Sayları 56 oldu
Qiymətləndiricilərin sırası genişlənir
Daha iki qiymətləndirmə şirkəti Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) üzv olub. Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, “Max Consulting” MMC və “Lider Property” şirkətlərinin cəmiyyətə qoşulması ilə AQC-yə üzv qiymətləndirmə şirkətlərinin sayı 56-ya çatıb. Bununla bağlı qərar AQC-nin İdarə Heyəti tərəfindən qəbul olunub.
Xatırladaq ki, Azərbaycan Qiymətləndirmə Cəmiyyəti (AQC) 1999-cu ildə təsis olunub və ölkəmizin ilk kollektiv ictimai birliklərindən biridir. Bu ilin mayında keçirilən konfransdan sonra isə cəmiyyət öz fəaliyyətini genişləndirib. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının yeni qanunu ilə bağlı müzakirələrdə fəal iştirak edən AQC rəhbərliyi bu məqsədlə müxtəlif dövlətlə qurumlarında, son olaraq isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə görüşlər keçirib. Eyni zamanda beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi və milli qiymətləndirmə standartının yaradılması ilə bağlı təşəbbüs və təkliflə çıxış edib. Beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqlar qurmağa müvəffəq olan cəmiyyət sədrinin Türkiyə üzrə xüsusi təmsilçisi təyin edilib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri “Vecon” şirkətlər qrupunun təsisçisi və tanınmış iqtisadçı ekspert Vüqar Orucdur.