Aşağı dəhlizin perspektivləri
Dünyanın diqqəti, bizim isə ürəyimiz Zəngilandadır
Ad olaraq “Zəngilan Beynəlxalq Hava Limanının açılışı” olsa da əslində mahiyyət daha dərindir. Yoxsa, hazırda qana susamış tərəflərin – Rusiya və Qərbin arasında dayanan Rəcəb Tayyib Ərdoğanın Zəngilanda nə işi vardı? Yəni mahiyyət aeroportdan daha böyükdür.
Bu hava limanı gələcək təkrar böyüdülərək və Azərbaycanın əsas Bakı hava limanı ilə rəqabət apara biləcək hava limanına çevriləcək. Düzdür, göstəriciləri yaxşıdır. Uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, terminalın buraxılış qabiliyyəti saatda 200 sərnişindir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcəkdir. Amma sülh müqaviləsindən və zərərli qonşuların zərərsizləşdirilməsi proseslərindən sonra bu hava limanı 200 sərnişinlə kifayətlənməyəcək.
İkincisi ona görə ki, söhbət Zəngilandan gedir. Zəngəzur dəhlizi açılacağı təqdirdə bu rayon Azərbaycanın ən inkişaf etmiş rayonuna çevriləcək. Şuşa mənəvi mərkəz olsa da, Zəngilan iqtisadi güc mərkəzi olacaq. Yaranacaq vəziyyət özü tədricən Zəngilana belə bir mərkəzə çevirəcək.
Bunun da müəyyən ciddi səbəbləri var.
Şərq Qərb dəhlizi haqda eşitməyən yoxdur. Amma bu dəhlizin özü də 3 fərqli marşrutlar üzrə uzanır. Bu dəhlizlər belə adlanır. Yuxarı dəhliz, Orta dəhliz və Aşağı dəhliz.
Yuxarı dəhliz marşrutu: Çin-Yaponiya-Cənubi Koreya-Rusiya-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa;
Orta dəhliz marşrutu: Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa;
Aşağı dəhliz marşrutu: Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz-Avropa.
Göründüyü kimi bu 3 marşrutun heç biri işğaldan azat etdiyimiz ərazilərdən keçmir. Hazırda ən aktual və işlək olan orta dəhliz hesab edilir. Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.
Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.
Amma bu dəhliz Zəngilan rayonundan, Zəngəzur dəhlizindən keçərək Türkiyəyə getsəydi, bu zaman Gürcüstandan keçməzdi. Bu isə daha az zaman, daha qısa yol, daha az xərc deməkdir.
Perspektiv hədəflər də budur.
Hələ Orta Asiya ölkələri ilə getdikcə artan əlaqələr, gələcəkdə Aşağı dəhlizin imkanlarını genişləndirəcək. Qırğızıstan, Özbəkistan və Türkmənistanın da Avropaya çıxışları Aşağı dəhlizin Zəngilan marşrutu üzrə baş tutacaq. Bu da işğaldan azad edilmiş ərazilərə öz xeyrini verəcək.
Hələ bu da son deyil. Türkiyənin Orta Asiyaya çıxışı məsələsi də var. Türkiyə ötən il 496 milyard dollarlıq bir ticari dövriyyəsi olan ölkədir. Orta Asiya ölkələrinin xüsusi çəkisi çox bərbad səviyyədədir. Niyə? Ona görə ki, logistic imkanlar məhduddur. Zəngəzur layihələri reallaşandan sonra Orta Asiya ilə Türkiyəni ayıran ciddi maneə aradan qalxacaq. Vahid Türk dünyasının inteqrasiya problemi həll olunacaq, böyük ticari dövriyyələr formalaşacaq.
Bir sözlə, kimi hansı kontekstdən baxsaq, Zəngilanın regionun digər inzibati rayonlarını inkişaf baxımından geridə qoymaq şansı böyükdür. İllər sonra isə Zəngilanda dəniz sahilində olmayan Azərbaycanda birinci, dünyada isə az saylı Azad İqtisadi Zonalardan birinin yaradılması mümkündür. (Lazımdır!).
Göründüyü kimi gələcək haqqında xeyli müsbət məqamlar var. Amma ilk növbədə regionun taleyini dəyişəcək “sülh müqaviləsi”nə ehtiyac var. Azərbaycan tərəfinin müharibə bitdikdən sonra apardığı diplomatiya onu deməyə əsas verir ki, həmin sülh elə də uzaq deyil.