7 faiz olub. Qeyd edək ki, indeksləşdirilmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.
V.Bayramov deyib ki, sənəddə əmək pensiyaçılarına il ərzində yardımın nəzərdə tutulması həmin vətəndaşların sosial təminatının gücləndirilməsi baxımdan vacib addımdır.
“Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yanvar ayı üçün nəzərdə tutulan indeksasiya artımı da fevral ayının pensiyası ilə birlikdə ödəniləcək”.
Deputat bildirib ki, son sərəncamda nəzərdə tutulan yardım orta pensiya alan vətəndaşların pensiya məbləğlərində artımlara təsir göstərəcək:
“Belə ki, bu, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində aylıq olaraq orta hesabla 17 manata (200 manat/12) yaxın əlavə deməkdir. Bu, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində 6.6 faiz artım deməkdir (17 manat/250 manat X 100 faiz). İndeksasiya faizini də nəzərə aldıqda bu, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin son sərəncamla 10.0 faiz (6.6 faiz +3.4 faiz) artacağı anlamına gəlir.
Nəzərdə tutulan yardım 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində isə 5.6 faiz artım deməkdir (17 manat/300 manat X 100 faiz). İndeksasiya faizini də nəzərə aldıqda bu 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin 9.0 faiz (5.6 faiz +3.4 faiz) artmasıdır”.
Deputat bildirib ki, sənədlə Nazirlər Kabinetinə bir ay müddətində maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb.
Eyni zamanda, sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir.
“Belə ki, dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və başqalarından ibarətdir. Yeni sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamalarına görə, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92 faizini və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək”.